Deputat: “Azərbaycanlıların sərhədə yığışması çıxış yolu deyil”
Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Yoluxma sayına görə dünyada ilk yerdə ABŞ, ikinci yerdə isə şimal qonşumuz Rusiya gəlir. Eyni zamanda koronavirusla bağlı Dağıstanda da vəziyyət kritikdir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlar isə uzun müddətdir ki, Dağıstan sərhədinə toplanırlar. Bu isə onların həyatları üçün təhlükə hesab edilir. Vəziyyət günbəgün mürəkkəbləşir və ümumən Dağıstandakı vəziyyətlə bağlı Rusiya hökuməti müvafiq qərarlar verib.
Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya-Azərbaycan sərhədində bir qrup Azərbaycan vətəndaşının çadırlarda qalmasına münasibət bildirərkən söylədi ki, bu istiqamətdə işlər aparılır:
“Rusiyadan qayıdışla bağlı ”Evə gedirəm" portalı fəaliyyət göstərir. Qayıdış üçün iki ölkənin dövlət orqanları əlaqəli çalışmalı, sanitar-epidemioloji hazırlıq görülməlidir. Sonuncu dəfə Rusiyadan 540 vətəndaşımız ölkəyə gətirilib. Dağıstanda olan vətəndaşlarımızla bağlı da Rusiya tərəfi ilə ünsiyyətdəyik. Vətəndaşlarımıza tövsiyəmiz odur ki, sərhədə toplaşmaq çıxış yolu deyil. İnsanların fərdi hərəkət azadlığında da müəyyən məhdudiyyətlər olmalıdır. Rusiyanın aidiyyəti qurumları ilə əməkdaşlığımız davam edir. Portalda müəyyən edilmiş qrafik və karantin zonalarının imkanları da nəzərə alınmaqla, qayıdış prosesi davam edir. Digər ölkələrdəki xəstələr, qocalar, yaşlılar da nəzərə alınmaqla, proses həyata keçirilir".
Rusiya prezidenti Vladimir Putin Səhiyyə Nazirliyinə Dağıstan Respublikasında koronavirus infeksiyası ilə mübarizəyə dair ətraflı plan hazırlamağı tapşırıb.
APA məlumat yayıb ki, Dağıstan rəhbərliyi və ictimaiyyəti ilə virtual görüşdə Rusiya prezidenti bildirib ki, hazırlanacaq sənəddə regionun səhiyyəsi üçün test sistemləri, dərmanlar, avadanlıqlar və kadrlar da daxil olmaqla, əlavə yardımlar əks olunmalıdır: “Dağıstan Respublikasında vəziyyət mürəkkəbdir və bu vəziyyət Rusiyanın regional hakimiyyət orqanları ilə hökumətin əlavə və təxirəsalınmaz tədbirlərini tələb edir”.

“Yeni Müsavat”a danışan deputat Fəzail Ağamalı bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın mövqeyi doğrudur: “Mən hesab edirəm ki, bu, daha optimal və doğru mövqedir. Hər bir xaricdə yaşayan vətəndaşlarımız yaşadıqları ölkədə karantinin tələblərinə uyğun olaraq öz həyatlarına davam etməlidirlər. Avropanın ayrı-ayrı ölkələrində bu çağırışlara əməl edən və eyni zamanda karantin rejiminin tələblərini yerinə yetirən soydaşlarımız içərisində koronavirusa yoluxanlar o qədər də çox deyil. Yoluxanların isə içərisində sağalanların sayı çoxdur. Ona görə də əvvəldən bu fikir söylənildi ki, Rusiya ilə Azərbaycanın sərhədinə gəlib, orada xoşagəlməz situasiyanı yaratmağa ehtiyac yoxdur. Hər bir vətəndaşımız yaşamış olduğu regionda koronavirusun yaratdığı ağır fəsadlardan qorunmaq üçün həmin ölkələrin karantin rejiminə riayət etməklə, ölkəyə gəlmək niyyətləri varsa, Azərbaycan Respublikasının konsulluq və səfirliklərini müraciət etsinlər. Bu zaman onlar növbəyə alınacaq və çarter reysləri vasitəsilə ölkəyə gətiriləcəklər. Necə ki, bir neçə gün öncə Ukraynadan Azərbaycana çarter reysi vasitəsilə gətirilənlər oldu”.
Deputat bildirib ki, azərbaycanlılar sərhəddə oturmaqla heç nə əldə etməyəcəklər: “Bu, doğru yanaşma deyil. Çünki onların təsnifatı aparılmalı, xəstələr klinikalara yerləşdirilməlidir. Eyni zamanda müəyyən edilməlidir ki, həmin xəstələr kimlərlə əlaqədə olublar. Onların əlaqədə olduqları şəxslər də karantinə alınmalı, 14-20 gün orada qalmalıdırlar. Sərhəddə qalan soydaşlarımızın yanaşmaları doğru deyil. Təbii ki, onların hər biri bizim vətəndaşlardır və hamısına hörmətim, sayğım var. Lakin bilmək lazımdır ki, bu cür yanaşma ilə məsələni həll etmək mümkün deyil. Koronavirus pandemiyası bütün dünyanı bürüyüb və ona görə də dünyanın şərtlərinə əməl etmək lazımdır. Yüksək səviyyəli mütəxəssislərin təkliflərinə, tövsiyələrinə uyğun şəkildə davranmaq lazımdır. Yoxsa hansısa şəxs baxırsan ki, ailəsi ilə sərhədə gəlib, orada çatırda qalır. Bu şəxslər həm Dağıstan, həm də Azərbaycan üçün problemlər yaradırlar. Belə olmaz. Ona görə də düşünürəm ki, gərək bu cür addımı soydaşlarımız atmazdılar. İndi onların arasında yoluxanlar varsa, yəqin ki, Operativ Qərargahın qərarı ilə ya onlar Dağıstanda müalicə alacaqlar, ya da ölkəmizdə. Hər halda, məsələ diqqətdədir və müvafiq qərarlar veriləcək”.
