|
Fəzail İbrahimli: “Bu, Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə almış Paşinyanın sayıqlamasıdır”

Milli Məclisin sədr müavini, professor Fəzail İbrahimli çıxışında Nikol Paşinyanın Məhəmməd Əmin Rəsulzadəyə ünvanlı ittihamlara tarixi dəlillərlə cavab verdi.

F.İbrahimli ondan əvvəl Xalq Cümhuriyyəti qurucularının erməni terrorunun qurbanı olması barədə deputat Qənirə Paşayevanın fikirlərini dəstəkləyərək bildirdi ki, qarşıdan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı bayram günü gəlir. “Belə bir ərəfədə AXC-nin banisi Məhəmməd Əmin Rəsulzadə Paşinyana qarşı ittihamlar irəli sürüb. İddia belə qoyulur: əgər mənim babam faşizmin tərəfdarıdırsa, onda sizin dövlətin qurucusu da faşistlərlə əlaqədə olub. Ancaq bu sayıqlamadır. İnsan həyatda iki dəfə sayıqlayır: bir xəstəlikdən hərarəti qalxanda, bir də zərbə alanda. Bu, Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə almış Paşinyanın sayıqlamasıdır”.

F.İbrahimli dedi ki, Paşinyan faşistpərəst olmayıb: “O xəyanət edib, o ideologiyadan istifadə edib. Faşizmdən bir pay almaq üçün yararlanıb. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Rəsulzadəni Stalin özü ilə apardı, o, boynunu büküb Stalindən böyük bir pay ala bilərdi. Ancaq bundan imtina etdi, ölkəni tərk elədi və ömrünün sonunadək öz ideyalarına sadiq qaldı. Paşinyan isə faşistlərə özü müraciət edib, əsir düşüb, faşistlərdən nəsə qoparmaq istəyib. Amma Rəsulzadəni dəvət ediblər, kommunizmin əleyhdarı kimi ona əməkdaşlıq təklif ediblər. Lakin Rəsulzadə “Azərbaycan müstəqil olmalıdır”- sözünü deyəndə cavab verilib ki, “ölkəni tərk etməlisən!”