"Pandemiya dövründə Azərbaycanda yaşayan əcnəbilərin rəsmi sənədlərlə bağlı yaranan problemlərinin həll edilməsi üçün bütün lazımi dəstək göstəriləcək".
Bunu jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib.
V.Hüseynov pandemiya dövründən əvvəl Azərbaycana gələn, lakin geri qayıda bilməyən və bu müddət ərzində xarici pasportunun vaxtı keçən Rusiya vətəndaşının qarşılaşdığı problemə də münasibət bildirib.
Xidmət rəisi söyləyib ki, Rusiya vətəndaşı həmin pasportla müvəqqəti yaşayış icazəsini uzada bilər və onun ölkədən çıxışında da heç bir problem yaranmayacaq.
V.Hüseynov əlavə edib ki, həmin şəxs Azərbaycanı tərk edərkən səfirliyə yaxınlaşmalı və bu barədə məlumat verməlidir.
