2020-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 9,7 milyard dollar təşkil edib.
Musavat.com-un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bunun 6,3 milyard dolları ixracın, 3,4 milyard dolları isə idxalın payına düşüb.
Ümumi ticarət dövriyyəmizin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 16,8 faiz azalıb. Lakin bu zaman müsbət saldo artıb. Belə ki, bu ilin yanvar-aprelində xarici ticarətimizdə 2,9 milyard dollarlıq müsbət saldo yaranıb. Bu isə ötən ildən 15,1 faiz çoxdur.
Maraqlıdır ki, bu ilin 4 ayında ixracımızın reallaşdığı ölkələrin ilk onluğunda Çin yoxdur. Halbuki ötən ilin eyni dövründə Çinə 552 milyon 920.56 min dollarlıq məhsul ixrac etmişdik və bu ölkə ixracımızın ilk onluğunun 3-cü sırasında qərarlaşmışdı.
Bu il isə 4 ayda Çinlə qarşılıqlı ticarət dövriyyəmizin həcmi 502 milyon 075.59 min dollar təşkil edib ki, bunun da 425 milyon dollarından çoxu idxalın payına düşüb. Bu, Çinə ixracımızın 7 dəfədən çox azalması deməkdir.
