|
Elxan Şahinoğlu: “Yalnız Avropa Şurasının kənarda qalması o demək deyil ki, separatçıların ”seçki oyunu" tanındı"

Aydın Hüseynov: “Avropa Şurasının hansı mövqedə olmasından asılı olmayaraq Azərbaycan öz yoluna davam edir”

Ermənilərin işğal altında saxladıqları Dağlıq Qarabağda keçirdiyi saxta “prezident” və “parlament seçkiləri”ni  dünyanın heç bir dövləti tanımadı. Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk Qrupu həmsədrləri-ABŞ, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı da eynilə seçkiləri tanımadığını bəyan edib. Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, digər bütün aparıcı beynəlxalq təşkilatlar bu “seçkiləri” qınadı. Məsələyə bu günədək təkcə Avropa Şurası-AŞ PA münasibət bildirmədi.

Avropa Şurasının bu davranışı Azərbaycan cəmiyyətində ciddi etirazlara, tənqidlərə səbəb oldu. Azərbaycanın prezidentindən, siyasi partiyaların sədrlərinə, hətta sadə vətəndaşlara qədər hər kəs bu beynəlxalq təşkilatı işğalçılığa, beynəlxalq konvensiyaların pozulmasına göz yummaqda qınadı.

Bəs Azərbaycandan olan reaksiyalar, etirazlar Avropa Şurasının mövqeyində dəyişiklik edə biləcəkmi?

İlham Əliyev xalqa layiqincə xidmət edir" - Milli Məclisin deputatları

Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov  bildirdi ki, Avropa Şurasının, AŞ PA-nın Dağlıq Qarabağda “seçki oyunu”na laqeydliyi Azərbaycan cəmiyyətində bu quruma etimadı, inamı tamamilə sıfıra endirmiş oldu: “AŞ PA-nın Azərbaycana qarşı qərəzi onun Cənubi Qafqazın ən mühüm ölkəsi olan Azərbaycanda mövqelərini sarsıdır. Beləliklə, həmin beynəlxalq təşkilat əslində özünə zərbə vurmuş olur. Biz zaman-zaman AŞ PA-nın Azərbaycana qarşı qərəz və ikili standartlarının şahidi olmuşuq. AŞ PA-kı müəyyən anti-Azərbaycan qüvvələr, erməni lobbisinin təsiri altında olan qüvvələr davamlı olaraq  Azərbaycanın imicini ləkələmək üçün şər-böhtana üstünlük verir. Ümumiyyətlə, son illərin təcrübəsi göstərir ki, AŞ PA göstərilən etimadı doğrultmur. Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki xunta rejiminin keçirdiyi ”seçki"lərlə bağlı mövqe bildirməməsi  AŞ PA-dan  ölkəmizə qarşı ikili standartların mövcud olduğunu, qərəzli mövqeyin olduğunu təsdiqləyir. 30 ilə yaxındır Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu müddət ərzində separatçı rejim bir neçə saxta seçkilər keçirib, “parlament” və “prezident” seçib. Bu “seçkilər”in heç biri hər hansı beynəlxalq təşkilat, dünya dövləti, hətta Ermənistanın özü tərəfindən tanınmayıb. Martın 31-i və aprelin 14-də keçirilən “seçkilər” də bu rəzalətin davamı, cənab Prezidentin dediyi kimi, təlxəklər tamaşı idi. Avropa Şurası bu tamaşaya susqunluq göstərməklə özünün indiyə qədər qəbul etdiyi bir sıra bəyanat və qətnamələrə də hörmətsizlik etməklə yanaşı, separatizmi arxayınlaşdırır və həvəsləndirir. Bu da Avropa Şurasının sənədlərində yazılan ideallarla ziddiyyət təşkil edir. Azərbaycan dövləti və ictimaiyyətinin etirazları, tənqidləri bütün bunlara görə tamamilə haqlıdır. Avropa Şurasının bundan nəticə çıxarıb-çıxarmayacağını və mövqeyində dəyişiklik edib-etməyəcəyin zaman göstərəcək. Hər halda, ədalətli mövqeyə gəlsələr bundan ilk növbədə özləri qazanacaqlar. Azərbaycan onsuz da bəyan edib ki, öz haqlı yolu ilə gedir, ərazi bütövlüyündən vaz keçməyəcək və ərazisinin bütövlüyünü bərpa edəcək. Avropa Şurasının hansı mövqedə olmasından asılı olmayaraq Azərbaycan öz yoluna davam edir. Bu yol milli maraqlara əsaslanır".

Politoloq Elxan Şahinoğlu da bildirdi ki, əksər beynəlxalq qurumların Dağlıq Qarabağda “seçkini” tanımadıqlarını bəyan etməsi Azərbaycanın xeyirinədir. Beynəlxalq təşkilatlardan haqlı mövqeyimizə dəstək gəldi. Yalnız Avropa Şurasının kənarda qalması o demək deyil ki, separatçıların “seçki oyunu” tanındı: “Biz çalışmalıyıq ki, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin həyata keçirilməsinə nail olaq. Avropa Şurasının da mövqeyinə bu yolla təsir etmək mümkündür”.