“COVİD 19” pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Milli Məclisin növbədənkənar sessiyasının sabaha təyin olunmuş növbəti plenar iclası təxirə salınıb.
Musavat.com bununla bağlı Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir. Məlumatda deyilir ki, iyunun 21-də gün ərzində Milli Məclisin deputatlarından koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah (23 iyun) bəlli olacaq. Bu səbəbdən Milli Məclisin iyun ayının 23-də keçirilməli olan növbədənkənar plenar iclasının tarixi dəyişdirilib. Plenar iclasın yeni tarixi ilə bağlı məlumat veriləcək.
Xatırladaq ki, deputat Sahib Alıyevin koronavirusa yoluxduğu barədə xəbər yayıldıqdan sonra deputatlar və Milli Məclis əməkdaşları testdən keçiriliblər.
