|
Ali təhsilli gənc qızın intiharına deputatdan və və ekspertlərdən reaksiyalar

İyunun 4-də gecə saatlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin 3-cü kurs tələbəsi Günel Nağdıyeva intihar edib. 21 yaşlı gənc qız özünü Ceyhun Hacıbəyli və Həsən Əliyev küçələrinin kəsişməsindəki binanın 18-ci mərtəbəsindən atıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Mərhumun təhsil aldığı universitetin tədris işləri üzrə prorektoru Eldar Aslanovun mətbuata verdiyi məlumata görə Günel yüksək balla universitetə qəbul olunub, ödənişsiz əsaslarla təhsil alan nümunəvi tələbə olub.

Tələbə yoldaşlarının sözlərinə görə, o, istəmədiyi adamla ailə həyatı qurmağa məcbur edildiyi üçün intihar edib.

Yaxınları mərhum qızı “Vağzalı” sədaları altında dəfn edib.

Qeyd edək ki, bu hadisə ictimaiyyətdə xeyli müzakirələrə səbəb olub. Hələ də cəmiyyətdə qızların zorla, istəmədiyi adama ərə verilməsi, yetkinlik yaşa çatmadan evliliyə cəlb edilməsi halları mövcuddur. Hətta onların arasında öz hüquqlarını bilən, ali təhsilli qızlar da var.

Deputat Məlahət İbrahimqızı: "Qardaşımın həbsi ilə bağlı yayılan ...

Məlahət İbrahimqızı

Mövzu ilə bağlı millət vəkili Məlahət İbrahimqızı “Yeni Müsavat”a danışıb. O deyib ki, cəmiyyətdə bir daha bu cür hadisələrin yaşanmaması üçün ilk növbədə maarifləndirmə işləri aparmalıyıq: “Maarifləndirmə çox vacib məsələdir. Çox təəssüf ki, ürək ağrısı ilə bu cür hadisələrin olduğunu eşidirik. Əvvəllər qeyd olunan hadisələr ucqar bölgələrdə baş verirdi. Amma indi Bakıda yaşayan ailədə bu cür hadisə yaşanıb.

Ola bilməz ki, qızın təhsil aldığı universitetdə onun dərdini bilən olmasın. Doğrudur, biz dəqiq bilmirik ki, həmin qızın intihar etməsinin səbəbi zorla ərə verilməsi ilə bağlıdır. Amma sizin də qeyd etdiyiniz kimi, iddialara görə səbəb budursa, çox təəssüfedicidir.

Hazırda 21-ci əsrə3-cü onilliyinə qədəm qoymuşuq, amma yenə də qızları zorla, istəmədiyi adama ərə verirlər.

Biz İslam dininin inancında olan dövlətik. Doğrudur, dünyəvi dövlət olsaq da, dinimiz İslam dinidir. Beləliklə, nə dini kitabımız olan Quranda, nə də peyğəmbərimizin bizə qoyduğu vəsiyyətlərdə nəinki qızların, eləcə də oğlanların məcburi evliliyə cəlb edilməsi yoxdur. Ailə qurulması məsələsində mütləq şəkildə tərəflərin razılığı, könlü olmalıdır. Bundan sonra valideynlərin borcudur ki, gənclərə məsləhətlər, xeyir-dualar versin, onların gələcəkdə çətinlikləri olmasın deyə imkanı daxilində köməklik göstərsin”.

Məlahət İbrahimqızı qeyd edib ki, təkcə dinimizdə deyil, Azərbaycan qanunlarında və Ailə Məcəlləsində də zorla evlilik yoxdur: “Bu cür hallar əslində məişət zorakılığıdır. Bəzən bizlər məişət zorakılığı deyəndə ərin arvadına qarşı zorakılığı kimi başa düşürük. Amma qeyd etdiyim kimi, zorla ərə vermə, evləndirmə də məişət zorakılığının bir növü, valideynlərin öz hüquqlarından sui-istifadəsidir. Doğrudur, ata-analarımızın sözü bizim üçün qanundur. Amma həm dinimiz, həm də qanunlarımız bildirir ki, valideynlər də öz hüquqlarını istismar etməməlidir.

Əgər doğrudan da sonuncu hadisədə gənc qız valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar edibsə bu insanlıq baxımından həm cinayətdir, həm də zorakılıq, şiddətdir. Valideyn üçün ən böyük cəza onun zorakılığı, şiddəti ucbatından övladının intihar etməsidir”.

