|
Tailandda son 24 saatda koronavirusa yoluxma halı qeydə alınmayıb

Tailandda epidemiya başladıqdan bu yana ilk dəfədir ki, koronavirusa yeni yoluxma halı qeydə alınmayıb. Həmçinin ölkə ərazisində sutka ərzində infeksiyadan ölən olmayıb.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Banqkokdakı Hökumət evində keçirilən brifinqdə Tailandın koronavirus infeksiyası ilə mübarizə üzrə mərkəzinin mətbuat katibi Thavisin Visanuyothin məlumat verib.

“Bu gün Tailandda koronavirusa yeni yoluxma müəyyən edilməyib. Bu, epidemiya dövrü ərzində ilk belə haldır. Həmçinin ötən sutka ərzində infeksiyadan ölüm halları da baş verməyib”, - deyə mətbuat katibi bildirib.

Onun sözlərinə görə, hazırda Tailandda COVID-19 infeksiyasına yoluxanların ümumi sayı əvvəlki kimi 3017 nəfər, koronavirus səbəbindən ölənlərin sayı isə 56 nəfərdir. Həmçinin ölkədə 2844 nəfər xəstəlikdən sağalıb.