Hacı İlqar İbrahimoğlu: “Həcc məsələsi ilə bağlı qərarlar bir ölkənin üzərində qalmamalıdır”
Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanı hökuməti koronavirus səbəbindən İslamın müqəddəs şəhərləri Məkkə və Mədinəyə bu il Həcc ziyarətini ləğv edib. Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri üzrə Nazirliyinin məlumatında deyilir. “Koronavirus pandemiyası səbəbindən bu il Həcc ölkə ərazisindəki müxtəlif milliyyətlərdən olan zəvvarların məhdud sayda iştirakı ilə təşkil olunacaq”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı ərəb ölkələri arasında koronavirusa yoluxma sayına görə ilk yeri tutur. Ölkədə 161 min 5 nəfər virusa yoluxub, 1307 nəfər dünyasını dəyişib.
Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi də məlumat yayaraq bildirib ki, bu il Həcc ziyarətinin ləğv olunması ilə bağlı Səudiyyə Ərəbistanından rəsmi bildiriş gəlib.
Qeyd olunub ki, bu səbəbdən Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu da ləğv edilib. Həcc ziyarəti üçün ödəniş edənlərin vəsaitlərinin özlərinə qaytarılmasına başlanılıb. Ziyarət üçün ödənilən vəsait tam şəkildə birdəfəlik ödəmə ilə şəxsin özünə qaytarılacaq.
Vurğulanıb ki, 250-yə qədər insan Həcc ziyarətinə getmək üçün müraciət etmişdi və onlardan 150 nəfərə qədəri ödənişi etmişdi. Artıq ödənişlərin qaytarılmasına başlanılıb və hər kəsin vəsaiti özünə veriləcək.
Qeyd edək ki, Azərbaycanda karantin rejimi tətbiq olunana qədər 250-dən çox insan Həcc ziyarətinə getmək üçün müraciət edib. Martın 24-dən Həcc ziyarətinə sənəd qəbul edilmir. Ümumilikdə isə Həcc ziyarətinə sənəd qəbuluna yanvarın 27-də başlanmışdı. Ziyarətin qiyməti 4 490 dollar idi.
Hər nə qədər zərurətdən doğsa da, Həcc ziyarətindən məhrum qalmaq müsəlmanlar üçün arzuolunan deyil. Lakin dünyada pandemiyanın hökm sürməsi və sərhədlərin bağlı olması bu ehtimalı artırırdı.
Azərbaycanlı ilahiyyatçılar da builki Həcc ziyarəti ilə bağlı qərarın gözlənilən olduğunu deyirlər.

Lakin ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu məsələdə onu narahat edən başqa məqam da var. İlahiyyatçının sözlərinə görə, Həcclə bağlı bütün qərarlar bir ölkənin üzərində olmamalıdır: “Həcclə bağlı bütün dünya müəlmanlarını əhatə edən bir komissiya olmalıdır və bütün dövlətlər orada təmsil olunmalıdır. O komissiya bu cür qərarları verməlidir. Təəssüf ki, belə bir qurum yoxdur və bunun özü gələcəkdə də yanlış situasiyalar yarada bilər. Ona görə də, hesab edirəm ki, yeni çağırışlar olmalıdır, bütün ümmətə aid olan Həcc məsələsi ilə bağlı qərarlar bir ölkənin üzərində qalmamalıdır. Bu bütün müsəlmanlara aid olan məsələ olduğu üçün dünyanın bütün müsəlman dövlətlərinin nümayəndələrinin iştirak etdiyi komissiya sözügedən prosesə qərar verməlidir”.
Məsələnin digər tərəfinə gəlincə, İ.İbrahimoğlu qeyd etdi ki, hazırda dünyada pandemiya aktualdır, o baxımdan Həcc mərasimi ilə bağlı məhdudiyyət gözlənilən idi: “Əksər dövlətlər, o cümlədən Azərbaycan xarici səfərlərlə bağlı öz vətəndaşlarına məhdudiyyət qoyub. Ona görə də bu situasiyada belə bir qərarın verilməsi gözlənilən idi. Tarixdə bu ilk hadisə deyil, Həcclə bağlı bu cür situasiyalar fərqli səbəblərdən əvvəllər də yaranıb. Şəriət hökmləri baxımından Həccin hər bir müsəlman üçün vacib olması, mümkünlük və qadirlik şərtlərinə bağlıdır. Bugünkü vəziyyətdə hər bir müsəlmanın üzərində vaciblik mövzusu da aradan qalxmış olur. Bütün hallarda hesab edirəm ki, Həcc kimi mövzuda bütün İslam ümmətinin maraqlarını təmsil edən bir komissiya olmalı, gələcəkdə baş verə biləcək yanlışları önləmək üçün bu komissiya qərarları verməlidir”.