Zeynalova: “Zərərli vərdişlərin kökü ailədən başlayır”

Mehriban Zeynalova

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qeyd etdi ki, qadın intiharlarının arxasında əksər hallarda zorakılıq faktları dayanır:

“Təəssüflər olsun ki, 90 faiz intihar hallarında hadisə adi intihar hesab edərək, işi bağlayırlar. Halbuki bu cür hallarda ciddi araşdırmaya ehtiyac olur.

Araşdırma edilərsə də bu barədə ictimaiyyət məlumatlandırılmır. Yəni, bəzi hallarda psixoloji-zorakılıq o həddə olur ki, şəxs intihara əl atır”.

Mehriban Zeynalova qeyd etdi ki, bu cür hadisələr ilə bağlı nəzarət mexanizmi olmalı və qadın təşkilatları həmin mexanizm üzrə işləməlidir:

“Gənc qızın intiharı ilə bağlı informasiyanı mən də mətbuatdan öyrəndim. Baxmayaraq ki, qız təhsillidir, amma valideyninə qarşı gəlməkdə aciz olub, valideynindən polisə şikayət edə bilməyib.

Bu cür hadisələr ilə bağlı nəzarət mexanizmi olmalı və qadın təşkilatları həmin mexanizm üzrə işləməlidir. Həmçinin intihar hadisəsində zorakılıq faktı aşkar edilərsə, şəxslərin  qanunla cəzalandırılması məsələsi olmalıdır. Lakin deyə bilərəm ki, bu günə qədər hansısa intihar hadisəsinə görə kiminsə cəzalandırılması faktı ilə qarşılaşmamışam. Bu məsələ artıq ciddi şəkil almalı, araşdırılmalıdır.

Xarici ölkələrdə belə bir təcrübə var. Bəzən 3-4 il çəkən məhkəmə prosesləri olur və sonda günahkar olan şəxs həbs edilir. Təhsil alan qız həyat eşqi ilə dolu olur. Bu cür qız niyə intihar etsin ki?”

Sevinc Fədai xəbər saytına Baş redaktor təyin edilib

Sevinc Fədai

Qadın və Uşaq Akademiyası İctimai Birliyinin sədri, jurnalist Sevinc Fədai isə bildirib:

“Bakıda istəmədiyi adama ərə verildiyi üçün gənc tələbə intihar etdi. Doğrudur, bu, onun tələbə yoldaşlarının iddiası idi. Amma bu bir faktdır ki, hələ də cəmiyyətimizdə zorla ərə verilən, istəmədiyi adamla ailə quran qızlarımız var. Onların arasında göründüyü kimi ali təhsilli, öz hüquqlarını bilənlər də var.

Ümumiyyətlə, araşdıranda görürük ki, əksər ailə-məişət problemlərinin, eləcə də gənclərin intiharının kökündə valideynlərlə sağlam münasibətlərin olmaması, eləcə də valideynlərin onların həyatına uyğunsuz müdaxiləsi, hökmü dayanır. Ona görə də belə məqamlarda ali təhsilli olmaq nəticəyə bir o qədər təsir etmir. Çünki bu, psixoloji duruma və həyata, hadisələrə yanaşmaya bağlıdır. Məsələn, gecə-gündüz dərs oxuyan, ali təhsil alan bir qız evdə müti yetişdirilibsə, ancaq əmr qulu olubsa, öz qərarları, seçimləri olmayıbsa, hüquqlarının müdafiəsinə qalxacaq gücü olmayıbsa, özünə inamı yoxdursa, o mənəvi gücə sahib deyilsə, bir gün onu zorla ərə verəndə təhsili onun köməyinə çatmır və çarəni ölümdə görür.

Əslində, çox ağırdır ki, ilk növbədə, böyüdüyün ailə, səni yetişdirən valideynlər hüquqlarını öyrədib-qorumağı öyrətmək əvəzinə, elə sənin hüquqlarını ən çox onlar pozur. Özü də lap uşaqlıqdan yetkin çağına qədər. Üstəlik, son dövrlərdə Azərbaycanda zorla ərə verildiyinə görə nə qədər intihar edən gənc qızlar var və bu hadisələrin heç biri valideynlərin düşüncəsinə təsir eləmir, belə desək, onları qəflət yuxusundan oyatmır. Bu mənada təhsil ocaqlarının, müəllimlərin, ziyalıların, qeyri-hökumət təşkilatlarının, bütövlükdə cəmiyyətin üzərinə böyük məsuliyyət düşür”.

