|
Qüdrət Həsənquliyev:

Deputat Qüdrət Həsənquliyev Milli Məclisdə çıxış edərək bir sıra məsələlərə münasibət bildirərkən bəzi həmkarlarını danışarkən diqqətli olmağa çağırdı. Torpaqların işğalı ilə əlaqədar olaraq keçmiş hərəkatçıların günahlandırılmasını doğru saymayan Q.Həsənquliyev dedi ki, biz bununla o vaxt xalq hərəkatında olmuş insanları Cəmil Həsənlinin ətrafına toplamış oluruq. “Cəmil Həsənli müşavir vəzifəsini tutmaq üçün AMİP-dən istefa verdi”-Q.Həsənquliyev əlavə etdi.

Deputat daha sonra bunları dedi: “Azərbaycanda bütün hakimiyyətlərin dövründə torpaqlarımız işğaldan azad olunub. Bütün xalqların içərisində xəyanətkarlar olub və olacaq. Amma biz bəzi məsələlər barədə danışanda ehtiyatlı olmalıyıq. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, “torpaq bərk olanda öküz-öküzdən görür”. İndi torpaqlarımızın hansı yolla azad olunmasından danışmalıyıq. Amma başlamışıq bir-birimizi ittiham etməyə. Şuşa işğal olunanda AXC hakimiyyətdə deyildi, o zaman Yaqub Məmmədov ölkəyə rəhbərlik edirdi və Tehranda ermənilərlə danışıqlar apararkən Şuşa şəhəri işğal edildi. Bunu da kiçik bir məlumat kimi Cavid Osmanovun diqqətinə çatdırdım”.

 Qeyd edək ki, deputat Cavid Osmanov çxışında “bu gün Şuşanın Ermənistan tərəfindən işğalının 28-ci ili tamam olur. Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil”-dedi və bu, bəzi deputatlarda etiraz doğurdu.