Dəyən zərər qarşılanacaqmı?
Azərbaycanın yaxın qonşuları olan Türkiyə və Rusiyada güclü yağışlar böyük sel fəlakətlərinə səbəb olub. Türkiyənin Bursa vilayətində güclü yağışlar nəticəsində 4 nəfər ölüb, 1 nəfər itkin düşüb. Türkiyənin daxili işlər naziri Süleyman Soylu bölgəyə gedib.
Moskvada bir gündə - iyunun 21-də aylıq normanın 70 faizi həcmində yağış düşüb, şəhərin yeraltı keçidləri, küçələri sellə dolub.
Azərbaycanda da son iki gündə qeyri-sabit hava şəraiti müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 22-si səhərədək əsasən şimal və qərb rayonlarında hava şəraiti qeyri-sabit olub. Daşkəsən, Gədəbəy, Göygöl, Zaqatala, Tərtər, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Xınalıq, Şahdağ, Balakən, Qəbələ, Yevlax, Cəfərxan, Kişçayda şimşək çaxıb, yağış yağıb.
Düşən yağışın miqdarı Gədəbəydə 16 mm, Xınalıqda 10 mm, Kişçay (Şəki), Daşkəsəndə 8 mm, Şahdağ, Sarıbaşda (Qax) 7 mm, Zaqatala, Qrızda 6 mm, Sabirabadda 4 mm, Şəki, Ordubadda 3 mm, Lerikdə 2 mm, Naxçıvan, Göygöl, Gəncə, Balakən, Qəbələ, İsmayıllı, Xaltan, İmişli, Kürdəmir, Cəfərxan, Biləsuvar, Yardımlı, Bakı, Zabrat, Maştağada 1 mm olub.
İyunun 21-də Zaqatala rayonunun Yuxarı Tala kəndinə saat 18:00 radələrində, Gədəbəy rayonunun Arıxdam, Marif, Qaradağ kəndlərinə saat 14:43-15:05 radələrində, Qəbələyə saat 18:55-19:00 radələrində xırda dənəli dolu düşüb.
Şimal küləyi arabir Daşkəsəndə 25 m/s, Gəncə, Naftalanda 24 m/s, Ağstafada 22 m/s, Göygöl, Şabran, Tərtərdə 16 m/s, Şəmkirdə 15 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda 15-20 m/s, arabir 28 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4 metrə çatıb.
Temperatur iqlim normasından 4 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 28-31, aran rayonlarında 32-39, dağlıq rayonlarda 24-27, Naxçıvan MR-da 29-36 dərəcə isti olub.
Dünən saat 11:50 radələrində Gədəbəy rayonunda ildırım çaxıb, leysan xarakterli yağış yağıb, diametri 8 mm olan dolu düşüb.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında həftənin birinci yarısında mülayim cənub küləyinin sürəti 5-10 m/s, arabir 12-15 m/s olacaq. Havanın temperaturu 31-36 dərəcə isti təşkil edəcək. Həftənin sonunda isə hava şəraitinin qeyri-sabit keçəcəyi, iyunun 25-i gündüzdən 27-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi, bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək, 24-26 dərəcə isti olacaq.
22-25 iyunda Azərbaycanın bəzi şimal və qərb rayonlarında, həftə sonunda isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, iyunun 25-27-də isə ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 35-39, iyunun 26-27-də ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 28-33 dərəcə isti olacaq.
Qeyd edək ki, son 2 gündə müşahidə olunan dolu və güclü külək Qərb bölgəsində ev təsərrüfatlarına böyük zərər vurub: onlarla evin dam örtüyü dağılıb, yetişməmiş meyvələr yerə tökülüb, tərəvəz sahələri dağılıb. Bu şəraitdə həm əhaliyə, həm də biznesə dəyən zərərin kompensasiya olunması gözləniləndir. Artıq Qərb rayonlarında yerli fövqəladə hallar komissiyası küləyin səbəb olduğu dağıntılar barədə məlumatları toplamağa başlayıb. Dağılan dam örtüklərinin bərpa olunacağı gözlənilir. Lakin vətəndaşların əkinlərinə, meyvə bağlarına dəyən zərərin bu komissiya vasitəsilə qarşılanması gözlənilən deyil. Ən azından indiyədək Azərbaycanda belə təcrübə demək olar ki, qeydə alınmayıb.

