|
“Şəffaf işləyən bütün sahibkarlar dövlət dəstəyi proqramından faydalanır və faydalanacaq” - Deputat Aydın Hüseynov

“Azərbaycanda aparılan biznes islahatları iqtisadi artımı sürətləndirir və büdcənin dayanıqlılığının təmin edilməsində mühüm rol oynayır. Sahibkarlığın stimullaşdırılması və investisiyaların təşviqi ölkə iqtisadiyyatın dayanıqlı inkişafını təmin etməkdədir”.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov musavat.com-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dərin və əhatəli islahatlar həyata keçirilməklə “kölgə iqtisadiyyatının” qarşının alınması” və şəffaflığın təmin edilməsi sahəsində əhəmiyyətli müsbət nəticələr əldə edib, korrupsiya və digər neqativ hallarla mübarizə sahəsində fəaliyyətin gücləndirilməsi sayəsində iqtisadiyyatda şəffaflıq və hesabalılıq artıb, dövlət büdcəsinə vergi və gömrük daxilolmalarının həcmində əhəmiyyətli artımlar baş verməkdədir. 2019-cu ildə dövlət büdcəsinə 1,1 milyard manatdan artıq vəsaitin daxil olmasında şəffaflığın xüsusi rolu olub. 2020-ci ilin birinci rübündə də vergi və gömrük orqanları proqnoz tapşırığından əlavə büdcəyə 300 milyon manatdan çox vəsait köçürübdür ki, bu da ölkəmizdə aparılan islahatların müsbət nəticələri hesab edilə bilər.

A.Hüseynov bildirib ki, yeni iqtisadi çağırışlara uyğun olaraq strateji hədəflərdən biri ölkənin yeni iqtisadi və sosial imkanlarını səfərbər etməkdir. Bu istiqamətdə ciddi islahatlar aparılması və müsbət nəticələrə nail olunması məqsədilə həm dövlət qurumlarının, həm də biznesin qarşısında tamamilə yeni münasibətlərin qurulması tələbi qoyulub: “Azərbaycan qeyri-neft iqtisadiyyatı modelinə keçib və uzunmüddətli dövrün əsas iqtisadi drayverləri qeyri-neft bölmələridir. Buna görə də, qeyri-neft sektorunda maliyyə intizamı, uçot və hesabatlılıq əsas meyarlardan biri kimi mühüm yer tutur. Bu prinsiplərə uyğun olaraq, vergidən yayınmanın və “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergitutma bazasının artırılması istiqamətində ardıcıl addımlar atılır. Bunun mühüm göstəricisi kimi 2019-cu ildə əmək müqavilələrinin sayının 153 mindən çox artmasını, eyni zamanda, 2020-ci ilin ötən ayları ərzində əlavə olaraq 105 mindən artıq əmək müqaviləsi bildirişlərinin elektronlaşmasını göstərmək mümkündür”.

Millət vəkilinin sözlərinə görə, hazırda biznesə dəstək tədbirlərinin həyata keçirilməsi həm də “kölgə iqtisadiyyatı”nın azaldılması ilə bağlı strategiyanın gerçəkləşməsini daha da gücləndirir. Çünki özəl sektorun müxtəlif sahələrinin indiki dərin qiymətləndirilməsi, dəstək veriləcək sahələrin diaqnostikasının aparılması zamanı kölgə iqtisadiyyatının yeni təzahürləri də meydana çıxır: “Dövlətin son illərdə bir sıra təşkilatlara “qara iqtisadiyyat”dan uzaqlaşmaq, mühasibatlıq, əmək münasibətləri, vergi, sosial sığorta və s. məsələlərdə şəffaflığı təmin etmək, düzgün işləmək barədə çağırışlarına, geniş maarifləndirici tədbirlərinə baxmayaraq, qeyri-qanuni fəaliyyət göstərən, balansını “ağartmayan” şirkət və müəssisələr hələ də vardır, belə bir vəziyyətdə həmin sahələr də aşkarlanmış olacaq. Bu onu göstərir ki, dövlət hamıdan daha çox hesabatlılığın, şəffaflığın, ünvanlılığın təmin olunmasında prinsipialdır. Hökumət sağlam, dayanıqlı və rəqabətqabiliyyətli bir iqtisadiyyatın formalaşmasına çalışır. Bu, dövlətin qanunlarına riayət edən, “kölgə”də deyil, “ağ” iqtisadiyyatda fəaliyyət göstərən, vergilərini ödəyən, işçilərinin sosial müdafiəsini təmin edən, işçiləri əmək müqaviləsi ilə işə cəlb edən sahibkarlıq subyektlərindən ibarət bir iqtisadiyyat olmalıdır. Bu çətin gündə dövlətinə söykənmək üçün mənəvi haqqı olan, başqa sözlə, fəaliyyətində yüksək sosial korporativ məsuliyyət hissini və hərəkətlərini həyata keçirən sahibkarlar dövlətin dəstəyi ilə əhatə olunur, şəffaf işləyən bütün sahibkarlar dövlət dəstəyi proqramından faydalanır və faydalanacaq”.

A.Hüseynov deyib ki, Azərbaycan pandemiya və neftin ucuzlaşması dövründə də iqtisadi inkişaf tempini qoruyub saxlayıb. Bunun səbəbi iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft-qaz sektorunun inkişafı, düzgün iqtisadi modelin tətbiqidir: “Hazırda büdcə daxilolmalarının ümumi çəkisində qeyri-neft sektorunun payı 60%-ə bərabərdir ki, bu da məhz şəffaflıq indikatorlarının yüksəlməsi ilə bilavasitə bağlıdır. Cənab Prezidentin bəyan etdiyi kimi “şəffaflıq, dürüstlük, korrupsiya və rüşvətxorluqla mübarizə, iqtisadi islahatlar, struktur islahatları - bütün bunlar ölkəmizə böyük canlanma gətirir”.