|
Qoruyucu maskalara görə cərimələr təsdiqləndi:

İyunun 2-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi.

Fazil Mustafa cari məsələlərlə bağlı çıxışında dedi ki, parlamentin yeni tərkibində ayrı-ayrı komitə üzvlərinin qanun layihələrini təqdim etmə təcrübəsi yaxşı haldır: “Əvvəllər Milli Məclisdə sanki komitə sədrlərinin inhisarçılığı var idi. Mən çox sevinirəm ki, parlamentdə xeyli gənc deputatlar özləri təşəbbüs göstərib bu prosesi həyata keçirirlər”.

Razi Nurullayev kəndlilərin problemlərindən danışarkən dedi ki, təmsil etdiyi İmişli rayonunda örüş yerləri problemi var: “Dünən İmişlinin Hacalmuradlı kəndində çəkilmiş bir videoya baxdım və məsələnin nə qədər acınacaqlı olduğu bir daha görünür. Bir tərəfdə döyülənlər, söyülənlər, digər tərəfdə pis vəziyyətdə qalan polis zabitləri və qan içində olan vətəndaş. Kəndlinin örüş sahəsi olmasa, o kəndli necə yaşaya bilər? Bu kəndli inəyini, qoyununu, keçisini harada saxlasın?” Deputat dedi ki, bu şəkildə torpaq islahatı hazırlayıb Prezidentə təqdim edənlər məsuliyyət hiss etməlidirlər: “Uzun müddət uğurlu torpaq islahatından danışıldı. Bu, sadəcə, gözə kül üfürmək idi. Kolxozların dağıdılmasına və torpaqların paylaşdırılmasına rəvac verənlər, Prezidentə bunu təqdim edib tez-tələsik imzaya nail olanlar qoy məsuliyyət hiss etsinlər”.

Qənirə Paşayeva Tovuzda keçirdiyi görüşlərdə seçicilərin qaldırdığı problemlərlə əlaqədar olaraq müvafiq qurumlara müraciət etdi. Bildirdi ki, kənd təsərrüfatını suvarma sistemi mövcud olmadan inkişaf etdirmək mümkün deyil: “Əgər bu mövsüm də quraqlıq şəraitində keçərsə, biz çox ciddi problemlərlə üz-üzə qalacağıq”. Q.Paşayeva suvarma sisteminin təkmilləşdirilməsi, suyun ədalətli bölüşdürülməsi ilə bağlı Prezidentin müvafiq tapşırıqlar verdiyini xatırlatdı: “Zəyəm çayı üzərində su anbarının tikintisi həyata keçirilsə, bu, təkcə Tovuzun yox, Şəmkirin də xeyli sayda əhalisini suvarma suyu ilə təmin edəcək. İkinci tərəfdən, Kür çayından Qovlar şəhərinə su vurularsa, çoxsaylı kəndlərin problemləri aradan qalxar. Mən hörmətli baş nazirimizi, hökumətimizi bu məsələlərə baxmağa çağırıram”.

Məlahət İbrahimqızı çıxışında Bakının ekoloji durumundan danışdı, həmçinin salınan yaşıllıq zonasına diqqətsizlikdən gileyləndi. Dedi ki,  bu gün Nəsimi rayonunda yaradılan yaşıllıqların suvarılması problem olaraq qalmaqdadır: “Çox təəssüf ki, Bakının bütün rayonlarında vəziyyət belədir”. Deputat bildirdi ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən yaşıllıqların qorunması üçün heç bir iş görülmür: “Bu problemin ən qısa zamanda həll olunmasını xahiş edirəm”. 

Səməd Seyidov da seçildiyi rayonun su problemindən bəhs etdi: “Subartezianlar qazılmalıdır ki, su gəlsin. Kür çayı yanından axdığı halda, Şıxlı, Daş Salahlı, yuxarı Salahlı kəndində suyun olmaması anlaşılan deyil. Mən bununla bağlı deputat sorğusunu ”Azərsu"a göndərmişəm. Həmkarlarımızın da qeyd etdiyi kimi, bu, yalnız Qazax rayonunun problemi deyil.  Bu gün ən əsas məsələlərdən biri məhz budur-su probleminin həll olunması". S.Seyidov hökumətə, müvafiq dövlət strukturlarına müraciət etdi.

