|
Pandemiya qadağası çimərlik mövsümünü “qurudacaq?”

Ekspert: “Ola bilər ki, Bakı ətrafında daha bahalı və populyar çimərliklər qiymətlərdə dəyişiklik etsin”

Məlum olduğu kimi, iyunun 15-dən sonra ölkədə çimərlik mövsümü açıq elan olunacaq. Pandemiya və karantin rejimi ilə əlaqədar olaraq artıq mayın 26-dan etibarən çimərlik və su istirahət mərkəzlərində koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər təsdiqlənib.

Həmin qaydalara əsasən, çətirlərarası məsafə 4, insanlararası məsafə isə 2 metr olmalıdır.

Bəzi ekspertlər qeyd edir ki, məsafələrin olması qiymətlərin bahalaşmasına təsir edəcək. Çünki sosial məsafə gözlənildikdə yerlər az olacaq, daha az müştəri qəbul olunacaq və nəticədə qiymət artımı baş verəcək.

Müşahidələr onu göstərir ki, çimərlik mövsümü hələ açılmamış, havaların isinməsi ilə bəzi vətəndaşlar artıq çimərliklərə üz tutur. Ekspertlər qeyd edir ki, koronavirusa yoluxma riskini azaltmaq üçün mütləq şəkildə qaydalara əməl etmək lazımdır.

Bəs dənizdə olarkən, koronavirusa yoluxma ehtimalı nə qədərdir? Bu mövsüm çimərliklərdə qiymətlərin bahalaşması ehtimalı varmı? Ümumiyyətlə, karantin rejimi, həftə sonları küçəyə çıxmaq qadağası çimərlik mövsümünü “öldürəcəkmi?”

ASAN Radio

Mövzu ilə bağlı ekspertlərə müraciət etdik. Ölkənin baş infeksionisti Cəlal İsayev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, dənizdə koronavirusa yoluxma ehtimalı çox aşağıdır: “Amma ətrafda virus daşıyıcısı olarsa və ondan suya viruslar düşərsə, həmin an su ilə təmasda olanlar virusa yoluxa bilər. Lakin bundan 1-2 saat keçərsə, virusa yoluxma ehtimalı yoxdur”.

Cəlal İsayev çimərlikdə olarkən təhlükəsizlik qaydalarına əməl olunmasını bir daha vurğulayıb: “Hər yerdə, o cümlədən dənizdə sosial məsafəni gözləmək lazımdır”.

Natiq Cəfərli Azər Qasımlının ittihamlarına cavab verib: "Onun ...

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edib ki, çimərliklərlə bağlı qaydalar tətbiq edərkən, bu yolu artıq keçmiş ölkələrin təcrübəsini də nəzərdən keçirmək lazımdır: “Bu məsələ ilə bağlı ilk addımı Yunanıstan atdı. Ardınca isə İspaniya və İtaliyada çimərliklə bağlı xüsusi qaydaların tətbiq olunmasına başlanıldı və elmi araşdırmalarla dənizin özündə koronavirusun olmasının sıfıra yaxın olduğu təsdiq olundu. Bu məlumatın özü insanlarda pozitivlik yaratdı.  Beləliklə, dənizdə virus yaşamır və sosial məsafəni gözləməklə üzmək və yaxud hər hansı bir şəkildə sərinlənmək mümkündür”.

Natiq Cəfərli qiymətlərlə bağlı da danışıb: “Məlum olduğu kimi, Azərbaycanda turizm mövsümü açılmadan qapandı, sərhədlərin açılması gecikdirilir və sairə. Sərhədlər açılsa belə, insanların davranış  qaydalarını nəzərə alsaq, Azərbaycana gələcək turistlərin sayının minimum səviyyədə olacağını indidən demək mümkündür. Hətta 3-cü rübdə daha da artım olsa ən azı çimərlik mövsümündə turistlərin gəlməsi ehtimalı çox aşağıdır. Ona görə də yerli əhali üçün nəzərdə tutulmuş turizm qaydalarını tətbiq etməkdə yarar var.

Bu, qiymətlərə ciddi təsir edəcəkmi? Ola bilər ki, Bakı ətrafında daha bahalı və populyar çimərliklərində qiymətlərdə müəyyən dəyişikliklər edilsin. Çünki onlar daha az müştəri qəbul etmək məcburiyyətində qalacaq. Ona görə ki, məsafələr gözlənilməlidir və bu səbəbdən də yerlər azalacaq, azalırsa, da deməli, müştəri sayı da azalacaq. Təbii ki, müştəri sayı azalırsa, deməli, bu qiymətlərə təsir edə bilər.  Lakin unutmaq olmaz ki, pandemiya səbəbi ilə müştərilərin də sayı xeyli az olacaq. Əgər çimərlikləri işlədən fiziki və hüquqi şəxslər bunu nəzərə almazsa, əksinə, ciddi şəkildə müştəri itirə bilərlər.

Son aylarda işsizliyin artması, ümumiyyətlə, biznes sahəsində gəlirlərin, ümumilikdə əhalinin gəlirlərinin azalması ona əsas verir ki, ümumi qiymət artımı olarsa, həmin obyektlərdə müştəri problemi yaşanacaq. Ona görə də müəyyən obyektlərdə 5-10 faiz qiymət artımı ola bilər. Amma bunun böyük həcmdə olması obyekt sahiblərinin özlərinə ziyan vuracaq. Yəqin ki, bu məsələyə də diqqət ediləcək və qaydalara riayət olunmasa, ciddi cərimələr tətbiq oluna bilər.

Və yaxud da hər hansı bir formada dövlət orqanları bunu monitorinq edib, nəzarət edə bilərlər və bu, mümkündür. Bir daha qeyd edirəm, indidən çimərliklərə nə qədər insan gedə biləcəyi haqda rəy vermək mümkün deyil. Çünki koronavirus təhlükəsi, karantin rejimi insanların davranış qaydalarına, düşüncə tərzlərinə də ciddi təsir göstərib. Məsələn, bugünlərdə İtaliya ilə bağlı reportaj hazırlanmışdı. Reportajda qeyd olunurdu ki, ötən illə müqayisədə əhalinin yalnız 30-35 faizi çimərliklərə gedir. 70 faiz insanlar isə ümumiyyətlə insanların toplum şəkildə olduğu yerlərə getməkdən imtina edir. Ona görə də ölkəmizdə də çimərliklərlə bağlı ciddi ajiotajın olacağını düşünmürəm".