Yaz sessiyasının son iclasında deputatlar arasında gərginlik yaşandı; 82 deputatın müraciəti əsasında növbədənkənar sessiya çağırıldı
Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Qeyd edək ki, bütün millət vəkilləri iclas zalında maska ilə əyləşmişdilər, vitse-spiker Fəzail İbrahimlinin təklifi ilə xanım sədr iclasa maskasız sədrlik etdi. Milli Məclisin plenar iclasında çıxış edən deputat Nizami Səfərov Azərbaycan ordusunun zabiti Ramil Səfərovla bağlı ermənilərin apardığı qaralama kampaniyasına tutarlı arqumentlərlə cavab verdi.
İnsan haqları komitəsinin sədri Zahid Oruc maraqlı bir məsələyə diqqət çəkdi: “ABŞ Dövlət Departamenti üzərindən 25 ildən artıq vaxt keçdiyini nəzərə alaraq, Azərbaycanın, o cümlədən Dağlıq Qarabağın 1993-95-ci il ətrafında baş verən mühüm hərbi-siyasi hadisələrə dair məxfi şifrəli onlarla sənədi 26 may tarixində ictimaiyyət üçün açıq elan edib. Dövlət adamlarımız, siyasətçilərimiz və təhlilçilərimiz onunla Bill Klintonun şəxsi elektron kitabxanasının rəsmi ünvanında tanış ola bilərlər. Diqqətinizi cəlb etmək istədiyimiz mühüm bir məsələ regiona sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistan-Azərbaycan konflikt zonasına konkret bir dövlətin, yaxud ATƏT-in egidası altında müşahidəçilərin və ordu qüvvələrin yerləşdiirlməsi məsələsinə dair gerçək məlumatların, tariximizin ağır səhifələrinin orada necə əksini tapmasıdır”.
Z.Orucun sözlərinə görə, sənədlərlə tanışlıq bir daha sübut edir ki, Heydər Əliyev Azərbaycanın hərbi, iqtisadi və siyasi cəhətdən ən zəif dövründə təslimçilik aktlarına bərabər sayıla biləcək onlarla diplomatik təklifi, yaxud “sülh planı” adı altında hazırlanan sənədləri rədd edib. Komitə sədri “Parlament müxalifəti” haqqında ayrıca qanun qəbul olunmasını da təklif etdi.
Deputat Cavid Osmanov ABŞ prezidenti Donald Trampın sosial şəbəkələrlə bağlı qəbul etdiyi qərardan danışdı: “Belə bir qanunun ölkəmizdə də qəbul olunmasının vaxtı çoxdan yetişib. Bu qanun bizim milli təhlükəsizliyimizi təmin etməklə yanaşı, saxta profillərdən istifadənin qarşısını almaq üçün çox mühüm addım olacaq”.
Birinci vitse-spiker Əli Hüseynli prezident İlham Əliyevin çıxışından bəhs etdi. “Prezident İlham Əliyev AXC-nin gördüyü işləri xatırlamaqla yanaşı, həm də buraxılmış səhvləri, İrəvanın Ermənistana verilməsi və digər tarixi məsələlərlə bağlı problemləri yada saldı” -Ə.Hüseynli bildirdi. Birinci vitse-spiker dedi ki, ölkə başçısı müasir Azərbaycan tarixi ilə bağlı vacib məsələləri açıqlamaqla tarixçilərə dərs keçdi: “Dövlət başçısının verdiyi izahların təhrif edilməsinə heç bir ehtiyac yoxdur”.
“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunduqdan sonra qəbul olundu. Qeyd edək ki, layihəyə görə, Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşları üçün viza tələbi 90 günə qaldırılıb.