Qüdrət Həsənquliyev Milli Məclisdəki çıxışında öncə seçicilərin problemlərini qaldırmaq üçün deputatlara çıxış imkanı yaradan spiker Sahibə Qafarovaya təşəkkür etdi. “Əgər bu, belə davam edəcəksə, insanlar öz problemlərindən danışılması üçün başqa auditoriya axtarmayacaqlar” - deyə, deputat bildirdi. Q.Həsənquliyev Milli Məclisin iclaslarınının televiziya ilə yayımlanmasını da vacib saydı: “Qoy sadə seçicilər görsün, televiziyalar işıqlandırsın. Bu gün azsaylı insanlar televiziyaya baxır. İnsanlar televizoru açanda nəyi görürlər? Baxırlar ki, siyasi tok-şoular ancaq hökumətin tərifinə həsr olunur. Ona görə də maraqlı olmurlar o verilişlərə baxmağa, ya şou proqramlara baxırlar, ya da televizoru söndürürlər. Ona görə də yaxşı olar ki, parlamentin özünün televiziyası olsun”. Deputat parlament televiziyası vasitəsilə parlamentin iclaslarının canlı yayınlanmasını təklif etdi: “İclaslar həm canlı yayımla verilməli, həm də təkrar yayımlar olmalıdır”.

https://azertag.az/files/galleryphoto/2020/2/1000x669/w_1615910850623579361934_1000x669.jpg

Ramil Həsən Milli Məclisin dostluq qrupları tərəfindən dünya ölkələrinin parlamentlərinə Dağlıq Qarabağda baş verənlər və Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan “seçkilər”lə bağlı məlumat göndərilməsini təklif etdi. Onun sözlərinə görə, Milli Məclisdə 82 dostluq qrupu fəaliyyət göstərir: “Hesab edirəm ki, həmin dostluq qrupları tərəfindən dünya ölkələrinin parlamentlərinə Dağlıq Qarabağda baş verən məsələlər və Azərbaycanın işğal olunmuş ərazilərində təşkil olunan ”seçkilərlə" bağlı məlumat göndərilməlidir. Bu, önləyici vasitə ola bilər. Həmin ölkələrin parlamentləri məsələlərdən məlumatlı olarlar".

Vüqar Bayramov Milli Məclisdəki çıxışında bildirdi ki, MDB ölkələri üzrə Azərbaycan torpaq islahatının şəffaf aparıldığı ölkələrdən biridir. Bununla belə, əlavə etdi ki, torpaq islahatının həyata keçirilmədiyi bölgələr də var. V.Bayramov bildirdi ki, bu gün təmas xəttində yaşayan insanlar torpaqlardan səmərəli istifadə edə bilmirlər, çünki o ərazilərdə torpaq islahatı həyata keçirilməyib: “Elə mənim təmsil olunduğum Füzuli rayonunda torpaq islahatı aparılmayıb, o cümlədən Alxanlı kəndində. Təmas xəttində də torpaq islahatının həyata keçirilməsi orada yaşayan əhalinin subsidiyadan istifadə etməsinə imkan yaradardı”.

Cavanşir Paşazadə pay torpaqları ilə bağlı problemin olduğunu vurğuladı. “Biz 3 il öncə pay torpaqları ilə bağlı qanun qəbul etmişik, lakin qanun indiyə qədər işləmir” - deyə, bildirdi. C.Paşazadə bildirdi ki, qanunun işlək hala gətirilməsinə ehtiyac var: “Lənkəran sitrusçuluq və çayçılıqla məşğul olan bölgədir. Xalq Cəbhəsi dövründə çayçılıqla bağlı olan torpaq sahələri məhv edildi. Suvarma problemi isə bu gün də bu bölgədə qalmaqdadır”. Deputat qeyd etdi ki, su problemi çayçılığın inkişafına bu gün də mane olur: “Su anbarları 60 il əvvəl tikilib, artıq lillə dolub. Anbarları təmizləmək lazımdır”.

