|
Pompeodan “İrana qarşı birləşək” çağırışı

ABŞ müttəfiqlərini 75 il əvvəl nasistlərə qarşı birləşdiyi kimi, indi də İrana qarşı birləşməyə çağırır.

Bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib. “ABŞ və müttəfiqləri dünyanı nasistlərdən və nifrət ideologiyalarından xilas etmək üçün birgə hərəkət ediblər. Hazırda dünyaya başqa bir cinayətkar rejim təhdid yaradır. Ona görə də Vaşinqton beynəlxalq ictimaiyyəti amerikalılara qoşulmağa və antisemitizmin dünyadakı nəhəng sponsorunu dayandırmağa çağırır”, - deyə o bildirib.

Pompeo ABŞ-ın nüvə razılaşmasından çıxmasının Yaxın Şərqə daha çox təhlükəsizlik gətirdiyini deyib. Dövlət katibi həmçinin ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcəyini söyləyib.

Dövlət katibinin bu çağırışı İranın yerləşdiyi regionda Amerikanın mütəffiqinin olub-olmadığı yönündə müzakirələrin açılmasına səbəb olub. Nəzərlər daha çox Ermənistanın üzərində cəmləşib ki, bu da səbəbsiz deyil. Belə ki, bir müddət əvvəl xarici mediada da Ermənistanın ABŞ-a dəstək verib, İranı arxadan vuracağı ilə bağlı iddialar yer almışdı. Bu iddialar da onunla əsaslandırılmışdı ki, indiki Nikol Paşinyan hökumətinin inqilab yolu ilə iqtidara gəlməsində Birləşmiş Ştatların bilavasitə rolu olub.

Əhəd Məmmədli: “Azərbaycan üçün bircə çıxış yolu qalır, o da hərbi ...

Əhəd Məmmədli: “Ermənistanı İranın əlindən Amerika belə ala bilməz”

Siyasi şərhçi Əhəd Məmmədli Ermənistanın buna cəsarət edəcəyini düşünmür: “Deyəsən, amerikalı liderlər koronavirusdan boş vaxtlarında İranı təhdid etməklə vaxt keçirirlər. Əvvəl Tramp, indi də Pompeo İran təhlükəsindən danışır. İranın faşist Almaniyası ilə müqayisəsini o qədər uğurlu saymıram. Dozanı elə bil bir az çox qaldırıblar. Almaniya dünyaya təhlükə idi. İran isə rəqibləri üçün regiona təhlükədir. İran faşist Almaniyasından fərqli olaraq rəsmi şəkildə heç bir ölkəni işğal etməyib. Düzdür, qeyri-rəsmi İran bir neçə qonşu, region ölkədə əsgər və zabitlərini yerləşdirib. Hərbi qruplaşmalar, muzdlu dəstələr, terror təşkilatları qismində İran geninə-boluna İraq, Suriya, Yəmən və Livanda iştirak edir. Azərbaycanda da İranın ”beşinci kolon"una fəal dəstək verilir. Bütün bunlar Amerikanı narahat edə bilər. Lakin Amerika özü də başqa ölkələrdə İranın işlətdiyi metodlardan yararlanır. Amerika İrandan daha güclü dövlət olduğu üçün faşist Almaniyası kimi rəsmi şəkildə ordularını yerləşdirib, ölkələri müxtəlif bəhanələr, şüarlar adı altında işğal edir. İrana qarşı və digər məsələlərdə ABŞ-ın rəsmi səviyyədə, sənədli-sübutlu müttəfiqləri NATO ölkələridir. Amma gerçək müttəfiqlərə gəldikdə isə bunlar Böyük Britaniya və İsraildir. Britaniya ilə son dövrlər Yaxın Şərq məsələsində ABŞ-la fikir ayrılığı yaşayır. İsrail isə ABŞ-ın dəstəyi olmasa regionda dövlət olaraq yaşamını itirər. İsrail Yaxın Şərqdə yaşamını saxlamaq istəyirsə, daim böyük gücü arxasına almaq məcburiyyətindədir. Bu gün bu böyük güc ABŞ, sabah isə məsələn, Çin ola bilər və s. Konkret İrana gəldikdə isə, bu cəbhədə ABŞ-la ittifaqda Ərəb monarxiyalarıdır. Ermənistana gəldikdə isə, onlar da İsrailin balaca maketidirlər. Ermənilər də yəhudilər kimi dövlətlərini qorumaq istəyirlərsə, daim böyük gücə arxalanmalıdırlar. Ermənilərin böyük gücü Rusiyadır. Rusiya güc olana qədər Ermənistan heç vaxt İrana qarşı Amerikanın yanında yer almağa risk etməz. Bu, ermənilər üçün ölümə bənzər avantüra ola bilər. Rusiyadan xəbərsiz bunu etsələr, Ermənistanı İranın əlindən Amerika belə ala bilməz. Düşmən ölkənin hər bir yanlış addımından Azərbaycan maksimum yararlanmağı bacarmalıdır. Lakin yenə də o fikirdəyəm ki, ələlxüsusda indiki reallıqlarda Amerika İranla müharibə edən deyil. Bunun obyektiv və subyektiv, siyasi-tarixi nədənləri var. Hansılar ki, haqqında əvvəllər müsahibələrimdə sizə danışmışam".

