Adil Qeybulla: “İnsanlar başa düşməlidir ki, onlar təkcə özləri üçün yaşamırlar...”
Dünya ölkələrində, o cümlədən də Azərbaycanda koronavirus pandemiyasına yoluxma, bu infeksiyadan ölüm halları artmaqda davam edir. Belə ki, bu materialı hazırlayan zaman dünyada koronavirusa yoluxanların ümumi sayı 6 milyon 162 min 516 nəfər, ölənlər isə 371 min 37 nəfər idi. İndiyədək dünyada 2 milyon 739 min 192 nəfər koronavirusdan müalicə alaraq, sağalıb. Lakin hələ də 3 milyon 52 min 287 nəfər müalicə alır. Onlardan 53 min 460 nəfərinin vəziyyəti ağırdır.
Siyahının başında ABŞ gəlir ki, bu ölkədə artıq 1 milyon 816 min 897 nəfər yoluxan 105 min 557 nəfər isə ölən var. Buna baxmayaraq Birləşmiş Ştatlar Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ayrılması nəzərdə tutulan vəsaiti digər səhiyyə təşkilatlarına yönlədirəcəyi ilə bağlı qərar verib. Bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə bütün əlaqələrinə son qoyur. Çünki, ÜST-nin rəhbərliyi ABŞ hökumətinin israr etdiyi islahatları həyata keçirməkdən imtina edib. Vaşinqton təşkilata il ərzində ayırdığı təxminən 450 milyon ABŞ dolları həcmində vəsaiti digər ehtiyaclara yönəltmək niyyətindədir”, - deyə Tramp bildirib.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və Aİ-nin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bununla bağlı birgə bəyanat yayıb: “Dünya COVID-19 pandemiyasına qarşı mübarizəni davam etdirdiyi müddətdə hər kəsin əsas vəzifəsi insan həyatını xilas etmək, bu pandemiyanın yayılmasının qarşısını almaq və təsirlərini yumşaltmaqdır. Avropa İttifaqı bu məsələdə ÜST-ə dəstəyini davam etdirir və artıq əlavə maliyyə yardımı da edib” - bəyanatda bildirilib. Bəyanat müəllifləri həmçinin ABŞ-ı öz qərarına yenidən baxmağa çağırıblar.
Koronavirus kabusundan xilas olmayan dövlətlər bu kimi qərarlar verməklə yanaşı, karantin qaydalarını da yumşaldırlar. Bütün bunların fonunda Azərbaycanda da oxşar addımlar atılır. Ölkəmizdə də yoluxma sayı artsa da, karantin qaydaları yumşaldılır, fəaliyyətinə məhdudiyyət qoyulan sahələr yenidən işə başlayır. Məlumat üçün onu da qeyd edək ki, mayın 30-da 257 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1948, 1953 və 1957-ci il təvəllüdlü üç nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib, 1 858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir. Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294 264 test aparılıb.
Bəs yoluxma sayının yüksək olduğu dövrdə dünya ölkələrində və Azərbaycanda karantin qaydaları niyə yumşaldılır? Karantin çıxış yolu deyilmi?

Adil Qeybulla
“Yeni Müsavat”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, Azərbaycanda karantin rejimi gözlənilən effekti verməyib: “Hələ SMS-lə icazənin verildiyi ərəfədə belə insanlar bir-birilərinə qonaq gedir, həyətdə samovar qalayır, domino oynayır, mütəmadi olaraq liftlərdən istifadə edirdilər. Bütün bunlar isə yoluxmaya səbəb olan amildir. Deyim ki, Azərbaycanda bugünkü yoluxmaların çoxu elə karantin dönəminə aiddir. Sosial şəbəkələrdə tez-tez koronavirusla bağlı təhlillərimi yazıram. Orada insanlar elə rəy yazırlar ki, sadəcə olaraq onlara deməyə söz tapmıram. Bu adamlar hələ də təhqir edir, söyüş söyürlər. Yəni insanlarımızın özündə qəribə bir münasibət var. Şəhərin mərkəzində heç kim maska taxmır. İnsanlar bu situasiyanı iqnor ediblər. Mən də deyirəm ki, karantin uzun müddət davam edə bilməz. Çünki insanlar azadlıqlara öyrəşib və onları evdə saxlamaq olmur. Yuxarıda dediklərim də buna nümunədir. Karantin Çində oldu və effektini də hər kəs gördü. Orada hətta silah gücünə belə insanları evdə saxladılar. Bu gün Azərbaycanda insanlar qaydalara əməl etmirlər. Karantin qaydaları yumşaldılsa da, insanlar maska taxmalı, sosial məsafəni qorumalıdırlar. Yaponiyada operativ qərargah yox, karantin qaydaları mövcud deyil. Ancaq orada yoluxma bu qədər artmır. Çünki Yaponiyada insanlar karantin qaydalarına əməl edirlər. İnsanlar başa düşməlidir ki, onlar təkcə özləri üçün yaşamırlar. Başqalarını yoluxdurmaqla onlara təhlükə yaradırlar. Maska taxmayanların cərimələnəcəyi ilə bağlı qərar verilir. Düşünürəm ki, bunu daha öncədən etmək lazım idi. Axı indiyə qədər xeyli adam bir-birini yoluxdurub və bunun da nəticələri yaxın günlərdə ortaya çıxacaq”.
Adil Qeybullanın sözlərinə görə, yoluxma sayı yaxın günlərdə daha da artacaq: “Hesab edirəm ki, insanlar özləri karantin qaydalarına ciddi şəkildə əməl etməyincə, yoluxma artmaqda davam edəcək. Belə davam edərsə biz növbəti günlərdə daha yüksək yoluxma sayı görəcəyik”.
