Azərbaycandan keçərək Avropaya külli miqdarda heroin aparmaq istəyən Türkiyə vətəndaşına hökm oxunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Karataş İmdat Musa oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Karadaşa 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
İttihama görə, Karadaş İrandan Azərbaycan vasitəsilə Avropaya 126 kiloqram heroin keçirməyə cəhddə təqsirləndirilir.
Dövlət Gömrük Komitəsinin əməkdaşları İrandan gələn "Iveco" markalı yük maşınında 126 kiloqramdan çox heroin aşkar edərək götürüblər.
Məlumata görə Karadaş 40000 avro müqabilində Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına aparıb Moskva şəhərində mütəşəkkil dəstənin şəxsiyyətləri məlum olmayan digər üzvlərinə Avropa ölkələrinə çatdırılması məqsədilə təhvil verəcəkmiş.
Qeyd edək ki, Karadaş aldığı cəzadan narazı qalaraq Şirvan Apelyasiya Məhkəməsinə müraciət edib. Onun şikayəti təmin edilməyib və hökm qüvvədə saxlanılıb.
