ABŞ-da Demokratik Konqres üzvləri polis tərəfindən boğularaq öldürülən qaradərili Corc Floydu diz çökərək anıblar.
Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, qurum üzvləri Corc Floydun nəfəssiz qaldığı 8 dəqiqə 46 saniyəni xatırlayaraq, diz çöküb həmin müddəti anıblar.
Bununla bağlı Nümayəndələr Palatasının demokrat lideri Nensi Pelosi, Senatın qrup lideri Çuk Skumer, Kaliforniya senatoru Kamala Harris, Demokrat Partiyasının üzvləri Konqresdə toplaşıblar.
Demokrat üzvlərin qaradərililəri təmsil edən şərflərdən istifadə etməsi diqqət çəkib.
Xatırladaq ki, qaradərili amerikalı olan Corc Floyd Minnepolisdə polislər tərəfindən saxlanılmış və bir polisin dizi ilə onun boynunu sıxması nəticəsində boğularaq, ölüb.
Hadisə ilə bağlı yayılan görüntülər ABŞ-da böyük hiddətlə qarşılanıb, etirazlara səbəb olmuşdu. Əvvəlcə Minnepolisdə, daha sonra isə paytaxt Vaşinqton da daxil olmaqla bir çox böyük şəhərlərdə etiraz aksiyaları keçirilib, polislə toqquşmalar olub.
