Natiq Cəfərli: “Məsuliyyətin bölünməsi daha çox hakimiyyətə lazımdır”
Azərbaycanda koronavirus infeksiyasının yayılma sürətinin artması ölkədə yenidən sərt karantin rejiminin tətbiq məsələsini gündəmə gətirib. Mart-aprel aylarında tətbiq olunan belə rejim şəraitində ölkədə biznesə və işsizlərə dəstək üçün proqramlar hazırlanıb həyata keçirildi. Bir sıra karantin tədbirlərinin hələ də davam etdiyi şəraitdə bir sıra ekspertlər dəstək proqramlarının davam etdirilməsini təklif edirdilər. Yenidən sərtləşməyə gediləcəyi təqdirdə isə bu, qaçılmaz olacaq.
Digər tərəfdən, sərt karantin tədbirləri iqtisadi aktivliyin minimuma düşməsi, ölkənin gəlirlərinin azalıb, xərclərinin artması ilə müşayiət olunur. Bu şəraitdə Azərbaycan iqtisadiyyatının böhrandan çıxarılması, postpandemiya dövründə sürətli inkişafına nail olunması üçün antiböhran masasının formalaşdırılması təklif olunur. Belə təkliflə hələ mart ayında maliyyəçi-professor, sabiq maliyyə naziri Saleh Məmmədov çıxış etmişdi. Professorun fikrincə, iqtisadiyyatı neftdən asılı olan Azərbaycan üçün ümumdünya böhranı artıq başlamış hesab olunur: “Ona görə 2008 və 2014-cü il böhranlarının nəticələrini nəzərə alaraq və bu təcrübədən yararlanaraq hökumətin təcili tədbirlər görməsi məqsədəuyğundur. Bu böhran da Azərbaycanı ən çox vura bilən iqtisadi hadisədir. İqtisadiyyatı neftdən asılı olan ölkələr üçün çox daha təhlükəli böhrandı. Amma panikaya düşməyə ehtiyac yoxdur, çünki hələ bir neçə il iqtisadi prosesləri tam iflasdan qorumaq üçün ölkənin böyük miqdarda ekstra maliyyə ehtiyatları vardır. Gələcək təlatümlərin qarşısının alınması üçün artıq bu gündən ciddi fəaliyyətə başlamaq zəruridir. Mənim fikrimcə, hökumətin və parlamentin toplanması və dinləmələrə-müzakirələrə başlaması lazımdır. Prezidentin antiböhran şurasının yaradılması, ölkənin daxilindən və xarici ölkələrdən tanınmış iqtisadçılardan, proqnozistlərdən, proqramistlərdən, məsləhətçilərdən ibarət güclü bir işçi qrupunun formalaşmasına ehtiyac vardır. Bu şura yalnız böhrandan çıxış deyil, ümumiyyətlə, Azərbaycan iqtisadiyyatını qara narkotikdən (neftdən) asılılıq probleminə birdəfəlik son qoyulması və ölkənin elm və texnoloji inkişaf relsinə keçməsi ilə məşğul olmalıdır”.

Natiq Cəfərli
İqtisadçı-ekspert, REAL Partiyasının funksioneri Natiq Cəfərli də analoji təkliflə çıxış etmişdi: “İlk növbədə hökumətin iştirakı ilə müstəqil mütəxəssislərdən ibarət Böhran Komitəsi, və ya Böhran Masası qurulmalıdır. Prezidentin iştirakı ilə o masada həqiqətlər deyilməli, ciddi müzakirələr olmalı, effektiv və işlək qərarlar alınmalıdır. Nazirlər Kabineti alınmış qərarları icra etməli, buna nəzarəti isə Böhran Masası Sivil Toplum və media ilə birlikdə həyata keçirməlidir”.
Ötən müddət ərzində bu təklifin reallaşması istiqamətində hər hansı təşəbbüs olmayıb. Lakin koronavirus infeksiyasının yenidən və daha geniş yayılması ölkədə bütün siyasi və ictimai qüvvələrin iştirakı ilə müzakirələrin aparılmasını zəruri edir. N.Cəfərlinin sözlərinə görə, hakimiyyətin bu müzakirələri başlatması üçün hələ də gec deyil: “Hələ pandemiyanın yaratdığı problemlərin nə qədər dərin olduğu məlum deyil. Partiyamızın sədri İlqar Məmmədov da Yeni Azərbaycan Partiyası və hakimiyyətə çağırış etdi ki, İTV-də ictimai müzakirələr təşkil olunsun. Orada həm siyasi partiyaların nümayəndələri, həm müstəqil ekspertlər iştirak etsinlər, ölkədə mövcud olan böhranlı vəziyyətdən çıxış yolları müzakirə edilsin. Dünyanın əksər ölkələrində belə təcrübə var. Ya hökumət yanında, ya da parlamentdə xüsusi qrup yaradılır, təkliflər toplanır, daha sonra onların əsasında fəaliyyətlər hazırlanır. Azərbaycanda parlamentdə müxalifətin təmsilçiliyi zəif olduğu üçün belə formatın hökumətlə yaradılması mümkündür. Müzakirələr həm İTV-də canlı şəkildə, mütəxəssislərin iştirakı ilə konkret mövzular ətrafında və pafosdankənar formada aparıla bilər. Həm də hökumətlə müstəqil mütəxəssislərin birgə müzakirələri təşkil oluna bilər. Daimi işlək masa formatında olan bu müzakirələrdə həmçinin siyasi partiyaların təmsilçiliyi təmin olunmalıdır”.
Ekspert bildirir ki, postpandemiya dövründə Azərbaycan iqtisadiyyatında gözlənilən vəziyyət də müzakirə olunmalıdır: “Görünən budur ki, dünya iqtisadiyyatında dalğalanmalar yaxın 1-2 il ərzində davam edəcək. Bu da özünü neft bazarında göstərəcək, qiymət ucuzlaşmaları müşahidə olunacaq. Virusun yayılmasında ikinci dalğanın baş verməsi daha ciddi problemlərə yol aça bilər. Bu şəraitdə Azərbaycanda əhalinin hökumətin gördüyü işlərə inamsızlığı ciddi problemlərə yol aça bilər. Bütün bunları nəzərə alaraq, xalqın etimad göstərdiyi siyasi-ictimai şəxslərin iştirakı ilə müzakirələrin aparılması, birgə qərarların qəbul olunması zəruridir”.
Hakimiyyətin bu müzakirələrdən qazancı nə olacaq? Nəyə görə hakimiyyət belə müzakirələrə getməlidir? N.Cəfərliyə görə, ən azı məsuliyyətin bölünməsi baxımından bu, hakimiyyət üçün zəruridir: “Hazırda ölkədə baş verən proseslərə görə bütün məsuliyyət hakimiyyətin üzərindədir. Xalqın bütün sualları ona qarşı yönəlib. Buna görə də hakimiyyət məsuliyyətin bölünməsi, qəbul olunan qərarlarda daha çox tərəfin iştirakının təmin olunmasına nail olmalıdır. Bundan hakimiyyət ancaq uda bilər”.
