|
TƏBİB-dən əlləri çarpayıya bağlanan xəstə ilə bağlı AÇIQLAMA

Rəvanə Əliyeva: "Reanimasiyada olan xəstələrin bəzilərinin əllərinin bu cür bağlanılması normaldır"

 Bu gün sosial şəbəkələrdə və bir sıra mətbuat orqanlarında koronavirusa yoluxan xəstələrlə bağlı ilginc videogörüntü yayılıb.  
Yayılan görüntüdə bir xəstənin əllərinin çarpayıya bağlanılması diqqət çəkib və bu, ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. İddialara görə həmin görüntülər Sumqayıtda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada tibb bacısı tərəfindən çəkilib. 

Məsələ ilə bağlı rəsmi rəy almaq üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva Musavat.com-a  görüntülərin Sumqayıt xəstəxanasından çəkildiyini təsdiqlədi.

O, söylədi ki,  görüntüləri çəkən tibb bacısının da kimliyi artıq müəyyənləşdirilib: “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, həmin video Sumqayıt şəhər 1 saylı Xəstəxananın  reanimasiya şöbəsində çəkilib.  Videonu çəkən tibb bacısı bu əməlinə görə, artıq inzibati qaydada cəzalandırılıb”.

Xəstələrin əllərinin çarpayıya bağlanılması məsələsinə gəldikdə isə Rəvanə Əliyeva aşağıdakıları bildirib:
“Xəstənin əllərinin bağlanılması həkimin tibbi göstərişinə görə olur. Yəni, reanimasiyada olan xəstələrin bəzilərinin əllərinin bu cür bağlanılması normaldır”.