Qulamhüseyn Əlibəyli: “Texnologiyanın inkişafı imkan verir ki, idarəetmədə müasir metodlara üstünlük verilsin”
Dövlət başçısı İlham Əliyev mayın 13-də fərman imzalayaraq Prezident Administrasiyasında vətəndaşların videoqəbulunun təşkili qaydasını təsdiqləyib.
Qaydaya əsasən, qəbul müvafiq cədvəl və administrasiyanın qəbul otağının gündəlik iş rejimi əsasında təmin edilir.
Vətəndaşlar administrasiyanın struktur bölmələri rəhbərlərinin videoqəbulunda olmaq üçün hər ay kütləvi informasiya vasitələrində öncədən elan edilən qəbul cədvəlində göstərilən əlaqə vasitələri ilə (www.president.az saytının “Qəbula yazılmaq” bölməsi, mobil və stasionar telefon nömrələri, mobil tətbiqlər və sair əlaqə vasitələri) müraciət edir, şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd əsasında videoqəbula ən geci 1 iş günü qalmış yazılır, qəbulun vaxtı və yeri barədə məlumatlandırılırlar.
Vətəndaşlar administrasiyanın qəbul otağının əməkdaşının videoqəbulunda olmaq üçün şəxsiyyət vəsiqəsi və ya şəxsiyyəti təsdiq edən digər sənəd əsasında www.president.az saytında göstərilən əlaqə vasitələri ilə (saytın “Qəbula yazılmaq” bölməsi, mobil və stasionar telefon nömrələri, mobil tətbiqlər və sair əlaqə vasitələri) müraciət edir və müraciətin edildiyi vaxtdan etibarən ən geci 1 iş günü müddətində qəbulun vaxtı və yeri barədə məlumatlandırılırlar.
Administrasiyanın struktur bölmələri rəhbərlərinin videoqəbulları qəbul cədvəlində müəyyən edilmiş günlərdə və saatlarda yerli icra hakimiyyəti orqanlarının vətəndaşların qəbulu otaqları vasitəsilə həyata keçirilir.
Administrasiyanın qəbul otağının əməkdaşları bütün iş günlərində vətəndaşların videoqəbulunu keçirirlər.
Videoqəbul zamanı konfidensiallığı təmin etmək məqsədilə vətəndaşın yerli icra hakimiyyəti orqanının vətəndaşların qəbulu otağında tək olmasına şərait yaradılır, yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinin və əməkdaşlarının qəbul prosesini birbaşa və ya digər formada izləməsinə yol verilmir.
Ümumiyyətlə, pandemiya dövründə rəsmilərlə görüş qaydaları artıq qanuniləşir. Əlbəttə, bunun ilk vaxtlarda müəyyən çətinlikləri olacaq, lakin üstünlükləri də unutmaq olmaz. Birincisi, vətəndaşlar, özü də kasıb əyalət adamları hansısa problemini həll etmək üçün rayondan əziyyət və xərc çəkib Bakıya gəlməyəcəklər, saatlarla vaxt itirib gözləməyəcəklər.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a bildirdi ki, hər dövrün öz tələbləri var: “Karantin rejimi həyatımıza yeni qaydalar gətirdi. Onlardan biri də videoiclaslar, onlayn konfranslar, videoqəbullar keçirilməsidir. Hesab edirəm ki, pandemiya dövrü üçün vətəndaşların müraciətlərinin dinlənilməsi uğurlu tapıntıdır". Deputat qeyd etdi ki, bir müddət əvvəl Prezidentin göstərişi ilə nazirlər bölgələrə gedərək vətəndaşlarla görüşürdülər: ”Amma bəzi hallarda görüşlərə nazirliyin yerli strukturları seçmə adamları salırdılar. Əsl problemi olanlar kənarda qalırdı, qəbula düşə bilmirdilər".

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli videoqəbulların davamlı olmasının tərəfdarıdır: “Bəri başdan deyim ki, videoqəbulların olmasına normal yanaşıram. Ucqar kəndlərdən şəhərə gəlmək həmişə problem yaradır, karantin dövründə isə heç mümkün deyil. O baxımdan müraciətlərə baxılmasında videoqəbul müsbət hadisədir, istənilən vətəndaşı dinləmək olar. Ancaq bunu nəinki ənənəyə çevirmək lazımdır, hətta prezident tapşırmalıdır ki, davamlı olsun. İcra hakimiyyətləri, kənd icra nümayəndələri konkret cədvəl hazırlaya, qrafik müəyyənləşdirə bilər. Texnologiyanın inkişafı imkan verir ki, idarəetmədə müasir metodlara üstünlük verilsin. Bu, həm də bürokratik maneələrin aradan qalxmasına kömək edəcək. İnsanlar Bakıya gəlmək üçün vəsait xərcləyir, qəbul üçün növbəyə dayanır, qalmağa yeri olmur, bəzən görüşə də bilməyib əliboş qayıdır. Videoqəbullar isə bu mənada insanların işini asanlaşdıracaq”.
Qeyd edək ki, Azərbaycanda koronavirus təhlükəsi ilə əlaqədar tətbiq edilmiş karantin səbəbindən dövlət məmurlarının vətəndaşlarla görüşləri, müraciətlərinə baxılması onlayn formatda həyata keçirilir.
