Ekspert: “Azərbaycanda bu istiqamətdə çətinlik olmayacaq”
Koronavirus pandemiyasının zərər vurduğu müəssisələr sırasında hava yolu şirkətləri də var. Pandemiya ilə əlaqədar əksər dövlətlər öz sərhədlərini qapadıblar. Yük daşımaları istisna olmaqla, bir çox ölkələrdə, o cümlədən də Azərbaycanda da hava yolu ilə sərnişindaşıma dayandırılıb. Azərbaycanda may ayının sonuna qədər hava yolunun bərpa ediləcəyi gözlənilmir. Lakin iyunun ortalarından Azərbaycana bəzi beynəlxalq uçuşların bərpası nəzərdə tutulur.
“AirAstana” şirkətinin rəsmisi Deulet Yerkenule bildirib ki, şirkət bu müddət ərzində yalnız Bakı-Almata reyslərini həyata keçirəcək. Bakı-Astana reysi isə oktyabra qədər ləğv olunacaq.
“Sibir Hava Yolları” da Novosibirsk - Bakı istiqamətinə ilk uçuşu iyulun 10-da reallaşdırmağı planlaşdırır. Pandemiya dövründən sonra aviadaşıyıcıların yeni fəaliyyət planları və uçuşların bərpası Turizm Agentlikləri Assosiasiyasının təşəbbüsü ilə AZAL və beynəlxalq hava yolları şirkətlərinin nümayəndələri arasında müzakirə olunub. Bu barədə Real tv məlumat yayıb.
Dünyada belə problem də yaşanır ki, sərnişinlər pandemiyadan əvvəl aldıqları biletlərin pulunu, aviaşirkətlərdən geri ala bilmirlər.
Bəzi aviaşirkətlər isə bağlanma təhlükəsi ilə üz-üzə qalıblar. Məsələn, “Ryanair” aviaşirkətinin icraçı direktoru Maykl OLiri koronavirus pandemiyası ilə əlaqədar konsernin tərkibində olan “Laudamotion” aviaşirkətinin bağlana bilməsi ehtimalı barədə danışıb. İrlandiyalı aşağı büdcəli aviadaşıyıcı 18 min nəfərlik işçi heyətində ixtisarlar aparmağa hazırlaşır və yaxın vaxtda üç min əməkdaşla vidalaşmalı olacaq. Həmçinin yeni təyyarələrin sifarişi məsələsini yenidən nəzərdən keçirəcək.
O. Liri qeyd edib ki, konsernin tərkibində olan Avstriyanın “Laudamotion” aviaşirkətinin işçiləri yeni əmək müqaviləsi və maaşların azaldılması təklifinə razılıq verməsələr, o zaman konsern Avstriyadakı törəmə şirkətini ləğv etməli olacaq. Şəxsi heyətə qərar vermək üçün mayın 20-dək vaxt verildiyini bildirən şirkət rəhbəri əks halda, Vyanadakı bazanın bağlanacağını və “Laudamotion” adı altında uçan təyyarələrin “Ryanair” ilə əvəz ediləcəyini deyib.
Bəs bütün bunlar pandemiya bitdikdən sonra necə tənzimlənəcək?

Ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a bildirib ki, əslində kimsənin aviaşirkətlərin zərərini qarşılamaq vəzifəsi yoxdur:
“Burada pandemiyadan zərər görən təkcə aviaşirkətlər deyil. Məsələn, turizm şirkətləri də eyni aqibəti yaşayırlar. Hotellərdə də vəziyyət ürəkaçan deyil. Pandemiya dövründə bir sıra sahələr var ki, onların zərəri daha çox oldu. Yəni bu sahələrdə fəaliyyət, ümumiyyətlə, olmadı. Zərəri də heç kim qarşılamalı deyil. Bu, onların fəaliyyətlərinin riskidir. Ancaq təbii ki, dövlət kömək edə bilər”.
Ekspert bildirib ki, aviabiletlərlə bağlı məsələlər də ciddi müzakirədədir:
“Bildiyim qədərilə aviaşirkətlər biletlərin geri qaytarılmasını təmin etmirlər. Yəni vətəndaş deyir ki, bileti qaytarıram, pulumu ver. Lakin şirkətlər bu pulu geri qaytarmırlar. Bir qayda olaraq, deyirlər ki, həmin şəxs gələcəkdə bu gedişdən istifadə edə bilər. Əslində isə bu cür yanaşmanın özü qanun pozuntusudur. Mən xidmətdən istifadə etməmişəmsə, pulu geri qaytarmalısan. Sadəcə olaraq, aviaşirkətlər həmin pulun hamısını qaytara bilmirlər. Çünki şirkətlər də əməkdaşlarına əmək haqqı verib, digər xərclərini həmin pul vasitəsilə ödəyiblər. Buna görə də biz görürük ki, bəzi aviaşirkətlər öz işçilərini ixtisar edirlər. Hətta bir çoxu haqqında belə fikirlər var ki, həmin şirkətlər bağlanacaqlar. Bu, problemdir. Ancaq vətəndaşın pulunu geri alması onun haqqıdır. Hesab edirəm ki, dövlət bu məsələdə şirkətlərə kömək etməlidir. Azərbaycanda bu barədə, məncə, problem olmayacaq. Çünki əsas şirkət birdir və onun da bağlanmasına imkan verilməz. Xaricdə isə bir neçə aviaşirkət var və orada vəziyyət fərqlidir. Hesab edirəm ki, orada və burada dövlət məsələyə qarışmalı, kömək etməlidir”.
