|
“Rayonlarda da DOST mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi vacibdir” – ekspert

 

“ASAN  xidmət” mərkəzləri özünü doğrultduqdan sonra hökumətin ikinci belə layihəsi DOST mərkəzləridir. Artıq paytaxt ərazisində üç belə mərkəz istifadəyə verilib. Elə mayın 19-da da prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər.

Nazir Sahil Babayevin dövlət başçısına verdiyi məlumata görə,  Heydər Əliyev prospektində yerləşən 3 saylı DOST mərkəzi paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərəcək. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaşı qəbul edə biləcək.

Onu  da qeyd edək ki, 2019-2025-ci illərdə 31 DOST mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulub. Onlardan 5-i Bakıda, 26-sı isə regionlarda olacaq. Ümumilikdə DOST mərkəzlərində “bir pəncərə” prinsipi ilə 2,8 milyon insana 132 xidmət göstəriləcək. Ötən il istifadəyə verilən 1 və 2 saylı Bakı DOST mərkəzlərində indiyədək 100 mindən çox şəxsə xidmət göstərilib, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 96 faiz təşkil edib. “Könüllü DOST” proqramı üzrə artıq 300-dən çox könüllü, o cümlədən 22 yaşlı şəxs bu mərkəzlərə cəlb edilib.

Yaranmış vəziyyətlə əlaqədar sahibkarlara hansı güzəştlər ediləcək ...

Pərviz Heydərov

“Yeni Müsavat”a açıqlamasında DOST mərkəzinin mahiyyətini, onun dövlət və vətəndaş münasibətlərində rolunu dəyərləndirən iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, bu mərkəzlər əhalinin sosial təminat xidmətlərindən daha səmərəli istifadəsini təmin edəcək: “DOST mərkəzi dövlət və vətəndaş əlaqələrini asanlaşdırmaq, dövlətin vətəndaş üçün həyata keçirməli olduğu xidmətləri bir əldə cəmləşdirmək məqsədi daşıyır.  Cümlədən vətəndaşların hüquqi, iqtisadi, siyasi və digər məsələlərlə bağlı bilik səviyyələrinin aşağı olması ilə əlaqədar yaranan problemi yerindəcə həll etməyə nail olmaq məqsədi daşıyan bir qurumdur. ”ASAN xidmət" ona görə yaradıldı ki, bir neçə dövlət orqanının fəaliyyəti bir əldə cəmləşdirildi. Konkret olaraq, sosial tələbatlarla bağlı ortaya çıxan suallarla əlaqədar olaraq ortaya çıxan suallar üçün bir quruma müraciət edir. Ancaq ASAN yaranmamışdan öncə, vətəndaşlar bu və ya digər sosial ehtiyacları üçün yaranan suallarıla bağlı hara müraciət etmək lazım gəldiyini bilmirdilər, problem yaşayırdılar. Mən bunu hər zaman demişəm və heç də kobud ifadə hesab etmirəm. Bizdə vətəndaşlar bir çox məsələlərlə bağlı öz hüquqlarını, öhdəliklərini və sairi dəqiq bilmirlər. Bu, həm iqtisadi, həm hüquqi, həm də siyasi bilik səviyyələrinin aşağı olması ilə əlaqədardır. Həm də öyrənməkdə maraqlı deyillər. Təkcə Azərbaycanda deyil, hətta inkişaf etmiş ölkələrdə də belə bir hal var və insanların hamısından tələb etmək olmaz ki, hər kəs hüquqları və qanunları bilsin, sosial məsələlərdə anındaca hara müraciət etmək lazım gəldiyini mükəmməl bilsin. Bu mümkün də deyil. Sadəcə, inkişaf etmiş ölkələrdə xeyli sayda dövlət və qeyri-dövlət qurumları var ki, bu istiqamətdə fəaliyyət göstərirlər. Onlar vətəndaşların bu kimi problemlərinin həllində mühüm rol oynayırlar".

P.Heydərovun sözlərinə görə, bizdə bütün yük dövlətin üzərinə düşdüyündən, dövlətin də hər bir sahəyə aid spesifik qurumları olduğundan vətəndaşlara yerindəcə keyfiyyətli xidmət göstərmək mümkün olmur: “Ona görə də ”ASAN xidmət" mərkəzlərinin yaradılması da uğurlu bir addım oldu, vətəndaşlara keyfiyyətli xidmət təqdim olundu. Bunun ardınca Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində DOST agentliklərinin yaradılması da ASAN-ın başqa bir formasıdır. Bu nazirlik tərəfindən həyata keçirilən bir çox xidmətlərin bir əldə cəmləşdirilməsi kimi əhəmiyyət daşıyır. Belə agentliklərin sayının artırılması vacibdir. Təkcə Yasamal rayonunda açılan DOST agentliyinin fəaliyyəti çox şeyi sübut elədi, 1 ilə yaxındır fəaliyyətdə olan agentliyə edilən müraciətlərin sayı baxımından, həm də göstərilən xidmətlərlə bağlı vətəndaşların rəyi hesabına sübut olundu ki, DOST agentliklərinin fəaliyyəti genişləndirilməlidir. Bu yolla vətəndaş və dövlət münasibətlərinin yüksək səviyyədə təmini və təşkili həyata keçirilməlidir. Bu, olduqca mütərəqqi mexanizmdir. Rayonlarda da DOST mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi vacibdir. Yaşından asılı olmayaraq, hər bir vətəndaşın çoxlu sayda öhdəlikləri olur. Vətəndaşı qınamaq olmaz ki, onlar bütün hüquqi- iqtisadi biliklərə malik olsunlar. Bu baxımdan DOST agentliyinin yaradılması əhəmiyyət kəsb edir".