|
Yerli turizmin inkişafı üçün fürsət

Müzəffər Ağakərimov: “İnsanların bu vəziyyətində qiymətləri aşağı salıb, xidmət səviyyəsini yüksəltmək lazımdır”

Pandemiya səbəbindən 2020-ci il dünya boyunca  turizm üçün itirilmiş bir il oldu. Dövlətlərin sərhədləri bağlaması ilə gediş-gəliş məhdudlaşdı, aviasiya uçuşları dayandı, karantin rejiminin tətbiq olunduğu ölkələrdə hətta bir şəhərdən digərinə gediş-gəliş də tam bərpa olunmayıb.

Belə olan halda, bu yay xaricdə istirahət etməyi planlaşdıranlar artıq  alternativ variantlar axtarmağa başlayıblar ki, burada da əsas yeri daxili turizm tutur. Əgər ölkəmizdə pandemiyanın qarşısı alınarsa və iri şəhərlərdə digər rayonlar arasında gediş-gəliş bərpa olunarsa, o zaman bu ili daxili turizm baxımından bir fürsətə çevirmək mümkündür. Ancaq təbii ki, burada tələbatın artması ilə paralel olaraq qiymətlərin də artmasını, xidmət səviyyəsinin aşağı olmasını, sanitar-gigiyenik normalara əməl olunmasını da nəzərə almaq lazımdır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov bildirdi ki, yaranmış vəziyyəti Azərbaycanın xeyrinə dəyişmək mümkündür: “Fors-major hallar, zəlzələlər, tufanlar, pandemiyalar, müharibə və münaqişələr, iqtisadi - hərbi vəziyyətlər hər bir ölkədə zaman-zaman baş verib. Bir müddət öncə Misirdə baş verən hadisələr, hərbi münaqişə və terrorizm vaxtilə gözəl turizm məkanı olan Misirin, Qahirənin turizmini məhv elədi. Bu da bir hadisədir. Ancaq mən bir məsələni qeyd etmək istəyirəm ki, nikbin olmaq və ruhdan düşməmək lazımdır. İş görmək zamanıdır. Bunun üçün ilk növbədə Azərbaycanın milli kadrlarından, turizm potensialından lazımınca istifadə olunmalıdır. Ölkənin turizm potensialı sözün həqiqi mənasında göz qabağındadır. Lakin çox təəssüf ki, biz çox zaman xaricə üz tuturuq, Azərbaycanın gəzməli-görməli yerlərinə baxmamış xaricə gedirik. İndi elə bir şərait yaranıb ki, Azərbaycanda turizmi yüksək səviyyəyə çatdırmaq olar. Bunun üçün də daxili turizmi inkişaf etdirmək lazımdır”.

Koronavirus Azərbaycan turizminə təsir edirmi? - RƏSMİ

Müzəffər Ağakərimov 

M.Ağakərimovun sözlərinə görə, daxili turizmi inkişaf etdirmək üçün burada olan problemləri aradan qaldırmağa ehtiyac var: “İlk növbədə bütün turizm qurumları birləşib vahid platformadan çıxış etməli və bu məsələləri sürətlə həll etməlidirlər. Tez bir zamanda çevik bir konsepsiya yaradılmalıdır. Bizim Azərbaycan əhalisi və tanınmışları ölkənin turizm potensialından bəhrələnsin. Bunun üçün işçi qrupu yaradılmalı, turizm regionlarında monitorinq keçirilməlidir. Bu monitorinqdə nəinki turizm mütəxəssisləri, eyni zamanda qida təhlükəsizliyi agentliyinin nümayəndələri, xüsusən də epidemioloji qurumların nümayəndələri, sanitar-gigiyenik qurumların nümayəndələri ilə birlikdə hər bir regionda fəaliyyət göstərən istirahət, əyləncə mərkəzlərinin, hotellərin, restoran və kafelərin gələcəkdə necə işlərini qurması haqqında metodik tövsiyələr hazırlanmalıdır. İndi də səhiyyə ilə bağlı tövsiyələr var. Ancaq turizm  məsələsi ilə bunları birləşdirib, vahid platformadan çıxış etməklə hotellərə, kafe və restoranlara, istirahət mərkəzlərinə metodik vəsaitləri paylamalıdır. Bunu turizm qurumları, Səhiyyə Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi bir yerdə həyata keçirilməlidir”.

Sədr müavininin sözlərinə görə, biz Azərbaycanda turizmin çökməsinə imkan verməməliyik: “Əksinə, onu bərpa edib, inkişaf perspektivlərini müəyyən etməli və gələcəyə baxmalıyıq. Vaxtilə istirahət üçün xaricə gedənlər bu il Azərbaycanda istirahət etsələr, inanıram ki, gələn il də ölkədə istirahət etməyə üstünlük verəcəklər. Bununla həm də ölkə iqtisadiyyatına xeyir verəcəklər, büdcəyə də əlavə gəlir gələcək. Həm də regionlarda iş yerləri saxlanıla bilər. Bu məsələlərə Azərbaycan iqtisadiyyatının faydaları baxımından yanaşmaq lazımdır. Hələ ki Bakı ilə rayonlar arasında gediş-gəliş qadağası qalıb. Yay aylarında yol açılarsa, sanitar normalara, metodik göstərişlərə riayət etməklə, sosial məsafə saxlamaqla turizmi bərpa etmək olar. İş adamları da öz kafe və restoranlarında, hotellərində elə şərait yaratmalıdırlar ki, bu metodik göstərişlərə əməl etmək asan olsun. Xüsusən də hotellərin restoranında, mətbəxdə bütün bu səhiyyə tələblərinə cavab vermək daha məqsədəuyğun olar. Çalışmalıyıq ki, turizmi saxlayaq, iş yerləri qalsın, insanlar öz regionlarımızda istirahət etsinlər. Bu çətin andan fürsət kimi yararlanmaq lazımdır”.

Tələbatın artmasından dolayı qiymət artımlarının olacağına gəlincə, M.Ağakərimov bildirdi ki, qiyməti aşağı salıb, xidmət səviyyəsini yüksəltmək lazımdır: “Mən sahibkarlara tövsiyə edərdim ki, insanların bu çətin vəziyyətində qiymətləri aşağı salmaqla daha çox  insan cəlb etsinlər. Eyni zamanda xidmət səviyyəsini qaldırsınlar. Həmin insanlar növbəti ildə sərhədlər açıq olsa da ölkədaxili turizmə üz tutacaqlar. Çünki insanlarımızın əksəriyyəti ötən illərdə Türkiyəyə, Dubaya, Fransaya gedib istirahət ediblər, onlar yüksək səviyyəli xidmət görüblər. İndi yerli sahibkarlar da xidmət səviyyəsini qaldırmaqla yerli turistləri inandırmalıdırlar ki, bizim turizm imkanları və xidmət səviyyəsi heç də xaricdən geri qalmır. Bu yolla gələcəkdə daha çox turist cəlb edib  dövriyyədən daha çox qazana bilərlər. Daha ucuz qiymətə daha çox turistə xidmət edin ki, dövriyyənin yüksək olmasından qazanmaq olar. Bu il bir qədər az gəlir əldə etmək olar, ancaq həmin insanları növbəti il üçün də qazanmaq mühümdür”.