Azərbaycan-Rusiya münasibətləri daha yüksək inkişafa nail ola bilər”

Məhəmməd Əsədullazadə: “Ermənistanın ABŞ-ın bu çağırışına qoşulması şübhəsizdir”

Politoloq Məhəmməd Əsədullazadə isə fərqli mövqeyə sahibdir: “ABŞ və İran arasında davam edən konfrontasiya Yaxın Şərqin siyasi nizamının dəyişməsində mühüm rol oynamaqdadır. Məhz Vaşinqtonun Tehrana qarşı ağır sanksiyaları və bunu davam etdirməsi böhranı daha da inkişaf etdirir. İki ölkə arasında Bəsrə körfəzində lokal hərbi insidentlərin yaşanması yeni miqyaslı müharibəyə gətirə bilər. İran tərəfi ABŞ-ın şərtlərini qəbul etmir və qərarlı şəkildə Yaxın Şərqdə öz hərbi-siyasi siyasətini davam etdirir. Bu da ABŞ və İsrailin Yaxın Şərqdə geopolitik siyasətini təhdid edir. İsrail tərəfi öz sərhədlərində İranın mövcudluğunu özünün təhlükəziliyinə təhdid kimi görür və bunda haqlıdır. ABŞ Administrasiyası yəhudi lobbisi ilə sıx əməkdaşlıq etdiyi üçün bu istiqamətdə İsrailin də təhlükəsizliyini önə çəkir. Məhz dövlət katibi Pompeonun İrana qarşı koalisiyada İsrail faktorunu da önə çəkməsi və İranı terrorçuluqda ittiham etməsi böhranın daha da davam etməsini göstərir. İran çox çətin sınaqlar qarşısındadır, amma ABŞ-ın qarşısından geri çəkilmir. Bu da ABŞ-ın daha da əlavə addımlar atmasını şərtləndirə bilər.

İrana qarşı koalisiyaya əsasən Səudiyyə Ərəbistanı və bir neçə körfəz ölkəsi qoşulacaq. Ermənistanın ABŞ-ın bu çağırışına qoşulması şübhəsizdir. Ötən il Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın İrana qarşı iqtisadi sanskiyaları genişlətdikdə İranla sərhədlərini lazım olarsa bağlayacağını vurğulamışdı. Göründüyü kimi, Ermənistan istənilən situasiyada öz tərəfdaşına və nəfəsliyinə qarşı çıxır. Bunu Tehran rəsmiləri görməlidir və İrəvana qarşı siyasətlərində korrektəyə getməlidirlər. Təəssüf ki, Azərbaycan faktoru və Qarabağ məsələsi olduğu üçün İran İrəvanın bu siyasətinə rəğmən onu tənqid etmir. Ermənistanla sərhədini bağlamamaqla Azərbaycana təzyiq etmək niyyətindədirlər. Hesab edirəm ki, ABŞ İrana qarşı hərbi vasitələrə əl atdıqda və koalisiya yaratdıqda Ermənistan bu koalisiyaya qoşulacaq və bu ölkənin hərbi aerodromları ABŞ təyyarələri üçün İrana qarşı platsdarm olacaq. Amma Azərbaycan heç vaxt İrana qarşı koalisiyada yer almadı, cənub qonşumuza qarşı heç bir sanksiyaya qoşulmadı. Üstəlik, İrana yardım edir. Hesab edirəm ki, Tehran nəticə çıxarmalı, daşı ətəyindən töküb Qarabağ məsələsinə görə Ermənistana dəstəyindən əl çəkib, həqiqi düşmənini tanımalıdır. İran bilməlidir ki, Azərbaycan sabah öz ərazilərini işğaldan azad edərsə, Tehran peşman olacaq”.