|
4 ay ərzində 14 nəfər QİÇS-dən ölüb

Hər il may ayının ücüncü istirahət günü QİÇS-dən dünyasını dəyişən insanların Ümumdünya Xatirə günü kimi qeyd edilir. Bu il xatirə günü may ayının 17-nə təsadüf edib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzindən Musavat.com-a verilən məlumata görə, xatirə günü QİÇS-dən vəfat edənlərin yad olunması, insanların QİÇS-ə yoluxma təhlükəsi haqqında düşünmələri, onların irqindən, milliyyətindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq, QİÇS-dən sığortalanmadıqlarını dərk etmələrinə çağırır. Eyni zamanda bu tədbir cəmiyyətin diqqətini, İİV-lə yaşayan insanlara qarşı stiqma və diskriminasiyanı aradan qaldırmaq, onların ailə üzvlərinə, yaxınlarına və dostlarına dəstək vermək geniş ictimaiyyətə İİV/QİÇS haqqında düzgün informasiya çatdırmaq məqsədi daşıyır.

Mərkəzdən Musavat.com-a bildirilib ki, 2020-ci ilin 4 ayı ərzində Azərbaycanda 196 nəfər İİV-ə yoluxub. Qeydiyyata alınmış 196 Azərbaycan vətəndaşından 131-i (66,8%) kişi, 65-i (33,2%) qadındır. Bu dövr ərzində QİÇS mərhələsinə keçən Azərbaycan vətəndaşlarının sayı 38 nəfər olub. Həmin müddətdə İİV-infeksiyasından 14 nəfər Azərbaycan vətəndaşı vəfat edib.

4 ay ərzində İİV-ə yoluxma yolları aşağıdakı kimi olub: 30 nəfər (15,4%) parenteral kontakt, 150 nəfər (76,5%) heteroseksual kontakt, 12 nəfər (6,1%) homoseksual kontakt. Yoluxanlardan 191 nəfəri antiretrovirus terapiya müalicə başlayıb.

Xatırladaq ki, ümumilikdə Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2020-ci ilin 4 ayının sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunan 6987 nəfər İİV-lə yaşayan insan rəsmi qeydiyyatdadır. Onlardan 4880-i (69,8%) kişi,2107-si (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1854nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1056 nəfər olub.