|
Milli Məclisin komitə iclasında dövlət büdcəsi müzakirə olundu

Maliyyə naziri: "2020-ci il büdcəsinin yerinə yetirilməsi ilə bağlı hər hansı bir problem yoxdur”

"Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi bu gün Milli Məclisdə müzakirə olundu.  Müzakirələrdə hökumət üzvləri də iştirak etdi.
 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili iclası açaraq bildirdi ki, 2019-cu il Azərbaycanda ən sürətli, əhatəli islahatlar ili kimi yadda qaldı: "2018-ci il seçkilərində yenidən xalq tərəfindən prezident seçilmiş möhtərəm cənab İlham Əliyev andiçmə mərasimindəki proqram xarakterli çıxışında böyük islahatlara start verəcəyini bildirmişdi. Əvvəlki illərdə də ölkəmizdə bir çox islahatlar həyata keçirilib. Lakin indiyədək heç bir ildə 2019-cu ildə olduğu kimi eyni vaxtda bir neçə istiqamətdə, kompleks halda və genişmiqyaslı addımlar atılmamışdı".

Deputat bildirdi ki, aparılan iqtisadi islahatlar sürətli və inkluziv iqtisadi inkişafla nəticələnib: "Belə ki, qeyri-neft sənyaesinin istehsalının 14%, kənd təsərrüfatı istehsalının 7.3%, əhalinin real gəlirlərinin 4.7%, orta aylıq əmək haqqlarının 14% artması islahatların nəticələrinin qısa müddət ərzində iqtisadi subyektlər və əhali tərəfindən hiss edilməsinə səbəb olmuşdur.
Şəffaflıq səviyyəsini artırılması və kölgə iqtisadiyyati ilə aparılan mübarizə öz effektiv təsirini göstərmiş, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaratmışdır".

Komitə sədri qeyd etfi ki, 2019-cu ildə iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparlışmış və cevik  və əhatəli idarəetmə üçün təşkilatı zəmin yaradılıb: "Bütün bu müsbət nəticələr dövlət başçısı tərəfindən mühüm sosial islahatların həyata keçirilməsinə də imkan yaratmışdır. Belə ki, 2019-cu ildə ilk dəfə olaraq minimum əmək haqqı 2 dəfə artırılaraq yaşayış minimumunu keçmiş, minimum pensiya təminatı 200 manata çatdırılmış, müavinət və əmək haqqılar isə artırılmışdır. Bu mühüm sosial paket 4.2 milyon insanı əhatə etməklə 2.3 mlrd vəsait hesabına yerinə yetirilmişdir. Təqdirəlayiq haldır ki, bu həcmdə işlər büdcənin ehtiyatlı və imkanları hesabına yerinə yetirilmiş və inflyasiyanın proqnozlaşdırıldığından belə aşağı olmasına səbəb olmuşdur.

2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlər tərəfindən mühüm dəstək göstərilmiş və problemin həlli üçün müvafiq vəsait ayrılmışdır. Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prossesi bu gün də davam edir. İnanırıq ki, görülın tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaqdır.

Bax belə bir iqtisadi şəraitdə 2019-cu ilin dövlət büdcəsi icra olunub. Əlverişli iqtisadi zəmin büdcənin uğurla iclasına şərait yaratsa da, büdcənin də icrası iqtisadi artıma dəstək vermişdir".

Son olaraq komitə sədri 2019-cu il büdcəsinin yeni büdcə qaydalarına uyğun hazırlanmış ilk büdcə olduğunu vurğuladı.  

“Hazırda Azərbaycanın 2020-ci il büdcəsinin yerinə yetirilməsi ilə bağlı hər hansı bir problem yoxdur”.

Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir qeyd edib ki, ötən beş ayın nəticələri mövcuddur və kifayət qədər profisit yaranıb.

“Azərbaycanın xarici valyuta mövqeyi 2019-cu ildə xeyli möhkəmlənib”.

S.Şərifov bildirib ki, valyuta ehtiyatları dövlət borcunu təxminən 5 dəfə üstələyib: “Biz tələsmirik. Daha çox gözləmə mövqeyi nümayiş etdiririk. Karantinin müəyyən mənfi iqtisadi təsirləri qaçılmaz idi. Qeyd etmək istərdim ki, operativ məlumatlarımız göstərir ki, büdcənin icrası ilə bağlı hansısa problemlər yoxdur. Büdcədə beş ayın nəticəsi 500 mln. manat profisit yarandığını göstərir”.

Onun sözlərinə görə, bu yaxşı mənzərədir və nəticələr barədə ətraflı məlumat təhlillərdən sonra təqdim olunacaq.

Nazir onu da bildirib ki, dövlət büdcəsinə yenidən baxılmasına Maliyyə Nazirliyi tərəfdən müraciət edilməyib.

"Dövlət büdcəsinə yenidən baxılması üçün müraciət etməmişik. Hazırda biz tələsmirik, daha çox gözləyici mövqe nümayiş etdiririk”, - o əlavə edib.

Nazir ölkədə karantin rejiminin tətbiq edildiyini xatırladıb: “Şübhəsiz ki, karantin rejiminin mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantindən çıxmaqla ölkə iqtisadiyyatında başqa prosesləri izləyirik. Dörd ay haqqında artıq məlumatlar mövcuddur. Beş ay haqqında məlumatlar isə yaxın vaxtlarda olacaq”.