Qabil Hüseynli: “Sanki hansısa planı gerçəkləşdirməyə zəmin hazırlayır”
“Rossiya 1" telekanalında yayımlanan ”Moskva. Putin. Kreml" verilişində prezident Vladimir Putin Sovet İttifaqının yaranması zamanı onun üzvü olan respublikaların bir çoxunun “Rusiyadan torpaq aldığını” deyib. Putin çıxışında hələ də həmin “tarixi rus torpaqları”nın bu respublikaların tərkibində olduğunu bildirib. Rusiya prezidentinin fikrincə, bu respublikaların hər biri SSRİ-ni tərk edərkən, Rusiya xalqından hədiyyələr aparmamalı və çıxdığı ilə getməli idi. Putin hansı respublikaları və hansı torpaqları nəzərdə tutduğunu söyləməyib.
Bəs Putinin bu açıqlaması, “qədim rus torpaqları” söhbətini gündəmə gətirməsi hansı dövlətə və ya dövlətlərə mesajdır?
Politoloq Qabil Hüseynli
Politoloq Qabil Hüseynli bildirdi ki, Putin bu açıqlama ilə SSRİ-nin hansısa adda bərpası iddiasından əl çəkmədiyini nümayiş etdirib. Həmçinin keçmiş SSRİ respublikalarına “İstənilən an üzərinizə yürüməyə əlimizdə əsas var” mesajını göndərmək məqsədi güdüb: “Rusiya prezidentinin bu bəyanatı çox ciddi məsələdir. Sanki hansısa planı gerçəkləşdirməyə zəmin hazırlayır. Keçmiş SSRİ-nin tərkibində olan indi müstəqil olan respublikaların bir çoxunun ərazisində separatizm ocaqları onsuz da uzun illərdir mövcuddur. Bu səbəbdən həmin respublikalar, o cümlədən Azərbaycan öz tarixi torpaqlarının bir hissəsini itiriblər. Belə görünür ki, Moskva bununla da kifayətlənmək niyyətində deyil. Hansısa respublikaya və respublikalara torpaq iddialarının olduğunu söyləyir. Bu, həm də həmin respublikalara Rusiyadan uzaqlaşmamaq xəbərdarlığı da sayıla bilər. Bilirsiniz ki, son zamanlar Belarus və Qazaxıstan Rusiyadan uzaqlaşan müəyyən addımlar atmağa meyllənib. Putinin Azərbaycanı nəzərdə tutduğunu zənn etmirəm. Çünki Putin də yaxşı bilir ki, əslində Azərbaycanın bir sıra tarixi torpaqları hazırda Rusiyanın ərazisinə daxildir”.

Politoloq Elxan Şahinoğlu
Politoloq Elxan Şahinoğlu bildirdi ki, “Rusiyadan qoparılan torpaqlar” deyərkən, hər halda, Azərbaycana mesaj vermir: “Rusiya Putinin hakimiyyəti dövründə Abxaziyanı, Cənubi Osetiyanı, Krımı ilhaq edib, Ukraynanın şərqində separatçı bölgə formalaşıb. Putin Qazaxıstanamı işarə edir? Çünki o və digər rus rəsmiləri, o cümlədən bir qrup millətçi tarixçi hesab edir ki, guya tarixdə Qazaxıstan adında dövlət olmayıb və bu dövlətin bir hissəsi ”qədim rus torpaqlarıdır". Putin Qazaxıstandan həmin torpaqları necə tələb edə bilər? Axı Qazaxıstan Rusiyaya zidd siyasət yürütmür, əksinə, Astana Moskva ilə strateji tərəfdaşlığa sadiqdir. Azərbaycan illər boyu torpaqlarını itirə-itirə gedib. Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, tarixi torpaqları ilə həmsərhəddir. Məsələyə Putinin məntiqi ilə yanaşsaq, biz də deməliyik ki, qonşularımız müstəqilliklərini əldə edərkən, tarixi Azərbaycan torpaqlarından imtina etməliydilər, özləri ilə aparmamalı idilər. Bu sözlər Rusiyanın sahib olduğu qədim Azərbaycan torpağı olan Dərbəndə də aiddir. Ona görə də Putinin son açıqlamasının Azərbaycana aidiyyəti yoxdur, Azərbaycanın ərazisində “rus torpaqları” yoxdur, əksi var".
