|
“Rusiyada Putini əvəz edəcək şəxs yoxdur” - politoloqdan şərh

Elxan Şahinoğlu: “O, hakimiyyətdə uzun müddət qalacaqsa, varis haqqında niyə düşünsün ki?”

Rusiyada iyulun 1-də keçiriləcək konstitusiya referendumu dünya mediasının gündəmindədir. Yada salaq ki, konstitusiyaya əsas siyasi dəyişikliklərə əsasən, məmurlar, deputatlar və digər vəzifəli şəxslərin xarici ölkənin vətəndaşı olması və ya xarici ölkədə yaşamaq hüququna malik olması qadağan ediləcək.

Prezident olmaq istəyən şəxs Rusiyada ən azı 25 il yaşamalı (indi bu müddət 10 ildir-red.) və nə namizədliyi dövründə, nə də ondan əvvəl xarici vətəndaşlığı olmamalıdır. Bundan əlavə, konstitusiyanın bir şəxsin iki müddət seçilmə hüququ barədə bəndindən “ard-arda” sözü götürüləcək. Musavat.com xəbər verir ki, bundan başqa, Rusiya Federal Məclisinin səlahiyyətləri genişləndiriləcək. Prezidentin baş nazirin namizədliyini rədd etmək hüququ olmasa da, onu işdən azad etmək səlahiyyəti qalacaq. Güc strukturları rəhbərlərini prezident Federasiya Şurası ilə razılaşdırdıqdan sonra təyin edə biləcək.

Vladimir Putinin hakimiyyətdə qalmaq müddəti 2024-cü ildə başa çatır və ölkəsinin konstitusiyasına uyğun olaraq, o, bir daha prezident seçilə bilməzdi.

Qeyd edək ki, 2024-cü ildə Rusiya liderinin 71 yaşı olacaq. Bu yaş isə hazırda hakimiyyətdə olan bir sıra prezidentlərlə müqayisədə Putinə yenidən kürsüsündə qalmaq şansı verir. Konstitusiya referendumuna qədər Putinin gələcək taleyi ilə bağlı xeyli iddialar vardı. Məsələn, iddia olunurdu ki, Putin prezident postundan getməyi planlaşdırır, amma bunun əvəzinə daha bir vəzifə - Rusiya və Belarusun birləşdiyi dövlətin başçısı postunu tutacaq. Eyni zamanda onun hakimiyyəti ötürmək üçün varis planı üzərində düşündüyü deyilirdi.

Həmin varislər sırasında adı çəkilənlərdən biri də hazırda Dövlət Dumasının spikeri olan Vyeçeslav Volodin idi. Volodin isə gözlənilmədən konstitusiya dəyişikliyi ilə bağlı məqalə ilə çıxış etdi. Volodini Kremlin ideya generatoru, ideya babası da adlandırırlar. Bildirilirdi ki, Volodinin məqaləsi Kremlin ortalığa atdığı özünəməxsus nəbz yoxlaması idi.

Prezidentlikdə qalmaq müddətinin ləğv edilməsi və Putinin daha altı il hakimiyyətdə qalmasına imkan yaratmağı da özündə ehtiva edən dəyişikliklər təklifinə bütün Rusiya siyasətçiləri öz fikirlərini bildirdilər. Amma Putindən başqa. Qərb mətbuatı o zaman yazırdı ki, Putin öz mövqeyini elan etmək üçün əlverişli anı gözləyir. Nəhayət, 2020-nin yanvar ayının 20-də Federasiya Şurasına illik müraciətində Putin hakimiyyətdə qalmaq üçün konstitusiyaya dəyişikliklər təklifi ilə çıxış etdi.

Rusiya Dumasının spikeri V.Volodin bir neçə gün sonra keçiriləcək referendum haqda gazeta.ru saytına geniş müsahibə verib. Volodin deyib ki, konstitusiyaya edilən dəyişiklikləri Rusiyanı daha da gücləndirəcək, çünki bunlar cəmiyyətin tələbidir.

