Bahar Muradova: “Doğrudan da bu hadisələr çox dəhşətli formalarda baş verir”
Koronavirus pandemiyasının yayıldığı ilk günlərdə belə bir nikbin yanaşma var idi ki, insanlar həm bu böyük bəladan xilas olmaq üçün birləşəcək, həm də “Evdə qal” günlərində ailə-məişət zorakılığının statistikasında müsbətə doğru dəyişikliklər baş verəcək. Amma bunun əksi müşahidə olunmaqdadır, özü də təkcə Azərbaycanda deyil...
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Yeni Müsavat”a bu barədə geniş açıqlama verib: “Çox təəssüf ki, xəstəlik dünyanın bütün ölkələrində tüğyan edir, böyük insanlıq faciəsi yaşanır, bütün ölkələr çoxsaylı insan və iqtisadi itkilərlə, o cümlədən mənəvi problemlərlə üz-üzədir. Burada istisna yoxdur, vəziyyət bütün dünyanın hər yerində bu və ya digər şəkildə bir-birinə bənzərdir. Amma bunu da xüsusilə vurğulamalıyıq ki, Azərbaycan həm pandemiya başlayana qədər ümumi vəziyyəti, iqtisadi durumu, bütün dünya ölkələri, beynəlxalq təşkilatlarla münasibətlərindəki siyasi xətti, özünün müstəqil mövqeyi, müstəqil siyasəti olan bir dövlət kimi fərqləndiyi kimi, pandemiya ilə mübarizədə də özünəməxsusluğunu bir daha ortaya qoydu. Yəni ilkin atılmış ciddi addımlar, qabaqlayıcı tədbirlər və insanlarımızın təhlükəsizliyini təmin etmək, yoluxma təhlükəsini minimuma endirmək, sağlamlığı qorumaq istiqamətində görülən tədbirlər öz bəhrəsini verməkdədir. Baxmayaraq ki, indi insani və iqtisadi itkilərimiz var, amma müqayisəli şəkildə götürəndə bu, çox aşağı faizdədir. Ona görə bu məsələyə yanaşmada da siyasətlərin, o siyasəti həyata keçirən şəxslərin, iqtidarların tutduğu mövqedən bir çox şeylər asılıdır. Pandemiya həm də bunu göstərdi. Əlbəttə ki, milyonlarla insanın günün birində qəflətən bu virusa yaxalanması, bunun da nəticəsində onların təhlükəsizliyini təmin etmək üçün onların evə qapanması və məhdudiyyətlərlə üz-üzə olması asan bir məsələ deyil. Nə bunları tətbiq etmək o qədər rahat bir iş deyil, nə də buna əməl etmək çoxlarını qane etmir. Odur ki, pandemiya bir çox istiqamətlərdə, o cümlədən iqtisadi, sosial, eyni zamanda psixoloji və mənəvi problemlər də yaradır.
Bu da təbiidir ki, ailə üzvlərinin xeyli müddət bir yerdə olması bir qayda olaraq ailədaxili münaqişələrin, problemlərin yaranmasına da gətirib çıxarır. Dünya ölkələrinin bir çoxunda bu sahədə nəzərəçarpan dərəcədə artım müşahidə olunmaqdadır. Ailədaxili münaqişələrin 30, 40, 50 faiz artdığı ölkələr var". Komitə sədri qeyd etdi ki, Azərbaycanda da bu, müşahidə olunmaqdadır: “Amma müqayisəli şəkildə onu demək istəyirəm ki, Azərbaycanda bu sahədəki artım digər ölkələrdəki kimi çox deyil. Yəni belə hallar var. Amma bundan təəssüf hissi keçirməklə yanaşı, digər bir aspekti də müşahidə etməkdəyik. Bu gün həssas ailələr siyahısına daxil olan, bu və ya digər problem yaşanan ailələrin bir çoxunda əks istiqamətdə proseslər getməyə başlayıb. Gözlənilənlərin əksinə olaraq həssas qrupa daxil olan ailələrin bir çoxunda normal bir ab-hava hökm sürür. Amma gözləmədiyimiz bir istiqamətdən isə belə münaqişəli hallar, ölüm hadisələri, hətta çox qəddarcasına törədilmiş zorakılıq aktları baş verməkdədir. Əlbəttə ki, bu, müvafiq hüquq-mühafizə orqanlarının nəzarəti altındadır və biz də komitə olaraq öz səlahiyyətimiz çərçivəsində bu istiqamətdə üzərimizə düşən işləri görməyə çalışırıq. Psixoloji problemləri diqqətdə saxlayırıq, bu ailələrlə telefon əlaqələri, onlayn əlaqələr saxlanılır və insanları mümkün qədər bu kimi halların baş verməsinin qarşısını almağa yönəltməyə çalışırıq. Amma nə edək ki, belə hallar baş verir və biz də bunlarla üz-üzə qalırıq”.