Deputat Qüdrət Həsənquliyev dedi ki, Türkiyə artıq bir çox ölkələrlə pasportsuz gediş-gəlişi təmin edib: “Biz isə qardaş ölkəyik, hesab edirəm ki, bizdə də pasport məsələsi aradan qaldırlmalıdır. İkincisi, bu saziş layihəsindən bəlli olmur ki, vətəndaşlar hər dəfə Türkiyə ərazisinə daxil olanda 90 gün qala bilər, yoxsa il ərzində. Biz bilirik ki, başqa ölkələrə girişdə məsələn hətta 5 illik çox girişli vizalar verilir. Amma tələb qoyulur ki, bu 5 il ərzində sən tutaq ki, 180 gün hansısa ölkədə qala bilərsən. Bu Saziş layihəsində bu barədə heç bir müddəa yoxdur”.
Q.Həsənquliyev İranda bizim 30 milyon soydaşımızın yaşadığını söylədi: “Bunun bir izahı verilsin ki, niyə İranla biz viza rejimini aradan qaldırmırıq? Yəni Şimali Azərbaycan cənubi azərbaycanlıların vətəninin bir parçasıdır. Onlarla mənəvi yaxınlığımız, birliyimiz üçün viza rejimi aradan qaldırılmalıdır. İrandan gəlib burada oxuyan, bizim soydaşlarımız olan tələbələr az qala 3 dəfəyə yaxın, bəzi hallarda 2 dəfədən artıq təhsil haqqı verirlər. Niyə?”
Deputat Fazil Mustafa sənədi dəstəkləyəcəyini dedi. Bildirdi ki, çox vacib sənəddir: “Qardaşlığımızın ən bariz nümunələrindən biridir”.
Komitə sədri Siyavuş Novruzov Naxçıvanla bağlı narahatlığını bölüşdü: “Naxçıvan da Azərbaycanın bir bölgəsidir. Bəs bunun öləni, qalanı, xəstəsi var. Bunu Operativ Qərargah nəzər almalıdır. Qatar açılır, metro açılır, avtobus açılır, amma Naxçıvana təyyarə reysləri bərpa edilmir. Metrodakı sıxlıq təyyarədəki sıxlıqdan 3 dəfə artıqdır. Deyirlər, ayın 8-i baxarıq, orda yaşayan insandır e, Azərbaycan vətəndaşıdır. Bu məsələlərə diqqətli olmaq lazımdır”.
Deputat Əli Məsimli vətəndaşların sosial vəziyyəti ilə bağlı təkliflərini səsləndirdi. “Təklif edirəm ki, aidiyyəti qurumlar aprel və may ayları üçün nəzərdə tutulan 190 manatlıq birdəfəlik ödənişin iyun ayında da verilməsini nəzərə alsın” - Ə.Məsimli bidlirdi. Deputat qeyd etdi ki, bu məsələnin həllini tapması vacibdir: “Qeyd edim ki, ölkədə işsizlərlə bağlı statistikanın dəqiqləşdirilməsinə ehtiyac var. 190 manatlıq birdəfəlik ödəmə əvvəl 200 min adama, sonra 600 minə şamil edildi. Amma bu da son rəqəm deyil. Ona görə də təklif edirəm ki, statistika yenidən işlənib hazırlanmalıdır”. O, regionlarda yeni iş yerlərinin yaradılmasını da təklif etdi.
Deputat Vahid Əhmədov söz alaraq ordu rəhbərliyini tənqid etdi. O, orduya rəhbərlik edənləri Azərbaycan dilini təmiz bilməməkdə günahlandırdı: “Sən müdafiə nazirisən. Belə bir mərasim olan zaman dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Vaxtilə Sərkisyan Xocalı aeroportunun açılışında iştirak etmək istəyirdi. O zaman müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın. Ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz elə bil kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa müəyyən addımlar atmalıydıq”. V.Əhmədov Qarabağdan olan deputatların ermənilərin Şuşada keçirdiyi tədbirlə bağlı münasibət bildirməməsinə də etiraz etdi.
