Qeydə alınan bir sıra bərpa göstəricilərinə baxmayaraq, ABŞ iqtisadiyyatı koronavirus pandemiyası şəraitində işsizlik və kiçik biznesdə müşahidə olunan müflisləşmə dalğası səbəbilə uzunmüddətli çətinliklərlə üzləşir.
ABŞ Federal Ehtiyatlar Sisteminin(FED) rəhbəri Ceremi Pauell bu fikirdədir. O, Senatın Bank komitəsinin iclasındakı çıxışı zamanı bildirib ki, cəmiyyət xəstəliyin tam nəzarətə götürüldüyünə əmin olmasa, iqtisadiyyatın tam bərpası real deyil: “İstehsal və məşğulluq səviyyəsi pandemiyadan əvvəlki həddən xeyli aşağıdır. ABŞ iqtisadiyyatının bərpa gücü və müddəti ilə bağlı yüksək qeyri-müəyyənlik mövcuddur”.
FED rəhbəri hesab edir ki, birbaşa dövlət yardımı tədbirləri nəinki ev təsərrüfatlarını və biznesi qoruyar, həm də iqtisadiyyatda uzunmüddətli itkini məhdudlaşdırar: “Böhran nə qədər uzunmüddətli olsa, iş yerlərinin itirilməsi və biznesin bağlanması üzündən iqtisadiyyata uzunmüddətli zərərin dəyməsi ehtimalı bir o qədər artır”.
C.Pauell xüsusilə böhranın kiçik biznesə təsiri ilə bağlı narahatlığını ifadə edib, kiçik və orta müəssisələri ABŞ iqtisadiyyatının “ürəyi” adlandırıb: “Əgər iqtisadiyyatın ləng bərpası üzündən kiçik və orta müəssisələr müflis olursa, biz sadəcə, müəssisələri deyil, daha çox şeyləri itiririk”.
O həmçinin deyib ki, indiki iqtisadi tənəzzül ölkədə qeyri-bərabərlik problemini gücləndirə bilər: “Ona görə ki, aşağı gəlirli ev təsərrüfatları məşğulluğun azalması baxımından ən böyük təsirə məruz qalıblar. İş yerlərinin itirilməsi afroamerikalılar, ispandilli sakinlər və qadınlar arasında digər qruplara nisbətən daha yüksək olub”.
