Deputat Aydın Hüseynov: “Azərbaycanda karantin dövründə insan haqlarının pozulduğu iddiaları absurddur”
Mərkəzi qərargahı Norveçdə yerləşən İnsan Haqları Evi Fondu və İnsan Haqları Evləri Şəbəkəsi müraciət yayaraq koronavirusla bağlı yoluxma və ölüm saylarını azaltmaq üçün həyata keçirilən tədbirləri dəstəklədiyini bildirib. Müraciətdə eyni zamanda bildirilib ki, dövlət orqanları bu tədbirləri görərkən insan haqları pozuntularına yol verməməlidirlər.
İnsan Haqları Evi Fondu və İnsan Haqları Evləri Şəbəkəsi bir qədər irəli gedərək “Biz Azərbaycan hakimiyyətinı insan haqları pozuntularını dərhal dayandırmağa və beynəlxalq birliyi hökuməti cavabdeh tutmağa çağırırıq” qeydini müraciətə əlavə edib. Müraciətdə iddia edilib ki, Azərbaycan hökuməti ölkədə COVID-19 başlayandan bəri dinc etirazlara və müxalif səslərə basqıları artırıb.
Azərbaycanın hakimiyyət partiyasından isə adıçəkilən beynəlxalq QHT-lərin müraciətindəki bir sıra məqamlara etiraz edilib. Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, İnsan Haqları Evi Fondu və İnsan Haqları Evləri Şəbəkəsi əslində müraciətində özü-öz iddialarını təkzib etmiş olub: “Diqqət edirsinizsə, bir tərəfdən iddia irəli sürürlər ki, Azərbaycanda karantin dövründə kütləvi toplaşmağa qadağalar qoyulur, sonra isə yazırlar ki, Azərbaycanda koronavirusla bağlı yoluxma və ölüm saylarını azaltmaq üçün həyata keçirilən tədbirləri dəstəkləyirik. Özləri etiraf edirlər ki, Azərbaycan məhz yoluxma və ölüm saylarını azaltmaq üçün tədbirlər görür və bu tədbirlər dəstəklənir. Karantinin qaydaları var. Karantin və görülən tədbirlər əlbəttə ki, yoluxma və ölüm sayının artmasının qarşısını almaq üçündür. Bunun üçün görülən ən vacib, zəruri tədbir əlbəttə ki, insanların kütləvi toplaşmasının qarşısını almaqdır. Sosial məsafə qaydaları insanların çoxlu sayda bir yerə toplaşmamalarını diktə edir. Bu, nə vaxtdan insan haqlarının pozulması, toplaşmaq azadlığının pozulması olub?! Dünyanın ən böyük dövlətlərində də məgər bizim tətbiq etdiyimiz bu qaydalar tətbiq edilməyib və edilmir?

Aydın Hüseynov
İndiyə qədər Azərbaycan COVİD-19-la mübarizədə dünya ölkələrinə nümunə göstərilib. İlk növbədə bir daha bütün dünyaya bəlli oldu ki, Azərbaycanda prezidentlə-xalq arasında sarsılmaz həmrəylik var, Azərbaycan prezidenti üçün xalqın, vətəndaşların sağlamlığı, həyatı hər şeyin fövqündə dayanır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz pandemiyanın gətirdiyi qlobal kataklizmlərdən mümkün qədər az zərərlə çıxmağa çalışır və buna uğurla nail olur. Belə ki, bütün digər neft ixrac edən ölkələrin milli valyutaları dəyər itirsə də Azərbaycanda həyata keçirilən uğurlu maliyyə-pul siyasəti manatın dəyərini sabit saxlamağa imkan verdi və bu, əhalinin rifah halında neqativ halların qarşısını aldı. Habelə karantin şəraitində məcburi olaraq biznes fəaliyyətinə fasilə verən xidmət sektorunun, kiçik, orta və iri sahibkarların itirdiyi mənfəəti kompensasiya etmək üçün dövlət 2, 5 milyard manat vəsait ayırdı. O cümlədən rəsmi işsiz vətəndaşlar üçün karantin davam etdiyi müddətdə xüsusi müavinətlər ayrıldı. Azərbaycan prezidenti iqtisadiyyatdan da, maliyyədən də ümdə vətəndaşların sağlamlığının olduğunu dünyaya nümunə göstərdi. Azərbaycanda karantin dövründə insan haqlarının pozulduğu iddialarını bütün bu və digər faktlar alt-üst edir. Sərtləşdirilmiş karantin günlərində polis küçədə toplaşan vətəndaşlara evlərinə getmək çağırışını edirsə, bunu toplaşmaq azadlığının pozulması kimi təqdim etmək qərəzdir".
Azərbaycanın COVID-19 ilə mübarizədə ən qabaqcıl ölkələr sırasında olduğunu xatırladan deputat hesab edir ki, ölkəmizi istəməyən qüvvələr həm də bu uğurumuza kölgə salmağa cəhd edirlər: “Bütün dünyanın koronavirus pandemiyasına qarşı mübarizə apardığı bir dövrdə bir sıra beynəlxalq insan haqları təşkilatları var ki, onlar yalnız bir neçə ölkə ilə mübarizə aparırlar və həmin ölkələr arasında Azərbaycan da var. Bakını növbəti dəfə ləkələmək və nüfuzdan salmaq üçün addımlar atılır. Rəsmi Bakını tənqid etmək üçün ən xırda detalları belə fürsətə çevirməyə çalışırlar. Ölkə başçısının koronavirusla bağlı imzaladığı əfv sərəncamını işıqlandırmayan bu təşkilat xüsusi karantin rejimində inzibati həbslərə məruz qalmış şəxsləri siyasi məhbus kimi qələmə verməyə çalışır və ölkədə tətbiq olunan zəruri məhdudlaşdırıcı tədbirləri Azərbaycanda insan haqları və azadlıqların boğulması kimi qələmə verir.
Bütün dünyada tətbiq olunan karantin rejimi çərçivəsində insanların küçəyə çıxması məhdudlaşdırılıb və şəhərlər insansız qalıb. Heç bir kütləvi tədbirlərin və görüşlərin keçirilməsinə icazə verilmədiyi bir dövrdə, hətta ölkə başçılarının öz iclaslarını videokonfrans şəklində həyata keçirdiyi günlərdə bəzi beynəlxalq QHT-lərin Azərbaycanı bu mənada ittiham etməsi absurddur".