Təbii fəlakətlərin kənd təsərrüfatına vurduğu zərərin əvəzinin ödənilməsi aqrar sığorta sistemi inkişaf etmiş ölkələrdə mümkün olur. Azərbaycanda isə aqrar sığortanın tətbiqinə bu ildən başlanıb. Belə ki, ölkə Prezidenti 2019-cu ilin avqustunda “Aqrar sığorta haqqında” Qanunun tətbiqi, həmçinin Aqrar Sığorta Fondunun yaradılmasını nəzərdə tutan fərman imzalayıb. Fərmana əsasən “Aqrar sığorta haqqında” qanun bu il yanvarın 1-dən qüvvəyə minib.
Ötən ilin dekabrında Nazirlər Kabineti Aqrar Sığorta Fondunun nizamnaməsini təsdiq edib.
Ölkə başçısının fərmanına əsasən yaradılan fond qeyri-kommersiya hüquqi şəxs olmaqla, “Aqrar sığorta haqqında” Qanunun 8.2-ci maddəsinə uyğun olaraq Azərbaycanda aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin və onun fəaliyyətinə nəzarəti həyata keçirəcək.
Aqrar Sığorta Fondunun nizamnamə kapitalının formalaşması üçün 2019-cu ilin dövlət büdcəsindən 1 milyon manat, 2020-ci ilin dövlət büdcəsindən 5 milyon, 2021-ci ilin dövlət büdcəsindən isə 3 milyon manat ayrılması nəzərdə tutulur.
Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən (2 nəfər KTN, 1 nəfər Maliyyə Nazirliyi, 1 nəfər Mərkəzi Bank, 1 nəfər isə fermerlər assosiasiyasından) ibarət Himayəçilik Şurasına KTN nümayəndəsi rəhbərlik edəcək.

Fuad Sadıqov
Fevral ayında Fuad Sadıqov Fondun İdarə Heyətinə sədr, Firdovsi Ağaşirinov isə sədrin müavini təyin olunub.
Qeyd edək ki, Azərbaycanda aqrar sığortanın dövlət-özəl əməkdaşlığına əsaslanan Türkiyə modeli - TARSİM-ə yaxın model tətbiq olunacaq. Qanun aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyir, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Qanuna əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçıları aqrar sığorta predmetləri üzrə təbiət hadisələri, o cümlədən təbii fəlakətlər, yanğın, qəzalar, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu və nəhayət, üçüncü şəxslərin hərəkətləri kimi risklərin bir və yaxud bir neçəsindən sığorta qaydalarına əsasən sığortalanır.

Firdovsi Ağaşirinov
İlkin mərhələdə aqrar istehsalçıların sığorta haqqının 50 faizini dövlət ödəyəcək. Bu, məhsuldan asılı olaraq dəyişə biləcək. Aqrar Sığorta Fondunun ilkin nizamnamə kapitalı olaraq KTN mütəxəssisləri 9 milyon manatın tələb olunduğunu bildirmişdilər. Belə ki, bu sahədə subsidiyalaşdırma üçün 1-ci il 8,5 milyon manat, 2-ci il 10 milyon manat, növbəti illərdə 12,5-13 milyon manat vəsait lazım olacağı proqnozlaşdırılır. Aqrar sığorta mexanizminin tam gücü ilə işləyəcəyi 10-cu ildən sonra isə həmin məbləğ azalacaq. Çünki bu növ sığorta özünü maliyyə cəhətdən təmin edəcək.
Aqrar sığorta mexanizminin formalaşması prosesi başa çatmadığına görə bu il də Azərbaycan fermer və ev təsərrüfatları təbii fəlakətlərin vurduğu zərər qarşısında aciz qalmaqda davam edəcək.
