|
Sahibə Qafarova Şuşadan, 41-45 müharibəsindən və Heydər Əliyevdən danışdı

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Milli Məclisin plenar iclasında geniş nitq söylədi.

Xanım sədr bildirdi ki, bizim bugünkü iclasımız həm kədərli, həm də əlamətdar hadisələr ərəfəsində keçirilir: “Bu gün, mayın 8-də Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümü tamam olur. Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparıb Ermənistana birləşdirmək və yerli azərbaycanlı əhalini ata-baba torpaqlarından qovub çıxarmaq üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil etmişdir. Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırmışlar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış 1 milyondan çox soydaşımızın 22 min nəfəri Şuşa sakinidir. Onlardan biri bu gün bizimlə bərabərdir. Əsra Məmmədli Şuşada doğulmasa da, ruhən Şuşaya bağlıdır və doğma yurdunun həsrəti ilə yaşayır”.

S.Qafarova bundan sonra sözü şuşalı qıza, Əsra Məmmədliyə verdi. Çıxışdan sonra isə “çox sağ olun, Əsra! Hörmətli həmkarlar, düşünürəm ki, bu sözlər bizim hamımızı təsirləndirdi”-deyə, bildirdi.

S.Qafarova ardınca bildirdi: “Biz əminik ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən və qətiyyətli siyasət nəticəsində ölkəmizin ərazi bütövlüyü tezliklə bərpa ediləcək, bütün Qarabağ bölgəsi, o cümlədən onun nadir incisi olan Şuşa şəhəri işğaldan azad ediləcək, qaçqın və köçkün soydaşlarımız doğma yurdlarına qayıdacaq, bölgədə uzunmüddətli möhkəm sülh bərqərar olacaqdır.

S.Qafarovanın təklifi əsasında Şuşa şəhərinin müdafiəsi zamanı həlak olmuş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi və bütün şəhidlərimizə rəhmətlər diəndi.

Daha sonra S.Qafarova digər tarixi hadisədən danışdı: “Hörmətli həmkarlar, sabah, mayın 9-da biz faşizm üzərində Qələbənin 75 illiyini qeyd edəcəyik. Qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr vermişdir. Bu məqamda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bir çıxışında söylədiyi fikri xatırlatmaq istəyirəm: “Tarix bu gün də bilməlidir ki, Azərbaycanın II dünya müharibəsində xidmətləri, fəaliyyəti və rolu çox böyük olmuşdur”. Müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılmışdır. Onların 40 min nəfəri cəbhəyə könüllü getmişdi. 320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmamışdır. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstərmişlər. 400 mindən çox azərbaycanlı döyüş ordenləri və medalları ilə təltif edilmiş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Azərbaycanda 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri – məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olmuşdur. Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak etmişlər. Onlar müxtəlif ölkələrdə partizan dəstələrində vuruşmuşlar. Təkcə Fransanın antifaşist hərəkatında 3 mindən çox azərbaycanlı iştirak etmişdir. Müharibə illərində Azərbaycanın bütün iqtisadiyyatı ordunun ehtiyaclarına uyğunlaşdırılmışdı. Bakıdan cəbhəyə 75 milyon ton neft və 22 milyon ton benzin göndərilmişdir. O dövrdə döyüşlərdə iştirak edən hər 5 təyyarədən, tankdan, avtomaşından və hərbi gəmidən dördü Azərbaycanda istehsal edilmiş yanacaqla işləyirdi. Azərbaycan müəssisələrində 130 növ silah, sursat və başqa hərbi ləvazimat istehsal edilirdi”. S.Qafarova daha sonra bildirdi: “Hörmətli həmkarlar, bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunmuşlar. Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına və arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər. Hörmətli həmkarlar, Qələbə günü münasibəti ilə mən müharibə veteranlarını, bütün xalqımızı ürəkdən təbrik edirəm, İkinci dünya müharibəsində qəhrəmanlıqla vuruşmuş, arxa cəbhədə fədakarlıq göstərmiş Azərbaycan xalqının oğul və qızlarına minnətdarlıq duyğularımı ifadə edirəm. Biz əminik ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram günü daxil olacaqdır”.

Spiker daha sonra üçüncü tarixi hadisədən bəhs etdi: “Hörmətli həmkarlar, may ayının 10-da ulu öndər Heydər Əliyevin anadan olmasının 97 illiyi tamam olacaqdır. Heydər Əliyev Azərbaycan xalqının öz tarixi ərzində yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Xalqımızın yaradıcı zəkasını və enerjisini təcəssüm etdirən ulu öndər millətimizin şərəf və ləyaqət rəmzinə çevrilmişdir. Onun sayəsində xalqımız əvvəlcə dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, sonra isə müstəqil milli dövlətçiliyini qoruyub saxlamış və ardıcıl inkişaf yoluna çıxarmışdır. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində ulu öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq, xilaskarlıq və quruculuq missiyasını uğurla həyata keçirmiş və əsl milli lider olduğunu sübuta yetirmişdir. Ulu öndərin zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan dövləti bu gün etibarlı əllərdədir, başladığı bütün işlər eyni əzm və iradə ilə davam etdirilir. Möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət Azərbaycanı dünyanın ən dinamik inkişaf edən dövlətlərindən birinə çevirmişdir. Azərbaycanın xoşbəxt gələcəyi İlham Əliyev tərəfindən uğurla davam etdirilən Heydər Əliyev siyasi xətti ilə bağlıdır. Ulu öndərin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsini, xalqımızın daha firavan günlərə qovuşmasını təmin edir”.