|
Hüquq müdafiəçiləri Ədalət Vəliyevlə görüşdülər

Mayın 8-də Hüquqmüdafiə Təşkilarları Monitorinq Qrupunun üzvləri Novella Cəfərova, Səidə Qocamanlı, Səadət Bənənyarlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və siyasi partiyalarla iş sektorunun müdiri Səbinə Salmanova ilə görüşüblər.

Musavat.com-a verilən məlumata görə, görüşdə son aylarda yaşanan pandemiya şərainində ölkədə atılan operativ addımlar müsbət qiymətləndirilmiş, həmçinin QHT-lərin pandemiya ərəfəsindəki fəaliyyəti geniş müzakirə edilmişdir.

Hüquq müdafiəçiləri pandemiya ərəfəsində bəzi rəhbər vəzifələrdə olan məmurlar tərəfindən vətəndaşlara qarşı göstərilən biganəlik, laqeydlik halları da qeyd etmişlər.

Səlahiyyətlərindən istifadə edərək vətəndaşların hüquqlarını kobudcasına pozan, öz mənfəətini üstün tutan məmurların bir qisminin həbsi ölkədə köklü dəyişikliklərə start verildiyindən xəbər verir.

Hüquqmüdafiəçiləri siyasi partiyalarla aparılan görüşləri, bir sıra siyasi partiyaların qeydiyyatdan keçirilməsini müsbət dəyərləndirərək ölkənin gələcəyi naminə cəmiyyətin bütün təbəqələri, siyasi qüvvələri arasında dialoqun vacibliyini vurğulamışlar.

Hüquqmüdafiəçiləri həmçinin qeyri-hökumət sektorunun cəmiyyətin maarifləndirilməsi sahəsində müstəsna rolunu qeyd edərək, bu sektora önəm verməyi, vətəndaş cəmiyyətinin tanınmış simaları tərəfindən xüsusi proqramların hazırlanıb televiziya efirində verilməsini xüsusi qeyd etmişlər.