Həftəsonu sərt karantin rejimində bəzi vətəndaşlar özlərini məsuliyyətsiz apardılar. Başqa ölkələrdə də sərt karantin rejimi tətbiq olunub: amma nə alman, nə türk, nə italyan, nə də çinli özünü bağça uşağı kimi aparır.
Amma biz iki günlük sərt karantin şəraitində anlaşılmayan davranışlara yol verdik: küçədə samovar qalamaq, binanın damında manqal qoyub kabab çəkmək, polisə zibil atmaq və s. ilaxır...
Bir baxın, bu ölkələrin hansında polisin əmrinə tabe olmadılar, hansı avropalı polislə qaçdı-tutdu oynadı?
Əgər Nazirlər Kabineti əvvəl gündən bar-bar bağırıb küçəyə çıxmaq qadağası bəyan edibsə, dəfələrlə karantinin şərtləri, qaydanı pozanları gözləyən cəza xalqın nəzərinə çatdırılıbsa, hər yer bağlıdırsa (kafe, market və s. ) insan niyə küçəyə çıxır?
Operativ Qərargah qaydaları öncədən elan edib, baş nazir Əli Əsədov TV-də danışıb və tələbləri elan edib. Xalqa qabaqcadan xəbərdarlıq edilib ki, bütün ərzaq, dərman və s. tədarükü görsünlər və iki gün evdən çölə çıxmasınlar.
Niyə? Bizə görə...Yoluxma azalsın, koronavirus bəlası sovuşsun, millətimiz əvvəlki həyatına qayıtsın. Di gəl ki, bəzi insanlar lüzum olmadığı halda özlərini işə saldılar, lazımsız yerə karantini pozdular. Axı niyə belə edirik?
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a bildirdi ki, əvvəla bütün bunlar mədəniyyətin, intizamlılığın göstəricisidir.

Deputat Musa Quliyev: “Gözləyirik ki, bu xəstəlik hər evə çatsın, onda insanlar dərk etsinlər”
Deputatın fikrincə, bu hərəkətlər həm ictimaiyyətə hörmətsizlikdir, həm qanunu pozmadır. Komitə sədri hesab edir ki, bu adamlara həm qanunla, həm ictimai tənbehlə cəza verilməlidir: “Epidemiya dövründə qanunu pozmaq adi günlərdə qanunu pozmaqdan fərqlidir. Polis dövlətin adından bu işləri yerinə yetirir. Polisə hörmətsizlik dövlətə hörmətsizlikdir. Bu gün pandemiya ilə mübarizədə polislər və həkimlər ön cəbhədədir.
Onlar da övladlarımızdır, gecə-gündüz əziyyət çəkirlər. Azərbaycan polisi qədər humanizm, peşəkarlıq göstərən az ölkələrin polisi olub. Avropaya da, Amerikaya da baxırıq.
Amma bizdə polis qadını dəfnə aparır, kiminsə evinə çörək çatdırır. Biz gözləyirik ki, bu xəstəlik gərək hər evə çatsın, onda insanlar dərk etsinlər.
Artıq xəstəxanalarda yer yoxdur, mən həkiməm, bütün bunları görürəm. Ona görə də insanları intizamlı olmağa çağırıram".
Psixoloq Fərqanə Mehmanqızı “Yeni Müsavat”a bildirdi ki, baş verənlər kütlə psixologiyasının əlamətləridir.
Onun sözlərinə görə, təqribən üç aydır davam edən karantin insanlarda davranış pozuntularına gətirib çıxarıb.
Psixoloqun fikrincə, hazırda karantin səbəbindən həm aqressiya artıb, həm somatik depressiya yaranıb: “İnsanlar hərtərəfli yorulublar. Evdə qalmaq, iqtisadi çətinlik təsirlərini göstərməkdədir. Ona görə həftəsonu iki gün evdə qalanda öz hərəkətləri ilə diqqət çəkməyə çalışdılar. Amma bu, həqiqəti dəyişmir”.

Psixoloq Fərqanə Mehmanqızı: “Karantin insanlarda davranış pozuntularına gətirib çıxarıb, aqressiya və somatik depressiya yaranıb”
F.Mehmanqızı qeyd etdi ki, həqiqət koronavirusun olması, yoluxmanın artmasıdır: “Qadağalara əməl etməliyik. Karantin şərtləri ilə razılaşmaya bilərsən, ancaq riayət etməlisən. Yasamalda baş verən hadisə də göstərdi ki, insanların psixoloji vəziyyətində xaos var. Optimal yol odur ki, hər kəs öz məsuliyyətini dərk etsin və tövsiyələrə uyğun hərəkət etsin”.
Şair, yazar Murad Köhnəqalanın “Yeni Müsavat”a bildirdiyinə görə, hadisələrin əvvəlinə baxmaq lazımdır:

Yazar Murad Köhnəqala: “Vətəndaşların hələ də polisimizin oynadığı qoruyucu roldan müfəssəl xəbəri yoxdur”
“Polis bir vətəndaşı sərt karantin qanunlarına tabe olmadığına görə nəzarətə götürmək istəyir. Ola bilsin, həmin adamın psixi durumu yerində olmayıb. Məsələn, sərxoş, yaxud narkotikin təsiri altında hərlənib. Ya da sadəcə, ürəyi darıxıb, hava almaq üçün aşağı, küçəyə düşüb.
Görünən bu idi ki, adam polislərin çağırışına tabe olmayıb, özünü qəhrəman bilərək polisin əlindən qaçmaq üçün paltarını belə soyunub. Polis neyləməlidir? Beləsini tin söhbətinə çəkməli deyil ki?"
M.Köhnəqalanın fikrincə, əlbəttə, hər şeyə aydınlıq gətirmək üçün polis həmin vətəndaşı bölməyə aparmalıdır: “Həmin vətəndaş da polislərə affekt vəziyyətdə müqavimət göstərərək öz xoşluğu ilə maşına minmək istəmir. Kənardan isə bu mənzərə polisin bir vətəndaşa təcavüzü kimi görünür. Əhvalat vaqe olan həyətin ətrafındakı binaların sakinləri görüntünü videolentə alırlar.
Sonra da polislərə müqavimət göstərən həmin “qəhrəmana” dəstək göstərərək ağılsız və tərbiyəsiz şəkildə polisləri yuxarıdan daş-qalaq edirlər. Mən həmin videogörüntüləri izləyəndə ürəyimdən keçdi ki, kaş, Azərbaycan hüquq-mühafizə orqanları polislərimizə belə təhqiramiz münasibət göstərənləri bağışlamayaydı. Xoşbəxtlikdən elə də oldu".
Yazarın sözlərinə görə, ikinci videogörüntüdə isə binanın zibil atanları bütün bina boyu qışqıraraq xaotik hərəkətlər edirdilər:
“Bu biabırçılığın bir tərəfi də var. Youtube-də tabe olmaq istəməyən vətəndaşın maşına oturuldulma görüntülərinin altına polislərə qarşı o qədər təhqiramiz rəylər var ki, heyrət eləyirəm.
Düşünürəm ki, vətəndaşlarımızın hələ də polisimizin ölkəmizdə, vətəndaşlarımızın həyatında oynadığı qoruyucu roldan müfəssəl xəbəri yoxdur".