“Araşdıranda görürsən ki, bu qətllərin baş verdiyi ailələrdə bir qayda olaraq uzun müddət problemlər yaşanıb” |
Komitə sədrinin də təsdiqlədiyi kimi, Azərbaycanda son günlərdə bir neçə dəhşətli qətl hadisələri baş verdi. Xüsusilə də körpə uşaqların olduğu ailələrdə bu hadisələrin olması daha çox narahatlıq yaradır. Qanlı hadisələrin nədən baş verməsi ilə bağlı komitənin araşdırmaları olurmu? B.Muradova: “Doğrudan da bu hadisələr çox dəhşətli formalarda baş verir. Araşdıranda görürsən ki, bu qətllərin baş verdiyi ailələrdə bir qayda olaraq uzun müddətdir problemlər yaşanmaqdadır. Burada müxtəlif zərərli vərdişlərə aludə olmaqdan tutmuş, sosial çətinliklər, bu və ya digər şəxsiyyət, xarakter pozğunluğu ilə bağlı problemlər, əvvəlcədən bünövrəsi düzgün qoyulmayan ailələrdən söhbət gedir. Ona görə də düşünürəm ki, biz cəmiyyət olaraq bu məsələlərə diqqətimizi artırmalıyıq. Yaxın ətrafımızda, qohumlar, qonşular arasında belə halların baş verməməsi ücün çalışmalıyıq. Bəzən biganəlik, laqeydlik üzündən insan taleləri puç olur. Təsadüfi deyil ki, BMT-nin Baş katibinin həm qadınlara, qızlara qarşı zorakılığın artması, həm də uşaqların hüquqlarının pozulmasına dair müraciətləri oldu. Bu müraciətləri yaymaq, Azərbaycandakı həssas təbəqələrin diqqətinə çatdırmaq üçün gündəlik çalışmalarımız davam edir. Mətbuatın da bu məsələdə tutduğu mövqe ilə bağlı narahatlığımızı ifadə etmişik. Çünki bir var cinayət hadisəsi baş verir, o barədə informasiya gedir, bir də var ki, ailənin özündə guya yaxşı bir iş görürmüş kimi ailə üzvlərininb o cümlədən uşaqların hüquqlarının pozulması ilə müşayiət olunan çox əcaib hallar baş verir. Üstəlikb bunu əks etdirən foto və videolar sosial şəbəkədə yayımlanır ki, bu da beynəlxalq konvensiyaların, milli qanunvericiliyin müddəalarının kobud şəkildə pozulması kimi dəyərləndirilir və ciddi hüquqi məsuliyyət yaradır. Amma bunu bəzən ailə başçılarına, valideynlərə çatdırmaq, onlara anlatmaq mümkün olmur. Tamamilə fərqli mövqedən öz hərəkətlərinə haqq qazandırmağa çalışanlar da var”.
Komitə sədrinin sözlərinə görə, bu məsələdə mətbuat orqanlarının da üzərinə böyük vəzifə düşür: “Gərək onlar həm «KİV haqqında», qanunvericiliyi, eləcə də peşə etikasının müddəalarını unutmasınlar. Belə halların yayılması, tirajlanması və uzun müddət internet resurslarında saxlanmasının özü zorakılığın həm təbliğinə, həm də təşviqinə xidmət edir. Ona görə mətbuat bu kimi hallara qarşı da özünün düzgün mövqeyini müəyyənləşdirməlidir. Xəbəri vermək və onu daha çox səhifədə saxlamaq digər belə halların baş verməsini də stimullaşdırır. Bəzən bu kimi zorakılıq halları barədə məlumatlandırmaq, onun ətrafında geniş diskussiya açmaq əks-effekt verir. Ona görə də istintaq hərəkətlərinin getdiyi dövrdə belə məsələlər ətrafında ajiotaj yaratmağın, geniş müzakirələr açmağın, konkret şəxsləri, baş vermiş hadisələri yeri - yatağı ilə, kim edib, kimə qarşı edib, hansı kənddə, hansı küçədə, hansı nömrəli evdə baş verməsinə dair müvafiq qurumların rəyini və məlumatını gözləmədən hətta azyaşlı uşaqların şəkillərinin, videolarının üzü açıq şəkildə verilməsi yolverilməzdir. Mətbuat nümayəndələri belə hallara qətiyyən yol verməməlidirlər. Düşünürəm ki, bu istiqamətdə maarifləndirici işlərə və hətta çəkindirici addımlara da ciddi ehtiyac vardır”.
