İran qüvvələri Suriyadan çıxır və oradakı hərbi bazalarını bağlayır. Bu barədə İsrailin müdafiə sahəsinin səlahiyyətliləri yerli mətbuata mayın 5-də son iki ayda İranla əlaqəli milislərə hava zərbələri endirmələri barədə xəbərləri şərh edərkən bildiriblər.
Məlumatı Strateq.az “The Times of İsrael” nəşrindən Azərbaycan dilinə tərcümə edib.
İsrail rəsmiləri hücumlar barədə birbaşa təsdiq açıqlaması verməkdən imtina ediblər. Qeyri-müəyyənlik siyasətini davam etdirərək, onlar ümumən Suriyada İrana qarşı fərdi həmlələri təsdiq etməkdən həmişə çəkiniblər. Çünki təsdiqləmə qisas ehtimalını artırır.
Onu da bildirək ki, son aylarda İrana qarşı zərbələrin sayında artım müşahidə olunur.
Adının açıqlanmaması şərtilə danışan səlahiyyətlilər səylərinin öz bəhrəsini verdiyini söyləyiblər. Çünki İran qüvvələri bu müddətdə nəzarətində olan az sayda hərbi bazanı təxliyə edərək ölkəni tərk etməyə başlayıblar.
Səlahiyyətlilər bildirib ki, İsrail iranlıların asanlıqla təslim olacağını düşünmür, hansısa şəkildə buna cavab verəcəklər, yəni qisas günü nə vaxtsa yetişəcək.
Rəsmilər onu da fikirlərinə əlavə ediblər ki, İsrail hərbi qüvvələri Suriyanı tərk edənə qədər İrana qarşı təzyiqləri davam etdirməyi planlaşdırır.
Müdafiə səlahiyyətliləri Suriyada İrana qarşı qazanılan uğurları ABŞ-ın bu ilin əvvəlində Tehranın ən bacarıqlı generallarından biri, İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” Qüvvələrinin komandiri Qasim Süleymaniyə sui-qəsdlə əlaqələndirirlər.
Politoloqlar gedən bu məlumata fərqli rakurslardan yanaşırlar. Çoxları cənub qonşumuzun Suriyanı tərk edəcəyinə inanmır və İsrail mətbuatında gedən bu məlumatların reallığı əks etdirmədiyini söyləyirlər. İranın, əksinə, İsraili bölgədən çıxarmaqda israrlı olduğu vurğulanır.
Kənan Rövşənoğlu: “Bu barədə İsrail mətbuatında yazılanlar təxminlərdir, yəni...”
Siyasi yazar Kənan Rövşənoğlu gedən bu məlumatın reallığı əks etdirmədiyini düşünür: “Bernard Şou deyib ki, dünyada ən asan iş siqareti tərgitməkdir, mən min dəfə tərgitmişəm. Rusiya bir neçə dəfə rəsmi surətdə Suriyanı tərk edib, ABŞ da prezident səviyyəsində iki il qabaq elan edib, amma heç biri çıxmayıblar. Bütün bunların fonunda İranın Yaxın Şərqdə əsas strateji müttəfiqi hesab etdiyi Suriyadan çıxması real deyil. Açığı mən bu barədə məlumata rast gəlməmişəm. Amma deyilibsə də, görünür, hansısa şərt və ya xüsusi qeydlə deyilib. Hətta rəsmi olaraq deyilsə belə buna o bölgəni bilən adamın inanması mümkün deyil. İran üçün Yaxın Şərqə, əsasən də Livan, Fələstinə çıxış üçün əsas ölkə Suriyadır. İllərdir Suriyaya yatırım qoyan, hərbi və digər sahələrdə açılımlar edən İranın ordusunu oradan çıxarması mümkün deyil. Üstəlik, hazırda İranın Suriyada təxminən 50 mindən çox rəsmi və ya qeyri-rəsmi hərbi gücü var. Bu qüvvələrin çıxması savaşın gedişini dəyişə bilər. Çünki Rusiyanın Suriyada aviasiyası var, quru gücü yoxdur. Ona görə də heç bir halda real görünmür. Bu yazı İsrailin təxminləridir, yəni onlar da etiraf edir ki, sayda azalma ola bilsə də, bu çıxma sayılmır. Həm də nə planladıqları məlum deyil”.
Əhəd Məmmədli: “İsrail Suriyada İrana zərbələr endirir, amma...”