Komitə sədri Siyavuş Novruzov isə dedi ki, ehtiyac yaransa, müdafiə nazirini bura dəvət edərik, o da təkliflərini verər: “Biz hardan bilirik ki, müdafiə naziri Ali Baş Komandana öz təkliflərini verməyib? Mən də bu məsələni çox ciddi şəkildə izlədim. Xaricdə oturan bəzi qüvvələr ”Azərbaycan raket atmalıdır", “Şuşa bombalanmalıdır” dedilər. Bu, artıq müharibənin başlanması deməkdir. Milli Məclis qərar qəbul etməlidir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün sülh danışıqlarını ikinci plana atmalıdır. Milli Məclisdə qərar qəbul edilmədən provakasiyaya getmək olmaz. Bu uşaq oyuncağı deyil".
Deputat Bəxtiyar Əliyev isə “o adamlar ki, vaxtilə Şuşanın işğal olunması zamanı hökumətdə təmsil olunublar, Qarabağda olan deputatların ünvanına belə populist fikir səsləndirməyə haqqı yoxdur”, - deyə kəskin reaksiya verdi.
İclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi haqqında Qanun layihəsi müzakirə edildi. Layihə barədə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsi barədə məlumat verərək bildirdi ki, sənəd Azərbaycan və Türkiyə arasında uzun illər mövcud olan dostluq əlaqələri çərçivəsində hərbi əməkdaşlığı daha da möhkəmləndirmək və Azərbaycan Ordusunun inkişafına töhfə vermək məqsədi daşıyır.
Birinci vitse-spiker Əli Hüseynli deputat həmkarı Vahid Əhmədovun fikirlərinə reaksiya verdi. V.Əhmədovun Müdafiə Nazirliyini və qarabağlı deputatları tənqid etməsinə cavabında Ə.Hüseynli bunları söylədi: “Vahid müəllim, çox təəssüf olsun ki, siz çıxışınızda buradakı həmkarlarımızı regionlara bölməyə cəhd etdiniz. Bu zalda oturan deputatlar əlisilahlı döyüşən Elman Məmmədovdan tutmuş, sözü ilə beynəlxalq təşkilatlarda mübarizə aparan Tural Gəncəliyevə qədər hər kəs özünü qarabağlı kimi hiss edir”.
Spiker Sahibə Qafarova da çıxış edərək bildirdi ki, Əli Hüseynlinin və digər müavinləri ilə eyni fikirdədir.
Deputat Fəzail Ağamalı da həmkarının dediklərinə etiraz etdi. “Cənab prezident dövlətimizə, cümhuriyyətimizə hamımızdan sədaqətlidir, bunu hamı bilməlidir”,- deyə o, əlavə etdi. Daha sonra F.Ağamalı keçmiş müdafiə nazirinin fəaliyyətindən bəhs etdi: “Biz bilirik ki, o dövrdə əsgərlərin çəkmələrini valideynlər alırdı, ancaq onun pullarını kimlərsə mənimsəyirdi. Bu gün Müdafiə Nazirliyi yüksək səviyyədə öz işini qurur. Aprel zəfəri də bunun nəticəsidir. Biz ordumuzla fəxr edirik”.
Vitse-spiker Fəzail İbrahimli isə dedi ki, kifayət qədər düşmənlərimiz var: “Burda deyilən hər bir sözü ölçüb-biçməliyik. Bilərəkdən-bilməyərəkdən deyilən fikrə reaksiya verməməyimiz Milli Məclis rəhbərliyinin də bu fikirlərlə bağlı razılaşmağımız deməkdir. Dövlət, millətlə bağlı danışanda yüz ölçüb, bir biçmək lazımdır. Millətin taleyi ilə bağlı olan məsələlərdə kifayət qədər diqqətli olmaq lazımdır”.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı. Deputat Fəzail Ağamalı layihə barədə deputatlara ətraflı məlumat verdi. Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Dəyişikliyə əsasən, fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.

