|
Abşeronda “Silikon Vadisi” yaratmaq ideyası - ekspert danışdı

İqtisadçı-alim: “Məmur himayədarlığına əsaslanan biznes təfəkkürü ilə belə klaster yaratmaq...”

Bir neçə gün öncə prezident İlham Əliyevin “Microsoft” korporasiyasının rəhbərliyi ilə videogörüşü zamanı Azərbaycanda yüksək texnologiyalar sahəsində çalışan şirkətlərin fəaliyyət göstərəcəyi “Silikon Vadisi”nin yaradılması ideyası irəli sürülüb. Bu barədə prezidentin köməkçisi Şahmar Mövsümov danışaraq, Abşeronda belə bir parkın yaradılmasını mümkün hesab etdiyini deyib: “Hesab edirəm ki, ”Microsoft" şirkəti ilə çox yaxşı əməkdaşlıq qurmuşuq. Hazırda biz innovativ yanaşmalar əsasında iqtisadi inkişafa nail olmaq üçün Azərbaycanın innovasiya strategiyası üzərində işləyirik. Biz bu məsələdə də “Microsoft” şirkəti ilə əməkdaşlıq edirik. Biz “Microsoft” şirkətini daha da fəal olmağa çağırırıq. Hesab edirik ki, Azərbaycanın regionumuzda innovasiyaların mərkəzi olmaq üçün Silikon Vadisi kimi Abşeron Vadisini yaratmaq məqsədilə böyük potensialı var. Bu məsələdə biz “Microsoft” şirkətinin fəal iştirakını yüksək qiymətləndiririk".

 

 

Abşeron Vadisi yaradıla bilər – Azərbaycan innovasiyalar mərkəzinə ...

Şahmar Mövsümov

Qeyd edək ki, “Silikon Vadisi” ABŞ-ın Kaliforniya ştatında San-Fransisko şəhəri yaxınlığında yaradılmış texnoloji parka dünya mətbuatında qoyulan addır. Adın yaranmasına səbəb bölgədə sıx olaraq istehsal və inkişaf fəaliyyətində olan silikon çip istehsalçılarının və texnologiya sahəsində inkişafa böyük qatqı qatan şirkətlərin burada cəmləşməsidir.

Vadinin əsasında Stanford Universitetinin Mühəndis fakültəsinin dekanı Frederik Emmons Termanın fəaliyyətləri dayanır. O, bütün dünyadan alim və elm adamlarını universitetə cəlb edib.

Silikon Vadisi universitetlərin, texnologiya nəhənglərinin və araşdırma təşkilatlarının bir araya gəldiyi nəhəng bir texnologiya bölgəsidir. Burada 7 minə yaxın şirkət fəaliyyət göstərir. Onların arasında dünya şöhrətli “Adobe Systems”, “Advanced Micro Devices” (AMD), “Apple Inc.”, “Cisco Systems”, “Dolby Laboratories Inc.”, “eBay”, “Google”, “Hewlett-Packard”, “Intel”, “Oracle Corporation”, “Sun Microsystems”, “Symantec”, “Yahoo!”, “Linkedin”, “SanDisk” və s. şirkətlər var.

Hazırda vadidə 2,5 milyon nəfər insan yaşayır və fəaliyyət göstərir. Onların 34 faizi əcnəbidir; vadidə yaşayan hər bir əməkdaş öz şirkətinə ümumilikdə il ərzində 200 min ABŞ dolları qazandırır; vadidə yaşayanların yalnız 43 faizi ali təhsillidir; burada əməkdaşların orta illik əmək haqqı təxminən 150 min ABŞ dollar ətrafındadır. Əhalinin 5 faizi 20 milyon dollardan yuxarı kapitalı olan milyonerlərdən ibarətdir. Burada 50-dən çox milyarder var.

Qeyd edək ki, kompüterlərin və digər məhsulların dünya ixracının 20 faizi Silikon Vadisinın payına düşür. Vadinin Ümumi Daxili Məhsulu 750 milyard dollara yaxındır. Ayrıca dövlət olsaydı, dünyada ÜDM-in həcminə görə 18-ci yerdə gələrdi.

Azərbaycanda Silikon Vadisinə maraq son illərdə yaranıb. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə 2020-ci ilin fevralında Vadidə “Azərbaycan İnnovasiyalar Evi” fəaliyyətə başlayıb. Region ölkələrindən Vadidə təmsilçilik yaratmaq baxımından geridə qalanlardanıq.

