|
Avropa Liqasının oyunları Almaniyada keçirilə bilər

Futbol üzrə Avropa Liqasının oyunları 1/4 final mərhələsindən etibarən Almaniyada keçirilə bilər.

"Report" ESPN kanalına istinadən xəbər verir ki, yarış Frankfurtda mini-turnir şəklində olacaq. Şəhərdə lazımı infrastruktur var və 8 komandanın burada yerləşməsi mümkündür.

Avropa Liqası 1/8 final mərhələsində dayandırılıb. Demək olar ki, bütün komandalar ilk oyunlarını keçiriblər. Yalnız İtaliya "İnter"i ilə İspaniya "Xetafe"si üz-üzə gəlməyib.

Qeyd edək ki, Çempionlar Liqası oyunlarının Portuqaliyanın paytaxtı Lissabonda təşkili planlaşdırılır. UEFA avrokuboklarla bağlı qərarı iyunun 17-də İcraiyyə Komitəsinin iclasında açıqlayacaq.