Deputat Fazil Mustafa bildirdi ki, vəzifəli şəxslərin məsuliyyəti məsələsini qoymaq düzgün deyil: “Ancaq fiziki şəxslərin məsuliyyəti qeyd edilməlidir. Əgər vətəndaş maska taxmırsa, 50 manat cəriməsini ödəsin. Hər halda maska taxmayan insan üçün 50 manat ödəmək sadə məsələ deyil. 4-5 dəfə cərimə ödəyəcək, axırda başa düşəcək ki, maska tapmaq lazımdır”.
Deputat toy-yas mərasimləri ilə bağlı qadağalardan da bəhs etdi: “Adamlar 4-5 aydır toyunu təxirə salıb. Təklif etmək olar ki, 2 saat ərzində 50 nəfərlik məclis keçirilsin. Evlərdə yas məclisi keçirirlər və 100 nəfər yoluxur. Təbii ki, yas məclisinin sahibini cərimələmək də etik cəhətdən düzgün deyil”.
“Koronaviris dövründə bütün sahələrin adamlarına təşəkkür bildirilib, təkcə Milli Məclisin deputatlarından başqa. O baxımdan yanaşma tərzi düzgün olmalıdır”.
Bunu komitə sədri Siyavuş Novruzov söylədi. Deputat maskalara görə cərimələrin tətbiqinə etiraz edənlərə də cavab verdi: “Deyir maskanı tax, cərimə vermə də. Burada 2 vuraq 2 dörd edir. Biri deyir ”imkanı yoxdur", 30 qəpiyini verib maskasını alsın, 50 manat ödəməsin. Bu, sənin, övladın, qonşunun, nəsil-nəcabətindən ötrüdür. Səni cərimə eləmirlər ki, töycü ödə, ya get, biyarda işlə!"
Deputat Razi Nurullayev isə cəzalara qarşı çıxdı: “Maska taxmayanlara qarşı cərimələrin tətbiq edilməsinə münasibətim birmənalı deyil, əlbəttə hökuməti də başa düşürəm. Vətəndaşları cərimələməyək, qoy məsuliyyəti obyekt sahiblərinin üzərinə qoyaq ki, onlar maskasız insanları içəri buraxmasınlar. Cərimələrlə ölkədə narazı vətəndaşların sayını artırmayaq”.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov yoluxmaların sayının artması vətəndaşların məsuliyyətsizliyi ilə bağlıdır: “Bu gün qəbul ediləcək qərar yoluxmaların sayının azalmasına çox ciddi kömək edəcək. Koronavirusla mübarizədə ən təhlükəli meyl xəstəliyin olmasına inanmamaqdır”.
Bu zaman bəzi deputatlar yerbəyerdən layihənin səsə qoyulmasına təkid etdilər. Deputat Qüdrət Həsənquliyev təkidlə söz alaraq buna etiraz etdi: “Kimsə yorulubsa, durub gedə bilər. İmkan verin, işləmək istəyənlər işləsinlər”.
Müzakirələrdən sonra Milli Məclis qoruyucu maskadan istifadə etməyənlərin cərimələnməsini nəzərdə tutan qanun layihəsini ilk oxunuşda qəbul etdi. Həmçinin “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini ikinci oxunuşda qəbul etdi.
Yekunda sədr yaz sessiyasının yekunları ilə bağlı məlumat verdi. Dövlət Himnimizin oxunuşu ilə yaz sessiyası öz işini başa vurdu. Milli Məclisin sədri Sahibə Qafarova iclasda bildirdi ki, 82 deputat parlamentin növbədənkənar sessiyasının çağırılması ilə bağı müraciət edib. Bir sıra qanun layihələrinin müzakirəsi ilə əlaqədar olaraq növbədənkənar sessiyanın ilk plenar iclaslarının iyunun 1-də və 2-də keçirilməsinə qərar verilib.
