|
Sabiq daxili işlər və müdafiə nazirindən açıqlamalar

Tahir Əliyev: “Karantin rejiminin əsas yükü polisin üzərinə düşüb”

1993-cü ilin iyun hadisələrinin, o dövrkü Ali Sovetdə cərəyan edən proseslərin hər dəfə ildönümü olanda yada düşən məşhur isimlərdən biri də sabiq daxili işlər və müdafiə naziri, keçmiş deputat Tahir Əliyev olur. Mediada heç də tez-tez görünməyən Tahir Əliyevə zəng edib hazırda harada, nə işlə məşğul olduğu, koronavirusla bağlı karantin rejimini necə keçirdiyi və digər məsələlərlə bağlı maraqlandıq.

Hazırda Mingəçevir şəhərində olduğunu deyən Tahir Əliyev bildirdi ki, camaat karantin dövründə necə yaşayır, necə dolanır, o da həmin cür yaşayır. Pensiya alır, normal dolanır: “Hazırda Mingəçevir şəhərində qalıram. Mingəçevirdə vəziyyət pis deyil. İnsanlar normal həyatlarını yaşayırlar. Mən azdan-çoxdan tanınan şəxs olduğum üçün karantin günlərində ilk vaxtdan çalışmışam nümunə olum. Koronavirus təhlükəli xəstəlikdir. Bütün dünya üçün bir təhlükədir. Odur ki, belə bir xəstəliklə zarafat etmək, onu heçə saymaq olmaz. Çox ehtiyatlı olmaq, eyni zamanda həkimlərin tövsiyələrinə ciddi riayət etmək lazımdır. Bir müddət həyatımız koronavirusdan öncəki kimi olmaya bilər. Bu vəziyyətin tezliklə sona çatması üçün hər bir vətəndaş həkimlərin, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə əməl etməlidir. Bir müddət əllə görüşməmək, görüşəndə öpüşməmək lazımdır. Mən şəxsən bütün tövsiyə və tələblərə əməl edirəm. Karantin şərtlərinə əməl edilməlidir. Bu, hər birimiz üçün vacibdir. Karantin şərtlərinə əməl etməklə təkcə özümüzü deyil, həm də ətrafımızı, yaxınlarımızı da qorumuş oluruq. 65 yaşdan yuxarı vətəndaşların evdən çıxmasına qadağa qoyulan dövrdə şəxsən mən heç yerə çıxmadım”.

Sabiq daxili işlər naziri üç aydan artıqdır tətbiq olunan karantin rejimi dövründə yükün, əziyyətin ən çox polis və səhiyyə işçilərinin üzərinə düşdüyünü də vurğuladı: “Üç aydır Azərbaycanın polisi, səhiyyə işçiləri hədsiz dərəcədə əziyyət çəkirlər. Onların işi, üzərlərindəki yük dəfələrlə artıb. Polis gecə-gündüz küçələrdə, yollardadır. Bu sizə asan gəlməsin. Azərbaycan vətəndaşları onların sağlamlığı və təhlükəsizliyi üçün öz sağlamlığını, rahatlığını risk altında qoyan bu insanlara diqqətli olmalı, qayğı göstərməlidir. Eyni zamanda hər bir polis əməkdaşı da xidmət zamanı məsuliyyətli olmalıdır, fəaliyyətində qanunları pozmamalıdır. İctimai asayişi qoruyub sabitliyi təmin etmək onun vəzifə borcudur. Yük polisin üstündədir. Karantin rejiminin əsas yükü polisin üzərinə düşüb. Bunu hər kəs nəzərə almalıdır”.

T.Əliyev onu da dedi ki, yüksək vəzifələrdə olduğu dövrlərdə onunla dostluq, yoldaşlıq etmiş əksər insanlarla əlaqəsi qalır, həmin insanlar onunla əlaqəni üzmürlər: “Mən həmişə fəal, ünsiyyətcil insan olmuşam. Bu gün də beləyəm. Dost-tanış, ətrafım mənə yenə də həmişəki münasibət bildirirlər. İnandırım sizi, hələ bir az da müsbətə doğru daha yaxşı münasibət bəsləyirlər, əlaqə saxlayıb əhvalımı xəbər alırlar, maraqlanırlar. Yəni narahatlıq yoxdur, hər şey qaydasındadır. Narazı deyiləm”.

Sabiq nazir iyun hadisələri barədə danışmaq istəmədi. Fikrini isə indiyə qədər bu barədə dəfələrlə danışması ilə əsaslandırdı.