Koronavirus pandemiyasının yaratdığı qlobal iqtisadi böhran son illərdə dünyada kəskinləşməkdə olan borc problemini daha da böyutdü. Hazırda əksər analitik mərkəzlər koronavirusdan sonra dünyanın qlobal borc böhranı ilə üzləşəcəyini proqnozlaşdırırlar.
Azərbacaycanlı iqtisadçı-alim, ABŞ Şimali Dakota Universitetinin professoru Fariz Hüseynlinin sözlərinə görə, koronavirus şoku bu problemi daha da qabardıb: “Bloomberg rəqəmlərinə görə, inkişaf etməkdə olan ölkələrin 8-10 trilyon arası dollar denominasiyalı borcu və bu il 730 milyard dollarlıq ödəmələri var. Bunlar çox böyük rəqəmlərdir. Borcla iqtisadiyyatı maliyyələşdirmək yaxşı ideya kimi görünə bilər, amma borcu alıb iqtisadiyyatı dayanıqlı şəkildə artıra bilirsənsə. Həm də gərək əndazəni aşmayasan, aldığın borcun həddi iqtisadiyyata, xarici maliyyə bazarları ilə əlaqələrinə və inkişaf imkanlarına uyğun olsun. İqtisadiyyat artanda borc az görünə bilər, amma birdən-birə iqtisadi artım, tutaq ki, koronavirusa görə dayanırsa, həm borc səviyyəsi nisbətən artır, həm də büdcədən iqtisadiyyata kömək etmək imkanı azalır. Borcları yeni borc alaraq “çevirmək” isə çətinləşir, çünki bazar riskli olduğuna görə vəsaitlər bu bazarlardan çıxır. Elə təkcə son iki ayda inkişaf etməkdə olan ölkələrdən yüz milyard dollardan çox vəsait çəkildi”.
İqtisadçı-alim bildirir ki, hazırda dünyanın yüzdən çox ölkəsi Beynəlxalq Valyuta Fonduna(IMF) əlavə borclanma üçün müraciət edib: «Etməyənlərdən biri Türkiyədir, amma bu, sadəcə vaxt məsələsidir. Aprel ayında G20 ölkələri bəzi kasıb ölkələrin borc ödəmələrini ilin sonuna qədər təxirə saldı. Bu, bir az 1980-ci illərin əvvəlində həyata keçirilən “Baker” planına oxşayır. O planın elə çox xeyri olmamışdı, və nəticədə onilliyin sonunda “Brady” planı işə salındı (hər ikisi ABŞ maliyyə nazirləri olub) ki, bir çox ölkənin borcu Amerikanın hesabına yeniləndi və silindi. İndi IMF-lə müıyyən danışıqlar gedir ki, bəlkə onun şərti pul vahidi olan SDR ehtiyatları bu ölkələr üçün artırılsın, onlar da həmin ehtiyatlardan istifadə edə bilsinlər. Həm də borc verənlərlə borcların restruktizasiyası prosesi başlasın. Ancaq özəl borclular buna asanlıqla getməyəcək. Həm də Yunanıstan prosesindən öyrəniblər artıq. Uzun sözün qısası, 2008-2015 dövründə və bəzi ölkələr üçün sonrakı dövrdə çoxlu borcla iqtisadiyyatı şişirtmənin fəsadları artıq idarəolunmaz həddə gəlib çatır. Borcla böyüməyin risklərini görmək əslində o qədər çətin olmamalıdır, sadəcə, büdcə intizamını saxlaya bilən, vəsaitləri dayanıqlı iqtisadiyyat üçün sərf edənlər qabağa gedir, qalanları isə yenə borcun vaxtı gələndə kreditorların, beynəlxalq təşkilatların qapısını döyür. Hər insanın həyatında dərs götürdüyü hadisələr, şoklar olur. Ölkələr üçün də belədir. Məsələn, Türkiyə 2001-ci il böhranından öyrəndi, çox yaxşı da təsiri oldu, amma öyrəndiklərini 10-15 il sonra unudana qədər. Özgür Demirtaş yaxşı deyir, piyasa kimsenin göz yaşına baxmır. Bu reallığı dərk edərək iqtisadiyyatımızı gücləndirək. Nə qədər lənətlənsə də, Azərbaycan üçün neft gəlirləri böyük nemətdir, böhranlardan öyrənməyə bizə vaxt verir. Elə yaxşı öyrənək ki, Allah da yolumuzu IMF-in qapısına salmasın”...
