|
Adil Qeybulla: “ÜST özünü doğrultmadı, belə populist təşkilat kimə lazımdır?”

“Trampın ÜST-lə bağlı qərarında həqiqət və ədalət var, çünki...”

Məlum olduğu kimi, ABŞ Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə əlaqələrini dayandırıb. ABŞ prezidenti Donald Tramp bildirib ki, ÜST rəhbərliyi ABŞ-ın islahatlar həyata keçirmək təklifindən imtina edib. Bu səbəbdən də təşkilatla əlaqələrə son qoyulub. Həmçinin Tramp bəyan edib ki, il ərzində ÜST üçün nəzərdə tutulan 450 milyon dollar həcmində vəsait digər səhiyyə təşkilatlarına yönəldiləcək.

Məlum olduğu kimi, ÜST-ə ən çox maliyyə ABŞ tərəfindən ayrılırdı. ABŞ-ın bu cür addım atması təbii ki, qurum üçün böyük zərbədir. Ekspertlər də qeyd edir ki, ABŞ-ın bu qərarı əslində gözlənilən idi. Belə ki, Tramp koronavirus pandemiyasının yayıldığı ilk dövrlərdə ÜST-ün bu məsələyə çox səhlənkar yanaşdığını və buna görə də maliyyəni dayandıracağını açıqlamışdı. Əvvəldə bəzi siyasətçilər bunu Trampın emosional  açıqlaması kimi qəbul etsələr də, göründüyü kimi, ABŞ bu məsələdə qərarlı oldu.

Artıq dünya ölkələrindən məsələ ilə bağlı reaksiyalar gəlməkdədir. Almaniyanın səhiyyə naziri Trampın ÜST-lə bağlı qərarını “məyusedici” adlandırıb. Səhiyyə naziri hər hansı dəyişiklik üçün ÜST-ün islahata ehtiyacı olduğunu bildirib.

Avropa İttifaqı Komissiyasının prezidenti Ursula von der Leyen və Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel ABŞ-ı ÜST ilə əlaqələri kəsmək qərarını yenidən nəzərdən keçirməyə çağırıblar.

Bəs ABŞ-ın ÜST-ü maliyyələşdirməsindən imtina etməsi hansı neqativ qlobal tibbi nəticələr doğura bilər? Alternativ qurum yaradıla bilərmi? Məsələdə siyasi motivlərin olması iddiaları nə dərəcədə doğrudur?

Adil Qeybulla

Adil Qeybulla

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla “Yeni Müsavat”a danışdı: “Görünən odur ki, ÜST-ün koordinasiya funksiyası çətin situasiyalar üçün özünü doğrultmadı. Yəni onun Çinlə müəyyən təmənnalı əlaqələr qurması, bir dövlətə bağlı olaraq, onun maraqlarını təmin edən struktur olması təbii ki, ABŞ-a təsir edir. Bu baxımdan Tramın ÜST-lə bağlı qərarında müəyyən qədər həqiqət və ədalət var. Çünki bu gün koronaviusla bağlı yaranan ajiotaj və diskoordinasiyada ÜST-ün günahı az deyil.

Məlum olduğu kimi ÜST uzun illərdir fəaliyyət göstərən bir təşkilatdır. Qurumun protokollarını, araşdırmalarını tez-tez nəzərdən keçirirəm. Söhbət ondan gedir ki, ÜST məhz pandemiya yarada biləcək xüsusi təhlükəli infeksiyalarla bağlı hansı zəif nöqtələr varsa onu tapmaq, ictimailəşdirmək, hansısa dövləti və yaxud təşkilatı məlumatlandırmaq və sairə ilə məşğul ola bilərdi. Bir müddət bundan öncə genetiklər şikayət etmişdilər ki, futbolçular bir oyunda milyonlar qazanır, indi onlar gəlib koronavirusu müalicə etsinlər. Yəni onların etirazı ondan ibarətdir ki, ayda 1800 avro maaş alırlar.

Həmçinin ÜST bilməli idi ki, bu gün dünya SPİD-in və bu kimi digər xəstəliklərin də pandemiyasını yaşayır. Lakin bu günə qədər həmin xəstəliklərin vaksini yoxdur. Təkcə SPİD-dən 30 milyon insan ölüb, 40 milyon insan isə xəstədir. Bəs bu xəstəliklərlə bağlı niyə həyəcan təbili çalınmır, vaksin yaradılmayıb? Necə olur ki, İkinci Dünya müharibəsinin sonunda atom silahının tapılması ciddi bir məsələ kimi ortalığa qoyuldu və tezliklə öz həllini tapdı, amma koronavirusla bağlı vaksin məsələsi hələ də uzanmaqda davam edir. Genetikləri, müvafiq mütəxəssisləri, molekulyar biologiya ilə məşğul olan şəxsləri bu işə cəlb etmək, onların maaşlarını artırmaq, sosial yaşayışlarını xüsusi səviyyədə təşkil etmək lazım idi. Lakin ÜST-ün işi ancaq hesabat vermək, müxtəlif qrandlar çərçivəsində işlə görməkdən ibarətdir. Bu cür populist bir təşkilat kimə lazımdır? Əgər ortada nəticədə yoxdursa, fəaliyyətinə nə ehtiyac var?

Düşünürəm ki, ÜST real islahatlar aparmalı, yaxud da mahiyyət etibarı ilə öz işini tamamilə yenidən qurmalıdır. Pandemiya təcrübəsi də onu göstərdi ki, ÜST-ün bu məsələdə xüsusi bir rolu olmadı. Ən azı insanların psixoloji reabilitasiyası ilə bağlı təkliflər irəli sürülmədi. Bildiyiniz kimi, pandemiya dövründə insanlar post-stress xəstəlikləri yaşadı. Çox insan hələ də bunu dərindən başa düşmür, anlamır. Digər tərəfdən koronavirus hələ də tüğyan edir. İnsanlar virusun ikinci dalğasının ola biləcəyinin həyəcanını yaşayır. Bəs vaksin olacaqmı, olacaqsa özünü necə aparacaq? Bütün bu suallara hələ də cavab yoxdur".

Adil Qeybulla ÜST-ün koronavirusla bağlı Çinlə əvvəlcədən sövdələşməsi ilə bağlı yayılan iddialardan da söz açdı: “Bildiyiniz kimi, Çində artıq vaksin hazırlanıb və insanlar üzərində sınaqdan keçirilir. Necə ola bilir ki, digər ölkələrdən fərqli olaraq Çin bu vaksini hazırlaya bildi? Deməli, müəyyən məsələlər əvvəlcədən mövcud olub və planlaşdırılıb. Ümumiyyətlə, bir çox müəmmalı məqamlar və ÜST-ün Çinlə bu məsələdə sövdələşməsi ilə bağlı real faktlar var. Bütün bunları nəzərə alaraq qeyd edə bilərəm ki, Trampın ÜST-lə bağlı qərarı heç də elə-belə, emosional qərar deyil. Hətta bu məsələnin altında ictimailəşdirilməyən ciddi əsasların olduğu qənaətindəyəm”.