|
Bakıda yerüstü keçid tikintisi zavodun işini iflic edib FOTO VİDEO

“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi əsasında yerüstü keçidin tikintisi səbəbindən “Azer Mega Response Pazarlama Ltd” emal zavoduna yük maşınları daxil ola bilmir, müəssisə bağlanıb.

“Bizim müəssisənin fəaliyyətini iki ilə yaxındır ki, iflic ediblər. Zavodun həyətinə yük maşınlarının daxil ola bildiyi yeganə girişin qarşısını kəsiblər, yerüstü keçid tikiblər. Bu səbəbdən müəssisə işini dayandırmalı olub və insanlar işsiz qalıblar. Halbuki müəssisənin girişindən bir qədər aralıda həmin keçidi tikmək olardı və bizim yük maşınları da zavoda daxil ola bilərdilər”.

Bu sözləri “Yeni Müsavat”a paytaxtın Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi, 4 ünvanda yerləşən “Azer Mega Response Pazarlama Ltd” müəsissəsinin hüquqşünası Ramil Məmmədzadə bildirib.

Onun sözlərinə görə, 2,5 hektar özəl torpaq sahəsində əsas fəaliyyət istiqaməti fındıq emalının təşkili olub. Amma yerüstü keçid emal zavodunun işini dayandırıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi əsasında inşa edilən yerüstü keçidin tikintisi zamanı iritonnajlı maşınların müəssisənin həyətinə necə daxil olacağı nəzərə alınmayıb.

Şirkətin hüquqşünasının sözlərinə görə, məsələ ilə bağlı il yarımdır, hüquqi müstəvidə mübarizə aparılır. Hazırda iş 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindədir.

Həmçinin Məhkəmə Ekspertiza Mərkəzi də müəssisənin vəsatəti ilə bağlı onun xeyrinə rəy verib. Lakin heç bir nəticəsi olmayıb.

R.Məmmədzadə bildirib ki, yalnız əsas giriş iritonnajlı yük avtomobilləri üçün texniki sənədlərdə nəzərdə tutulub:

“Bu zavodun digər girişləri isə iritonnajlı yük avtomobillərinin həyətə daxil olması üçün mümkün deyil. Ərazidə “PROMOTA” mühəndislik və müşavirlik A.Ş.-nin layihəsi əsasında yerüstü piyada keçidi tikilib.

Layihənin sifarişçisinin isə dəmiryolunun üzərindən aparıldığı və həmin ərazinin Azərbaycan Dəmir Yollarına məxsus olduğundan 3-cü şəxs “Azərbaycan Dəmir Yolları” QSC olması istisnasızdır.

O zaman şirkət rəhbərliyi tərəfindən layihənin düzgün hazırlanmadığı, layihə hazırlanarkən ətraf ərazilərə uyğun olmadığı, bunun da qanuni əsaslarla məsuliyyəti icraçı şirkətə məxsus olduğu diqqətə çatdırılıb.

Şirkət rəhbərliyi qazıntı-tikinti işlərinin dayandırılmasını tələb etməsinə baxmayaraq, gördüyünüz bu keçid tikilib.

Hətta “Azərbaycan Dəmir Yolları” QSC ilə aramızda bağlanmış müqavilə ilə həmin keçid yolun bizə məxsus olması, istifadə anında daim istismara hazır olması barədə razılıq əldə edilmişdi.

Ancaq “Azərbaycan Dəmir Yolları” QSC zavodun iritonnajlı yük avtomobillərinin girişi üçün açılmış yeganə giriş qapısının qarşısında tikinti işləri aparmaqla müəssisənin bağlanmasına nail olub”, - deyə, R.Məmmədzadə qeyd etdi.

Hüquqşünasın sözlərinə görə, üstəlik, bu haqsızlığı ölkə başçısının adından verilmiş sərəncamla əlaqələndiriblər:

“Yəni “Bakı sərnişin dairəvi dəmir yolunun yenidən qurulması” layihəsini əsas gətiriblər.

Halbuki ölkə başçısı sərəncamı verərkən bunun icrası zamanı dövlət orqanları tərəfindən fiziki və hüquqi şəxslərin hüquqlarının pozulmasını heç kimə tapşırmamışdı.

Üstəgəl, həmin ərazidə hər hansı bir yanğın baş verərsə, əraziyə yanğınsöndürən maşınların girişi qeyri-mümkündür. Bunun üçün məsuliyyət “Azərbaycan Dəmir Yolları” QSC-nin üzərinə düşür”.

R.Məmmədzadə bildirib ki, məhkəmədə mübahisə qaldırmasaydıq, başlanmış tikinti işləri qanunsuz olaraq da bitəcəkdi:

“Tərəfimizdən məhkəmədə iddia qaldırılaraq, bu tikintinin qanunsuz, heç bir razılıq alınmadan aparıldığı bildirilib.

Bu müəssisənin təsisçisi ABŞ-da qeydə alınmış Nooril-İman L.P adlı şirkətdir. Belə olan halda “Azərbaycan Dəmir Yolları” QSC-nin bu qanunsuz hərəkətlərinə görə ABŞ şirkətinə dəymiş zərəri Azərbaycan hökuməti ödəməlidir.

Çünki şirkət Azərbaycan və Amerika hökumətləri arasında “sərmayə qoyuluşunun qarşılıqlı qorunması və təşviq edilməsi haqqında” müqavilə Vaşinqton şəhərində, 1997-ci ilin avqust ayının 1-də imzalanmış sazişə əsasən, Azərbaycan hökumətinə qarşı Nyu -York Məhkəməsində investisiyasinin qorunması məqsədi ilə iddia qaldırmaq məcburiyyətinə salınıb”.

Zavodun hüquqşünası sonda QSC sədri Cavid Qurbanova müraciət edərək müəsissəyə yük maşınlarının daxil olmasına şərait yaradılması üçün keçidin yerinin dəyişdirilməsinə tapşırıq verməsini xahiş etdi. O, müəssisənin işini bərpa etməsi ilə həm də prezidentin işsizliyin azalması siyasətinə bir dəstək olacağını vurğuladı.