Vitse-spiker Adil Əliyev çıxışında bildirdi ki, son günlər sosial şəbəkələrdə şəhid ailələri və qazilərimizin müəyyən söyüş və təhqirlərə məruz qaldığının şahidi oluruq. Deputat qeyd etdi ki, Azərbaycanda şəhid və qazi ailələrinə dövlətin və Prezidentin xüsusi qayğısı var: “Bu gün şəhid ailələrinin heç bir şeyə ehtiyacı yoxdur. Onların sadəcə xüsusi diqqətə ehtiyacı var. O insanların hər biri bizim diqqət mərkəzimizdə olmalıdır”.

Cari məsələlərin müzakirəsindən sonra gündəlikdəki məsələlər müzakirə olundu. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərə baxılan zaman sədr S.Qafarova bildirdi ki, üçüncü oxunuş olduğundan layihəyə heç bir dəyişiklik edilməyəcək. 

Bundan sonra qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı səslənən təkliflərə deputat Fəzail Ağamalı münasibət bildirdi. Məlum oldu ki, yekun layihədə cərimələrin məbləğinin yüksək olması ilə bağlı (50 manat) fikirlər və təkliflər nəzərə alınmayıb və məbləğ olduğu kimi saxlanılıb.

Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

F.Ağamalı deputatları qanun layihəsinə səs verməyə çağırdı. Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda qəbul edildi.

Milli Məclisin iclasında “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanuna dəyişikliklər müzakirə edildi. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihə barədə məlumat verdi. Layihəyə görə, sosial yardımın təyin olunması müddəti azaldılıb. Qanun layihəsinə əsasən, sosial yardımı almaq üçün müraciət edilən ayın 1-dən etibarən 1 il müddətinə təyin olunacaq. Qüvvədə olan qanuna əsasən, bu müddət 2 il idi. Qeyd edilib ki, ünvanlı dövlət sosial yardımının 2 il müddətinə təyin olunması, ailələrin bilərəkdən onların sosial yardım almaq hüququna və sosial yardımın məbləğinə təsir göstərən hər hansı məlumatları gizlətməklə sosial yardımın təyin olunmasına çalışmalarına səbəb olur. Ailənin gəlirləri dəyişkən olduğuna görə uzunmüddətli təyinat zamanında sosial yardım işlərinə nəzarət çətinləşir, həm də ailənin gəlirində baş vermiş dəyişikliklə bağlı bilməyərəkdən məlumat verilmədikdə 1 illik məhdudiyyət tətbiq olunur. Həmçinin aparılan monitorinqlər zamanı ailələrin qanunsuz hərəkətləri nəticəsində təyin olunmuş ünvanlı dövlət sosial yardımı işləri bəzi hallarda 1 ildən gec müddətə aşkar olunur ki, bu da dövlət büdcəsinin vəsaitinin itkisinə səbəb olur. Təyinat müddətini qısaltmaqla, həm ailənin gəlirlərinin dəqiq müəyyənləşdirilməsi, həm də sosial yardım işlərinə nəzarət mexanizmi gücləndiriləcək. Qanun layihəsi qəbul ediləcəyi təqdirdə, növbəti illərdə ünvanlı dövlət sosial yardımı və özünəməşğulluq proqramlarının genişləndirilməsi, həmçinin aktiv özünəməşğulluğa yönləndirilməsi proqnozlaşdırılır.

Plenar iclasda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik də üçüncü oxunuşda müzakirə edildi. Məcəlləyə əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına dair yeni maddə əlavə edilib. Təklif edilən yeni maddəyə əsasən, əlilliyi olan şəxslərin hüquqları haqqında qanunvericiliyin pozulmasına görə cərimələr nəzərdə tutulur. Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edildi.

Sədr S.Qafarova elan etdi ki, növbəti iclas 5 iyunda keçiriləcək.