Spiker bildirib ki, Vladimir Putindən sonra da onun qurduğu sistemi davam etdirəcək və ölkənin əsas qanununa edilən dəyişikliklər Rusiyanı daha da gücləndirəcək. Onun sözlərinə görə, gələcək dövlət başçısı hazırkı prezidentin kursunu davam etdirəcək: “Əgər güclü Rusiya haqqında danışırıqsa, onda Putindən sonra yenə Putin olacaq. Prezident Putindən sonra baş verən hər şey onun qoyduğu siyasi iradənin davamı olacaq. Rusiya yalnız bu halda güclü ola bilər”.

Elxan Şahinoğlu: “Bu plan bölgədəki gərginliyi artıra bilər”

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Putinin son açıqlamasını diqqətlə izlədiyini bildirdi: “O, varis barədə hələ düşünmür. Niyə də düşünsün axı? İyulun 1-də konstrirusiya dəyişiklikləri ilə bağlı referendum keçiriləcək və referendumda Putinin istədiyi nəticə əldə olunacaq. 2036-cı ilə kimi prezidentliyini rahat şəkildə davam etdirəcək. Özü də dedi ki, mən indi varisin adını çəksəm, problemlər yaşana, aləm qarışa bilər. Yəni Putun hakimiyyətdə uzun müddət qalacaqsa, varis haqqında niyə düşünsün ki?” E.Şahinoğlu Azərbaycanın Putin amilinə önəm verməsini təbii sayır: “Biz özümüz də Putinlə necə ki, əvvəlki illərdə münasibətlərimiz olub, bundan sonra da o münasibətlərimizin davamına çalışacağıq. Bizimçün də bəllidir ki, Rusiyada Putuni əvəz edəcək şəxs yoxdur”.

Politoloq eyni zamanda əlavə etdi ki, Rusiya prezidenti hələ də SSRİ-nin xisləti ilə yaşayır: “Onun 4 ildə SSRİ ilə bağlı dediyi 3 əsas fikri xatırlatmaq istəyirəm. 2016-cı ildə səsləndirdiyi birinci fikir: ”SSRİ-ni dağıtmaq lazım deyildi". 2020-ci ilin aprelində səsləndirdiyi ikinci fikir: “SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır”. 2020-ci ilin iyununda, yəni bir neçə gün əvvəl səsləndirdi üçüncü fikir: “Respublikalar SSRİ-ni tərk edərkən, rus xalqından hədiyyələr - torpaqlar aparmamalı və çıxdığı ilə getməli idi”. Putin bu açıqlamalarıyla nə demək istəyir? SSRİ-ni bərpamı etmək istəyir, yoxsa öz təbirincə desək, “rus xalqına məxsus torpaqları” qonşularından geri almaq haqqında planlarmı qurur? Məsələ burasındadır ki, Putindən başqa vaxtilə SSRİ-yə daxil olan heç bir ölkənin lideri keçmiş imperiyanın bərpasını istəmir. SSRİ-nin bərpası yalnız güc yoluyla mümkündür, bu isə yeni müharibələr deməkdir".

E.Şahinoğlu qeyd etdi ki, Putinin “Rossiya 1" telekanalında dünən yayımlanan ”Moskva. Putin. Kreml" verilişində SSRİ ilə bağlı açıqlamasını diqqətlə izləyib: “Putin jurnalistin suallarına cavab verərkən mövzuya dəxli olmadan qəfil keçdi keçmiş SSRİ-yə. Putin ”Rusiyadan qoparılan torpaqlarla" bağlı cümlələrini yüksək tonda və elə aramla dedi ki, sanki qonşularına mesaj göndərdi. Bu, əvvəlcədən düşünülmüş idi, hətta operatora tapşırıq verilmişdi ki, Putin “Rusiyadan qoparılan torpaqlarla” bağlı cümlələrini deyərkən Kreml sahibi ekranda geniş planda göstərilsin. Putinin mesajından belə çıxır ki, o, Rusiyanın qonşularına məxsus “torpaqları” geri almaq barədə düşünür.  Vladimir Putin iyulun 1-də keçiriləcək referenduma hazırlaşır. Aydındır ki, nəticə onun xeyrinə olacaq və Putin yeni konstitusiyaya görə 2036-cı ilə qədər hakimiyyətdə qala biləcək, yəni daha 16 il Kremldə oturmağı planlaşdırır. Görünür, Putin indidən “qədim rus torpaqlarından” danışır ki, növbəti prezidentlik müddətində qonşuları qeyri-müəyyən gələcəyə hazırlaşsınlar".