|
Tanınmış vəkil “Elektron məhkəmə” sisteminin tətbiqindən danışdı

Cavad Cavadov: “Ən inqilabi dəyişiklik məhkəmələrin bir sıra məlumatları sərbəst online rejimdə əldə etmək imkanıdır”

“Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. Azərbaycan Respublikasının Ali Məhkəməsinə tövsiyə edilib və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılıb ki, “Elektron məhkəmə” informasiya sisteminin fəaliyyətinin təşkili və inkişaf etdirilməsi üçün zəruri tədbirlər görsünlər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılıb və Azərbaycan Respublikasının Baş Prokurorluğuna tövsiyə edilib ki, “Elektron məhkəmə” informasiya sisteminin Azərbaycan Respublikasının Baş Prokurorluğunda tətbiq olunan informasiya sistemi ilə inteqrasiyasını təmin etsinlər. Prezidentin imzaladığı fərmanı məhkəmə sistemində mühüm dəyişikliklərə yol açacağı gözlənilir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi, xüsusi hallarda cinayət prosesinin videokonfrans vasitəsilə davam etdirilməsi, bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi nəzərdə tutulur. Hakimlərin fəaliyyətinə Məhkəmə-Hüquq Şursının nəzarəti gücləndirilir.

Bu cür dəyişikliklər şəffaflığa və məhkəmə hökmlərinə necə təsir edəcək?

Tanınmış vəkil Cavad Cavadov “Yeni Müsavat”a deyib ki, sənəd mütərəqqidir və məhkəmələrin,  həmçinin vəkillərin işini çox çox asanlaşdıracaq: “Ən inqilabi dəyişiklik məhkəmələrin bir sıra məlumatları sərbəst online rejimdə əldə etmək imkanının verilməsidir. Yəni məhkəmələr artıq sorğu edib, həftələrlə,  bəzən aylarla cavabını gözləməyəcək. Bu, məhkəmə prosesinin tezliyinin təmin olunmasına və süründürməçiliyin qarşısının alınmasına xidmət edəcək. Bu məlumatlar aşağıdakılardır - telefon nömrələrindən tutmuş, sərhəd keçmə məlumatları, notariat məlumatları,  bank hesabları:

11.2.1. hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər barədə məlumatlar;

11.2.2. vergi ödəyicisi ilə bağlı keçirilmiş yoxlamalar haqqında məlumatlar;

11.2.3. telefon nömrələri barədə məlumatlar;

11.2.4. əmək müqaviləsi, pensiya və sosial müavinətlər haqqında məlumatlar;

11.2.5. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət və istifadə hüquqlarına dair məlumatlar;

11.2.6. daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış mülkiyyət, icarə və istifadə hüquqlarının məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatlar;

11.2.7. şəxslər barəsində axtarış və cinayət işlərinə, məhkumluğa, cərimə ödənişlərinə dair məlumatlar;

11.2.8. şəxsə məxsus olan nəqliyyat vasitələri barədə məlumatlar;

11.2.9. sürücülük vəsiqələri barədə məlumatlar;

11.2.10. şəxslərin və nəqliyyat vasitələrinin sərhədkeçmə uçotu;

11.2.11. sərhədkeçməsinə məhdudiyyət qoyulmuş şəxslər barədə məlumatlar;

11.2.12. ipoteka kreditləşməsi və təminat verilən kreditlər üzrə bank sirri təşkil edən məlumatlar;

11.2.13. kredit təşkilatlarından - şəxslərin bank və ya kredit təşkilatlarında mövcud olan hesabları, əmanətləri, hesablardakı vəsaitlərinin miqdarı barədə məlumatlar;

11.2.14. kredit məlumatlarının icmalı, borcalanın aktiv öhdəlikləri, borcalanın bağlanmış öhdəlikləri, borcalanın zamin olduğu öhdəliklər;

11.2.15. ipoteka və ya girov saxlayan qismində xeyrinə yüklü edilən daşınmaz və ya daşınar əşyalar barədə məlumatlar;

11.2.16. məcburi köçkünlər barədə məlumatlar;

11.2.17. elektrik enerjisi, içməli su və qaz abunəçiləri, onların borcları barədə məlumatlar;

11.2.18. yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə kirayəçiyə dair məlumatlar;

11.2.19. qiymətli kağızlar və onların yüklülüyü barədə məlumatlar;

11.2.20. icbari sığorta müqavilələrinə dair məlumatlar;

11.2.21. şəxsin təhsili və təhsil sənədləri barədə məlumatlar;

11.2.22. Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestrindən - vətəndaşlar və Azərbaycan Respublikasında daimi yaşayan, yaxud qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə vətəndaşlıq vəziyyəti aktları barədə məlumatlar;

11.2.23. “Elektron icra” informasiya sistemindən - məhkəmə qərarlarının icrası vəziyyəti barədə məlumatlar;

11.2.24. “Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər” informasiya sistemindən - barəsində həbs qətimkan tədbiri seçilmiş şəxslər, məhkumlar, habelə həbs qətimkan tədbirinin və cəzaların icrası vəziyyəti barədə məlumatlar;

11.2.25. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən - yoxlamalar barədə məlumatlar;

11.2.26. “Elektron notariat” informasiya sistemindən - notariat hərəkətləri barədə məlumatlar".

Vəkil ümid edir ki, növbəti mərhələ vəkillərə bu məlumatların (bir qisminin) online rejimdə əldə edilməsi imkanının yaradılması olacaq.