Rusiya prezidenti Vladimir Putinin keçmiş köməkçisi Andrey İllarionov ölkədə koronavirusa yoluxanların real sayının 5 dəfə çox olduğunu iddia edib:
"Rusiyada virusdan ölənlərin real sayısı 15-20 min nəfərdir".
Andrey İllarionov verdiyi açıqlamada Rusiya tərəfindən bəyan edilən yoluxma sayına inanmadığını, real rəqəmlərin dəfələrlə çox olduğunu deyib: "Bu, müzakirə olunmayan həqiqətdir. Aprel ayında koronavirusdan ölənlərin sayı açıqlanan rəsmi rəqəmlərdən ən azı iki dəfə çox idi".
İllarionov qeyd edib ki, Rusiyanın digər bölgələrində vəziyyət daha ağırdır: "Peterburqda real ölü sayı açıqlanan rəqəmlərin 12 qatı, Dağıstanda isə 25 qatıdır. Ümumilikdə baxanda isə, Rusiyada virusdan ölənlərin sayı 4-5 min deyil, 15-20 min arasındadır".
Xatırladaq ki, Rusiya tərəfindən açıqlanan rəsmi rəqəmlərə görə ölkədə hazırda 467.673 nəfər koronavorusa yoluxub, 5.859 nəfər isə virusdan dünyasını dəyişib. Həmçinin rəsmi açıqlamaya görə Peterburqda koronavirusa yoluxanların sayı 18.509, ölənlərin sayı isə 377 nəfərdir. Dağıstanda isə yoluxma sayı 5.858, ölənlərin sayı isə 303 nəfər olduğu bildirilir.
