|
ABŞ radiosunda Ermənistan Azərbaycan münaqişəsi müzakirə olundu

ABŞ-ın nüfuzlu Con Batçelor Şou radio proqramında Corctaun Universitetinin professoru, enerji sahəsində tanınmış mütəxəssis Brenda Şaffer və Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovla müsahibə yayımlanmışdır. Şuşanın işğalının ildönümü ərəfəsində baş tutmuş müsahibədə jurnalist C. Batçelor Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bir daha diqqət çəkmiş, regionda vəziyyət, koronavirus pandemiyası dövründə üzləşilən çətinliklər barəsində mühasiblərinə suallar vermişdir.

C. Batçelor Bakıda olduğu müddətdə ölkəmizdə gedən inkişaf və aparılan genişmiqyaslı islahatların şahidi olduğunu və Azərbaycanın pandemiya ilə mübarizəyə kifayət qədər hazır olduğunu bildirmişdir.

Səfir Elin Süleymanov dünya bazarında neft qiymətlərinin düşməsinin Azərbaycan iqtisadiyyatına da öz təsirlərini göstərdiyini, lakin Azərbaycan hökuməti tərəfindən neftdən asılılığın azaldılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildiyini vurğulamışdır.

Səfir Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanın 20 faiz torpağının işğalı və 1 milyona yaxın əhalisinin məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olmaqla yanaşı regional inteqrasiya və inkişafa da mane olduğunu bildirmişdir. Ermənistan rəhbərliyinin hazırda işğalçı və şovinist siyasətini davam etdirərək yalnız Azərbaycana və regiona deyil, hətta öz xalqının gələcəyinə də böyük zərbələr vurduğunu diqqətə çatdırmışdır. Böyük potensiala malik Cənubi Qafqaz regionunun sülh olacağı təqdirdə daha da çiçəklənəcəyini, regionun digər ölkələri ilə yanaşı bundan erməni xalqının da faydalanacığını qeyd etmişdir.

B.Şaffer münaqişənin həlli istiqamətində gedən danışıqlar fonunda Ermənistanın və ermənilərin təxribatçı əməllərinin yolverilməzliyini, bunun yalnız sülhə mane olduğunu qeyd etmişdir. O, ABŞ-da yaşayan ermənilərin web saytlar və sosial şəbəkələr vasitəsilə müxtəlif təxribatlara yol ataraq xalqların sülhə hazırlanmasına mane olduğunu bildirmişdir. Professor qeyd etmişdir ki, erməni lobbisi regiounumuzda sülhün bərqərar olmasını istəmir.

Sonda C. Batçelor Azərbaycan xalqına xalqına erməni son günlər erməni təxribatlarının qurbanı olmuş şəhidlərimiz üçün başsağlığı vermişdir.


Müsahibənin tam versiyası ilə aşağıdakı elektron keçid vasitəsilə tanış olmaq olar: https://audioboom.com/posts/7576111-azerbaijan-weathers-the-energy-decline-while-waiting-for-peace-in-the-occupied-nagorno-karabakh