Azərbaycanda ABŞ təcrübəsindən bəhrələnməklə texnoloji cənnətin yaradılması ideyası kifayət qədər cəlbedicidir. İqtisadçı-alim, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyevin fikrincə, bu ideyaya Azərbaycanda elm və təhsilin indiki səviyyəsi prizmasından baxaraq, onu qeyri-real hesab etmək düzgün yanaşma olmaz: “Azərbaycanda bir elm-texnologiya mərkəzinin yaradılması qeyri-mümkün olan ideya deyil. Bir çox ölkələr bu cür iddalı ideyaların reallaşması nəticəsində yüksək inkişafa nail ola biliblər. Sadəcə, onu bilmək lazımdır ki, bu ideyanı uğurla reallaşdırmaq yüksək elmi inkişaf, uzun müddət və ən əsası, zəruri olan bütün tədbirlərin icrasını təmin edəcək iradə hesabına mümkün olur. Silikon Vadisinin uğurundan sonra belə klasterlərin yaradılması təcrübəsindən bəhrələnmək istəyən ölkələr çox olub. Onların arasında uğur əldə edənlər də var, uğursuzluğa düçar olanlar da. Əvvəlcədən nəzərə almaq lazımdır ki, uğur əldə etmək üçün çox böyük zəhmət, iradə lazımdır”.

Ş.Mövsümovun Azərbaycanda innovasiya strategiyasının hazırlanması üzərində işlənməsinə dair səsləndirdiyi fikirlərə toxunan iqtisadçı-alim hələlik detalların açıqlanmadığını deyir: “Bu baxımdan, ideyanın icrasına dair hər hansı detal məlum olmadığı üçün konkret dəyərləndirmə aparmaq da mümkün deyil. Amma ideyanın reallaşması üçün vacib olan bir sıra məqamlar var ki, onlar mütləq nəzərə alınmalıdır. Əvvəla, bu sahədə uğur qazanan və qazanmayan ölkələrin təcrübələri dərindən öyrənilməli, səbəblər dəqiq müəyyənləşdirilməlidir. Digər tərəfdən, bu təcrübədən uğurla istifadə edən Sinqapur, Malayziya, İsveç kimi ölkələr heç də ABŞ-dakı təcrübəni kopyalamayıblar. Onların hər biri özünəməxsus yol seçərək, öz yerli şərtlərinə uyğun vadilərini yaradıblar. Bizdə də bu amillərə diqqət yetirilməlidir.

Azər Mehtiyev: “Fond ilin 1-ci rübündə “Şahdəniz” üzrə təbii qazın ...

Azər Mehtiyev

Azərbaycan neçə illərdir bir çox ölkələrin uğurla bəhrələndiyi sənaye-texnologiya parklarının yaradılmasına başlayıb. Bir neçə iri sənaye müəssisəsinin fəaliyyətindən kənarda, bu sahədə hansısa ciddi uğurun əldə olunduğunu  söyləmək qeyri-mümkündür. Yəni biz dünya təcrübəsində olan bu cür alətlərdən o qədər də uğurla istifadə edə bilmirik. Yeni park yaradılacaqsa, mövcud uğursuzluq təcrübəsi nəzərə alınmalı, ondan dərs çıxarılmalıdır. Digər tərəfdən, çox vacib məsələ ondan ibarətdir ki, bu parkı kim yaradacaq: dövlət, yoxsa özəl biznes? Yaxud burada dövlətlə biznesin rolu hansı nisbətdə olacaq? Əgər əvvəlki kimi əsas ağırlıq məmurların üzərinə düşəcəksə, o zaman bizim uğur qazanmayacağımız bəribaşdan məlum olacaq. Çünki Silikon Vadisinin yaradıcısı biznesmen olub, Stenford Universitetini də biznes marağı ilə idarə edib, sonradan qubernator olanda da öz ideyasını həyata keçirərkən biznes maraqlarından çıxış edib. Bizdə də belə klasterin yaradılması müasir biznes təfəkkürünə sahib olan şəxslərə həvalə edilməlidir. Söhbət Azərbaycanda olan məmur himayədarlığına arxayın işləməyə öyrəşmiş, dövlət büdcəsindən olan satınalmalardan vəsait oğurlamağa vərdiş etmiş biznesdən deyil, müasir oyun qaydalarına uyğun oynamağı bacaran, müasir bazar qaydalarına, innovativ yeniliklərə əsaslanan biznesdən gedir”.

A.Mehtiyev hesab edir ki, texnoloji klasterin yeri kimi Abşeronun seçilməsi yanlış addım olar: “Abşeron regionu onsuz da çox yüklənib. Bu baxımdan, bu klaster regionların birində yaradılmalıdır. Bu, həm də regional inkişafa nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Digər mühüm məsələ, bu işə xarici investorların cəlbidir. Azərbaycanda xarici investorlar üçün mövcud mühit təhlil olunmalı, çatışmazlıqlar tam olaraq ortaya qoyularaq onların aradan qaldırılması üçün real addımlar atılmalıdır. Hətta bütün zəruri şərtlər təmin olunsa belə, texnoloji klasterin yaradılması hələ uğur əldə etmək demək deyil. Bunun üçün 20-30, hətta 50 il vaxt tələb oluna bilər. Bu baxımdan, işə başlayacağıqsa, axıradək, davamlı şəkildə dəstəkləməli olacağımızı da nəzərə almalıyıq. Hələlik bizim nə idarəetmə, nə də biznes mədəniyyətimiz yetərli səviyyədə inkişaf etməyib. Amma bu da işə başlamaq üçün maneə olmaya bilər”.