|
Son sutkada dünyada 109 minədək insanda COVID-19 virusu aşkar edilib

Son sutka ərzində dünyada koronavirus infeksiyasına təxminən 109 min insan yoluxub, bununla da yoluxanların ümumi sayı 7,04 milyona yaxınlaşıb. Virusun qurbanlarının sayı isə sutka ərzində 3,5 mindən çox artıb və ümumilikdə 404 mini keçib.

APA xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı özünün gündəlik bülletenində məlumat yayıb.

09 iyun tarixli, Cenevrə vaxtı ilə saat 09:00-a (Bakı vaxtı 12:00) olan statistikaya görə, dünyada 7039918 nəfər yeni növ koronavirusa yoluxub, 404396 nəfər isə bu ölümcül virusun qurbanına çevrilib. Son gün ərzində 108 918 insanda koronavirus aşkarlanıb, ölənlərin sayı isə 3539 nəfər artıb.

Şimali və Cənubi Amerika regionu yoluxanların sayına görə birinci yeri tutur – 3366251 yoluxma və 183950 ölüm. Sutka ərzində burada yoluxanların sayı 54864, ölənlərin sayı isə 2146 nəfər artıb.

Avropada isə ümumilikdə 2303361 nəfər koronavirusa yoluxub, 184671 nəfər ölüb. Sutka ərzində burada yoluxanların sayı 16801, ölənlərin sayı isə 551 nəfər artıb.

Yoluxma sayı üzrə üçüncü yeri Şərq-Sakit okean bölgəsi tutur. Burada 658614 yoluxma, 14913 ölüm faktı qeydə alınıb. Sutka ərzində burada yoluxanların sayı 17185, ölənlərin sayı isə 311 nəfər artıb.

ÜST-ün ölkə üzrə yayılma cədvəlinə görə, ən çox yoluxanlar ABŞ-dadır – 1933560 nəfər. Onun ardınca Braziliya (691758), Rusiya (485253), Böyük Britaniya (287403), Hindistan (266598), İspaniya (241717), İtaliya (235278), Peru (196515), Almaniya (184543) və İran (173832) gəlir.