Politoloq Əhəd Məmmədli də fərqli mövqeyə sahib deyil: “Son günlər Suriya ilə bağlı müxtəlif xəbərlər yayılır. Rusiya mənbələrinə istinadən xəbər yayıldı ki, guya Moskva-Ankara-Tehran Əsədin hakimiyyətdən getməsi razılığına gəliblər. Gələcək Suriya BAAS idarəetməsindən azad edilir, hakimiyyət müxalifətlə bölünür və s. İndi də İsrail mənbəyi xəbər verir ki, bizim zərbələrimiz nəticəsində İran Suriyadan gedir. Bu bir media basqısı da ola bilər. İsrail Suriyada İrana zərbələr endirir, amma cavabsız da qalmır. Ümumiyyətlə, regionun bir çox yerlərində İran-İsrail qarşıdurması gedir. Sadəcə, İran obyektiv və subyektiv səbəblərə görə bunun açığa çıxmasının o qədər də marağında deyil. Həm də unutmayaq ki, İsrail təkbaşına deyil, Amerikanı arxasına alıb İranın üstünə gedir. Suriyada vəziyyətə gəldikdə, bəlkə əvvəlki kimi olmasa da, İran siyasi-hərbi cəhətdən yenə bu ölkədə var və tam məğlub olmayana qədər heç yerə gedən deyil. Necə ki, bir neçə dəfə elan edilmələrinə rəğmən nə Rusiya, nə də ABŞ Suriyadan getmədilər. İlk baxışda Suriyada indi iki əsas aktyor Rusiya ilə Türkiyədir. İran elə bil bir az arxa plana çəkilib. Amerika və İsraildən başqa Rusiya da İranın Suriyadan getməsinin marağındadır. Bu həm Suriyaya tam sahiblənmək istəyindən irəli gəlir, həm də İrana görə Amerika və İsraillə üz-üzə gəlməmək nəticəsidir. Suriyada İran təkcə İsraillə savaşmır, həm də müttəfiqi Rusiya ilə də çatışmalarda olur. Son 2 il ərzində Suriyada ruslara bağlı olan qüvvələr farslara aid olan hərbiçilərin mövqelərinə bir neçə dəfə hücum təşkil ediblər. Bunların heç biri təsadüfi olmayan hadisələrdən xəbər verir. Təkcə Türkiyə deyil, həm də İran Suriyada təklənmiş vəziyyətdə ola bilər. Bu da İslam dünyasının bu 2 vacib dövlətini bir-birinə yaxınlaşdıra bilər. Necə ki, Qasım Süleymaniyə hücumdan sonra İran Türkiyəyə imperialist qüvvələrə qarşı birləşmək təklifi etmişdi. Buna oxşar təkliflər yenə ola bilər. Necə ki, İdlib böhranında Tehran Moskvasız Ankaraya danışıqlar masasında oturmağı təklif etmişdi. Belə olan halda ən azından Suriya cəbhəsində yeni konfiqurasiya qurula bilər. Düzdür, indiki halda Türkiyənin buna getməsi az inandırıcı görsənmir. İranla bir yerdə olmaq Amerika və İsraili qarşısına almaq deməkdir. Amma bu, İran-Rusiya ittifaqını pozacaqsa, risk etməyə dəyər. Suriyada Amerika-İsrail-Rusiya blokuna qarşı Türkiyə-İran müttəfiqliyi yaransa, bu təkcə Suriya deyil, regionda kartların yenidən bütün maraqlı oyunçulara paylanılması deməkdir. Düzdür, hələlik heç bir Amerika-İsrail-Rusiya bloku yoxdur, amma illərdir Rusiyanın İsraillə Suriya və digər məsələlərdə əməkdaşlığı var. 2 il bundan əvvəl İsrail rus hərbi təyyarəsini vuranda Moskva bunun üstündən keçdi. Hər iki tərəf bunun səbəbkarı kimi Suriya qırıcılarını göstərməklə məsələnin üstündən keçdilər. İranla İsraili təkbətək buraxsan, birincilər ikinciləri uzağı ətlə əzib keçərlər. İsrail İranın ancaq atom bombasını tətbiq etməklə qarşısını ala bilər. İsrailin qeyri-rəsmi atom bombasına malik olması sirr deyil. İsrail Livanda İranın vassalı Hizbullahı məhv edə bilmir. Bir neçə il bundan əvvəl baş verən Ərəb-İsrail müharibəsində Livan cəbhəsində İsrail dövləti, Hizbullah hərbi qruplaşmasının müdafiə redutlarını qıra bilmədi. Bu uğursuz hərbi əməliyyata rəhbərlik edən israilli general istefaya göndərildi. Yuxarıda qeyd etdiyim kimi, İsrail İranla qarşıdurmada təkbaşına deyil, Amerika ilə birlikdədir. Bu da İranın əl-qolunu bağlı edir. Amma indiki şərait və şərtlər altında İran Suriyadan heç yerə gedən deyil. Ələlxüsus da İsrailə görə ümumiyyətlə, gedən deyil. İsrail elə güc deyil ki, təkbaşına İranı Suriyadan çıxarda bilsin”.
