|
“Qara bazar”da dəyəri 10 milyon dollar olan narkotik əməliyyatı

Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir; deputat narkomafiyanı ayaqda saxlayan başlıca amili açıqladı

Xəbər verdiyimiz kimi, 115 kq narkotik vasitənin və odlu silahların ölkə ərazisinə qanunsuz yolla gətirilməsinin qarşısı alınıb. Narkotik və silah mayın 4-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində tutulub.

Belə ki, Beyləqan rayonunun Əhmədli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində boz rəngli VAZ-2107 markalı avtomobilin əraziyə yaxınlaşması, avtomobildən bir nəfərin düşərək özünü şübhəli aparması və ətrafı müşahidə etməsi sərhəd naryadının diqqətini cəlb edib.

Sərhəd naryadı təlimata uyğun maskalanaraq həmin şəxsin hərəkətini nəzarətdə saxlayıb, ağacın altından bir neçə bağlama götürərək avtomobilə doğru hərəkət edən zaman ona “dayan” əmri verib. Lakin həmin şəxs əmrə tabe olmayıb, sərhəd naryadına qarşı müqavimət göstərməyə və hadisə yerindən qaçmağa çalışıb. Buna baxmayaraq, sərhəd naryadı tərəfindən saxlanılıb.

Onun saxlanılmasını görən “VAZ-2107" markalı avtomobilin sürücüsü avtomobili sərhəd naryadının digər üzvlərinin üzərinə sürərək onların həyatına sui-qəsd edib və hadisə yerindən uzaqlaşıb. Sürücünün şəxsiyyəti müəyyənləşdirilib, hazırda saxlanılması üzrə əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Saxlanılmış şəxsin 1970-ci il təvəllüdlü, Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olmuş və hazırda həmin kənddə yaşayan, Rusiya Federasiyasının vətəndaşı Şükür  Mehdiyev olması müəyyənləşdirilib, onun avtomobilə daşıdığı və ağacın altında qalan  bağlamalarda ümumi çəkisi 115 kq olan heroin, tiryək, marixuana və metafetamin növündə narkotik vasitələr, 1 ədəd 9 mm kalibrli “Pak Retay-11" markalı tapança, 8 ədəd 9 mm kalibrli güllə, 1 ədəd daraq, 1 ədəd 12 kalibrli ”Kral maqnium" markalı ov tüfəngi, 19 ədəd 12 kalibrli İran istehsalı olan “Mahama” markalı güllə aşkar olunub.

Faktla bağlı Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq), 228-ci (qanunsuz olaraq  silah satma, saxlama, daşıma və gəzdirmə), 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb. Cinayətkar qrupun  digər üzvlərinin cinayət məsuliyyətinə cəlb olunması üzrə zəruri əməliyyat-istintaq hərəkətləri davam etdirilir.

İrandan Azərbaycan ərazisinə narkotiklərin daxil olması yeni xəbər deyil. Son vaxtlar Dövlət Gömrük Komitəsinin əməkdaşları bu istiqamətdə bir neçə uğurlu əməliyyat gerçəkləşdiriblər.

Arzu Nağıyev: “Bu saziş Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır”

Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən  Arzu Nağıyev “Yeni Müsavat”a bildirib ki, Azərbaycanın İranla sərhəd olması və İranın Əfqanıstanla qonşuluqda yerləşməsi son nəticədə ölkəmizə narkotik axınının davamlı olmasına gətirib çıxarır: “Koronavirus pandemiyası ilə bağlı ölkələrarası sərhədlər qapalı olsa da, tranzit daşımaları davam edir. Narkotiklərin əksəriyyəti gömrükdən kənar, sərhədlərdəki zəif, gizli yerlər vasitəsilə keçirilir. SSRİ dönəmində İranla həmsərhəd rayonlarda xüsusi rejim tətbiq olunurdu. Həmin rejim əraziyə gəlib-gedənləri nəzarətdə saxlamağa imkan verirdi. Azərbaycan müstəqillik qazanandan sonra xüsusi rejim də ləğv olunub. Həmin zonaya gediş-gəliş sərbəstləşdi. Narkotranzitlə məşğul olanlar da xüsusi rejimin  ləğvindən öz maraqları üçün istifadə etməyə başladılar. Əfqanıstandan Avropaya narkotik daşınmasının ən asan yolu Əfqanıstandan İran-Azərbaycan-Gürcüstan-Ukrayna-Moldova marşrutudur. Azərbaycan yerləşdiyi coğrafi məkan baxımından narkotiklərin daşındığı yolun bir hissəsidir. Qaçaqmal narkotik daşınması, silah alveri sərhədlərin açıq və qapalı olmasına rəğmən bir an belə dayanmır. Transmilli cinayətkar şəbəkələr üçün pandemiya, xüsusi sərhəd rejim qaydaları yoxdur. Bu şəbəkələr daim öz cinayətkar əməllərini davam etdirəcəklər. Tranzit kanallar fəaliyyətdədir. Hüquq-mühafizə orqanlarının səyləri nəticəsində bu cinayətlərin əhəmiyyətli hissəsinin qarşısı alınsa da, sızmalar var. Əsas məqam ondan ibarətdir ki, bu cinayətlər kuryerlər vasitəsilə həyata keçirilir. Kuryer həbs olundu, yeni bir kuryer tapılır. Ağır narkotiklər - kokain Cənubi Amerika ölkələrindədir, Qızıl üçbucaq adlanan ərazi - Vyetnam və digər zona və hamıya bəlli olduğu kimi, Əfqanıstanda isə böyük narkoplantasiyalar mövcuddur. Bu 3 nöqtədən narkotiklər dünyanın hər tərəfinə daşınır və bu daşımaların marşrutları illərdir ki, əsasən dəyişməz qalır. Əfqanıstandan Avropaya narkotik daşımalarında ən uyğun marşrut ölkəmizin də olduğu marşrutdur”.