Təşkilat sədri qeyd edib ki, övladlarını intihar etmək məcburiyyətində qoyan valideynlər məsuliyyətə cəlb olunmalıdır:

“Belə ki, biz uşaqları valideynlərinin belə onların hüquqlarını poza bilməyəcəyini dərk edəcək təfəkkürdə yetişdirməliyik. Ümumiyyətlə, bu məsələyə ictimai və hüquqi baxış dəyişməlidir, cəmiyyətimizdə valideynlər bu addımlarına görə məsuliyyətə cəlb edilməlidir ki, gələcəkdə belə müdaxilələr olmasın. Ölkənin qanununa, vətəndaşın hüquqlarına adət-ənənə, təhlükəli mental qaydalar təsir etməməlidir. Bunun bir cəzası olmalıdır. Əks halda biz nə qədər gənci itirəcəyik və sonradan atılan daş topuğa dəyəcək. Hər intihar edən məktəbli, yeniyetmə, gənc ailə bağları, məktəb, dost, cəmiyyət bağları olmayan, içində ölüm daşıyan minlərlə şagird, yeniyetmə, gənc deməkdir. Minlərlə beyin, minlərlə insan həyatı deməkdir. Buna görə də, hər bir fərddə özünədəyər anlayışını, sağlam düşüncə formalaşdırmaq və inkişaf etdirmək, mənəvi güc qazandırmaq, üçün ailədən, bağçadan, məktəbdən başlayaraq bütövlükdə cəmiyyət, KİV, QHT, psixoloqlar, sosioloqlar, sağlam düşüncəli qələm əhli – hər kəs çalışmalıdır. Öz ailəsində hüququ pozulan gəncin ürəklə üz tutacağı qapılar olmalıdır. Bu mənada ilk növbədə valideynlərin maarifləndirilməsinə, eləcə də yeniyetmə və gənclərin psixologiyasını, hüquqlarını qoruyan bir platforma yaratmaq ideyam var. Ancaq hələ ki, rəhbərlik etdiyim təşkilatın bürokratik əngəllər ucbatından rəsmiləşməməsi bunun önünü kəsir. Ümid edirəm ki, bu ideyanı reallaşdırmaq gənclərin həyatını xilas edə biləcək, ümumiyyətlə, valideynləri bu kimi addımlardan çəkindirəcək”.

Hansı üzlə medianı günahlandıra bilərsiniz? – Günay Arda yazdı ...

Günay Arda

Jurnalist Günay Arda qeyd etdi ki, bütün hallarda zorakılıq, məcburi ərə verməyə cəlb edilmə pislənməlidir:

“Hələ ki, həmin hadisə ilə bağlı istintaq gedir və tələbə qızın istəmədiyi adama ərə verildiyi üçün intihar etməsi tələbə yoldaşlarının versiyası idi.

Lakin bütün hallarda zorakılıq, məcburi ərə verməyə cəlb edilmə pislənməlidir. Həmçinin intihar çıxış yolu ola bilməz. Valideynlər heç bir formada övladlarına qarşı psixoloji-mənəvi təzyiq göstərə bilməz. Ailə qurmaq iki şəxsin izdivacıdır. Təəssüf ki azərbaycanlı ailələr üçün evlilik iki nəslin birləşməsidir. Problem olduqda isə evlilik zamanı hər şeyə qarışan böyüklər yaxalarını kənara çəkir.

Yetkinlik yaşına çatmış şəxs seçimlərini özü edir. Pandemiya dövründə bir neçə hadisə ilə rastlaşdım. Nişanlılar rəsmi nikah bağlasalar da, pandemiya səbəbi ilə təxirə düşən toylar ailələr arasında qırğınlara səbəb olub. Bir neçə cütlük evlənməkdən boşanıb.

Bu onu göstərir ki, gənclər ailələrin, valideynlərin hökmranlığının əsiri olub. Hamı deyir ki, böyüklərin məsləhəti, xeyir duası olmalıdır. Azərbaycanda əksər ailələr qaydalara uyğun olaraq ailə göstərişi nəzarəti ilə qurulur. Bəs onda bu qayda qanunlar ailələri niyə qoruya bilmir? Niyə dəm-dəsgahla bağlanan nikahların əksəriyyəti boşanma ilə nəticələnir? Adət ənənə ilə sırınan qaydalar heç bir işə yaramır. Bu gəncləri yalnız və yalnız hüquq xilas edə bilər. Hər şey hüquq çərçivəsində olmalıdır. Qəbilə adətləri, qaydaları ancaq zərər verir. Gənclər hüquqdan başqa heç nəyə arxayın olmamalı,  hüquqdan başqa heç nə ilə razılaşmamalıdır. Hətta qarşı tərəf valideyn olsa belə”.