Qohumunu öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılır. Onunla birlikdə daha bir nəfər həbs edilib...
Qətl törətməkdə ittiham edilən Səbuhi Ələkbərov və Rəşad Fətullayev barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
İş araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məhkəmə araşdırması hakim Azər Paşayevin sədrliyi ilə baş tutacaq.
Qeyd edək ki, ötən ilin oktyabr ayında Biləcəri qəsəbə sakini Çiçək Əsgərova polisə müraciət edərək həyat yoldaşı Elvin Həbibzadənin özünə məxsus “BMW” markalı avtomobillə evdən çıxıb getdiyini və geri qayıtmadığını bildirib.
Araşdırmalar zamanı E.Həbibzadəyə məxsus avtomobil Qaradağ rayonunun Qızıldaş qəsəbəsində tapılıb və nəqliyyat vasitəsinə baxış keçirilərkən salonda qan izləri aşkar edilib.
10 gün sonra isə Elvin Həbibzadənin üzərində zorakılıq əlamətləri olan meyit Türkan qəsəbəsindəki evlərdən birinin su quyusundan tapılıb.
Müəyyən edilib ki, Səbuhi Ələkbərov yaxın qohumu Rəşad Fətullayevlə qabaqcadan cinayət əlaqəsinə girərək ailə-məişət zəminində yaranmış mübahisəni həll etmək məqsədilə Elvin Həbibzadənin idarə etdiyi “BMW” markalı avtomaşınla oktyabrın 15-də axşam görüş bəhanəsi ilə Qaradağ rayonunun Sahil qəsəbəsinə gəliblər. Avtomaşında tərəflər arasında kəskin mübahisə yaranıb, E.Həbibzadə S. Ələkbərovun və ailəsinin ünvanına nalayiq ifadələr işlədərək avtomaşındakı bıçaqla onun sol əlinə xəsarət yetirib. Bu zaman S.Ələkbərov müqavimət göstərən sürücünün qollarını tutub və R.Fətullayev qayçı ilə arxadan boyun nahiyəsinə zərbə endirərək E.Həbibzadəni qətlə yetirib. Daha sonra hər iki şəxs izi itirmək məqsədilə meyiti həmin avtomobillə Xəzər rayonuna gətirərək burada S.Ələkbərovun babasına məxsus evin qarşısındakı quyuya atıblar. Bundan sonra S.Ələkbərov mərhumun ailə üzvləri ilə birlikdə onu axtarmağa başlayıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