Deputat Arzu Nağıyev deyib ki, narkobiznesdə ağlasığmaz dərəcədə böyük pullar dövr edir və bu, cinayətkar şəbəkələri ayaqda saxlayan əsas məqamdır: “1 qram heroinin ”qara bazar"da qiyməti 100 dollardır. Əgər İrandan Azərbaycana 105 kiloqram heroin keçirilibsə, bu malın qiyməti “qara bazar”da 10 milyon 500 min dollardır. Heroin tiryəkin emalından sonra alınır.

828 milyon dollarlıq narkotik maddə müsadirə edildi

Kokainin Bakıda 1 qramı 400 dollardır. 1 qram kokain dozası istifadəçiyə 3-4 gün ərzində bəs edir. Əfqanıstandan Avropaya heroin, Cənubi  Amerikadan isə kokain daşınır. Kokain koka ağacından alınır. Heroin də, kokain də təbii tərkiblidir. Son vaxtlar süni narkotiklərdən də istifadə geniş yayılıb. Narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması üçün Mərkəzi Asiya Regional İnformasiya Mərkəzi mövcuddur. Bu mərkəzdə narkotiklərin qanunsuz dövriyyəsi haqda məlumatlar toplanır və müvafiq addımlar planlaşdırılaraq atılır. Həmin koordinasiya mərkəzində narkotrafikin qarşısının alınmasında iştirak edən müxtəlif dövlətlərin hüquq-mühafizə orqanlarının nümayəndələri təmsil olunurlar. Son 10 ildə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə xeyli gücləndirilib. Və mübarizənin daha kəsərli olması üçün də addımlar atılmaqdadır. Təbii ki, narkomafiyalar da əllərini sallayıb oturmurlar. Narkotik daşınmasında yeni-yeni üsullar axtarıb tapırlar. Maye sabun, qida məhsulu və s. adlar altında narkotik daşımaları faktları məlumdur. Yəni hüquq-mühafizə orqanları səylərini artırdıqca, narkomafiyalar da yeni üsullara əl atırlar. Ümumiyyətlə isə narkotik, insan orqanlarının, silahların alveri dünyada ən böyük qanunsuz dövriyyədir. Bu dövriyyəni bir qərarla durdurmaq mümkünsüzdür. Yalnız bu dövriyyəni kiçiltmək, miqyasının genişlənməsinə qarşı addımlar atmaq olar. Bu bütün dünyada bəladır".

Deputatın sözlərinə görə, nə qədər ki, narkotiklərdən istifadə edən insanlar var, o qədər də həmin narkotikləri əkib-becərən, daşımasını gerçəkləşdirənlər olacaq.

“Azərbaycanın işğal altında olan ərazilərində silah alveri, narkotik vasitələrin yetişdirilməsi və Avropaya satılması ilə məşğul olurlar. Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər narkotrafik vasitəsilə qazanc əldə edirlər. Narkotik vasitələrdən istifadə problemi dünyanı narahat edən qlobal məsələlərdən biridir. Beynəlxalq səviyyədə bu bəla ilə mübarizə sahəsində xeyli konvensiyalar, sənədlər qəbul edilib. Dövlətlər bu konvensiyalara qoşulub və öz milli qanunvericiliklərində qanunlar, normativ hüquqi sənədlər qəbul ediblər. Lakin bu qanunların işləməsi, onlara nəzarət mexanizmi olduqca ciddi məsələdir. Bu gün Əfqanıstanda 400-dən çox narkotik maddə yetişdirən laboratoriya var. Həmin laboratoriyaların mövcudluğundan hamı xəbərdardır. Hazırda dünyada istehsal edilən narkotik vasitələrin çəkisi tonlarladır. Dünya əhalisinin yarısından çoxu azı bir dəfə narkotik maddədən istifadə edib. Narkotrafik terrorizmlə də sıx bağlı olan məsələdir. Terrorizmin maliyyə mənbələrindən biri də narkotik vasitələrin satışından əldə edilən pullardır. Digər tərəfdən, yoxsulluq, işsizlik problemləri də aradan qaldırılmasa, bu məsələ həllini tapmayacaq. Əlbəttə, yaxın 20-30 ildə bu bəlanın kökünü kəsmək mümkün deyil. Bu problemin həlli yalnız dünya dövlətlərinin birliyi sayəsində mümkündür”.