Dünyanın elektriklə işləyən ən böyük təyyarəsi ilk uçuşunu həyata keçirib. Cümə axşamı elektrik mühərriki ilə təchiz edilmiş “Cessna Caravan” ABŞ-da Vaşinqton ştatı üzərində 20-30 dəqiqə ərzində uçuş həyata keçirib. Təyyarə doqquz sərnişin daşımaq gücündədir, lakin ilk sınaq uçuşu sərnişinsiz həyata keçirilib.
Sınaq uçuşu zamanı təyyarə 183 km/saat sürətlə hərəkət edib. Bu təyyarə benzinlə işləmədiyi üçün uçuş zamanı havaya karbon qazı tullanmayacaq. Təyyarə mühərrikini istehsal edən MagniX şirkəti ümid edir ki, bu təyyarə 2021-ci ilin sonuna qədər 160 km-dək məsafələrdə kommersiya uçuşlarına başlaya biləcək.
Koronavirus pandemiyasından əvvəl aviasiya havaya karbon qazı tullantılarının sürətlə böyüyən mənbələrindən biri idi. Böyük təyyarələrin yalnız elektrik enerjisi hesabına uzun məsafələrə uça bilməsi üçün elektrik batareyaların çəkisinin kəskin dərəcədə azaldılmasına nail olmaq gərəkdir. Hidrogen yanacaq elementləri və bioyanacaq da daxil, digər enerji mənbələri də sınaqdan keçirilməkdədir.
Qeyd edək ki, 2019-cu ilin iyununda digər bir şirkət – “Ampair” Kaliforniya üzərində hibrid elektrik-yanacaq mühərriki bir təyyarəni uçuşda sınaqdan keçirib. UBS investisiya bankının təhlilçiləriinə görə, aviasiya sənayesinin 1600 km-dən qısa məsafəyə marşrutlar üçün hibrid və elektrik mühərrikləri təyyarələrə doğru inkişaf etməsi çoxlarının düşündüyündən daha yüksək sürətlə baş verəcək.
![]()
Qeyd edək ki, alternativ enerji hesabına hərəkət edən nəqliyyat vasitələrinin sürətlə artması bir tərəfdən ekologiya tərəfdarlarını sevindirsə də, neft ölkələrinin narahatlığına səbəb olur. Çünki proses həqiqətən sürətlə irəliləyir. Elektrik avtomobillər dünya avtomobil parkında öz yerini genişləndirərkən, artıq aviasiya sahəsində də elektriklə işləyən təyyarələr gündəmdədir. Koronavirus pandemiyası da göstərdi ki, ekologiyanın çirklənməsində aviasiya da böyük rol oynayır və elektrikli təyyarələr gələcəkdə bu problemi də aradan qaldıra bilər.
Lakin hazırki dövrdə əsas məqam odur ki, neftin qiyməti kəskin ucuzlaşıb. Alternetiv enerjinin maya dəyəri isə daha baha başa gəlir. Bu mənada iqtisadi baxımdan alternativ enerjinin inkişafına maraq hazırki dövr üçün o qədər də aktual deyil.
Bəs görəsən, vəziyyət sürətlə dəyişərsə, XXI əsrdə alternativ enerji ənənəvi enerji mənbələrini üstələyə biləcəkmi?
Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, elektrik enerjisindən istifadə edən təyyarələrin geniş yayılması təxminən 2035-2040-cı illər üçün nəzərdə tutulur: “Ümumiyyətlə götürdükdə, alternativ mənbələr hesabına enerji tələbatının ödənilməsi müəyyən mənada uzunmüddətli dövr üçün dünya gündəmində nəzərdə tutulan məsələlərdən biridir. Bu günə qədər də belə layihələr həyata keçirilib. Burada bir məqam da əhəmiyyət kəsb edir. Pandemiya dövründə digər enerji növlərinin qiymətinin ucuzlaşması müəyyən mənada alternativ enerji istiqamətində yönələn investisiyaların həcminə neqativ təsir göstərir. Digər enerji növlərinin maya dəyərinin ucuzlaşması bir tərəfdən investisiya imkanklarını məhdudlaşdırır, digər tərəfdən alternativ enerjiyə olan marağı aşağı salır və bu istiqamətdə olan təşəbbüsləri zəiflədir. Amma istənilən halda bu, bir prosesdir. Avropa Birliyinin 2050-ci illə bağlı planında ehtimal olunur ki, enerji tələbatının 60 faizini məhz alternetiv mənbələr hesabına formalaşdıracaq”.
![]()
R.Həsənovun sözlərinə görə, gələcəkdə elektrikli təyyarələrin geniş yayılması Azərbaycan üçün də maraqlı bir ssenari formalaşdıra bilər: “Çünki Azərbaycan nefti məhz aviasiya sənayesi üçün yararlı neft növüdür. O səbəbdən gələcəkdə aviasiya sənayesində neftə tələbatın aşağı düşməsi Azərbaycan neftinin dünya bazarında qiymətini aşağı sala bilər. Ancaq bu, çox uzunmüddətli bir dövrdə gözlənilən durumdur. Ən tez növbəti 20-30 ildə baş verə bilər. İndiki halda, bir tərəfdən bazarda tələb artır. İqtisadiyyat böyüyür, avtomobil istifadəçilərinin sayı sürətlə artır, aviasiya xidmətlərinə tələb kəskin şəkildə artır. 30 il ərzində aviasiya sənayesi 9,5 dəfə böyüyüb. Bu sürət də önəmlidir, tələbin həcmi artır. Ona görə də növbəti dövrlərdə də bu proses gedəcək. İndiki halda pandemiya prosesi ləngidir. Amma istənilən halda növbəti dövrdə enerjiyə tələbin artması gündəmdədir. Bu özü də bazarda müəyyən balans yarada bilər. Azərbaycan üçün də bunun ciddi təhdidləri yoxdur”.
