|
Bir ayda Azərbaycanda əhaliyə 480 milyon manat sosial ödəniş həyata keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri üzrə müəyyən edilmiş proqnoz 105,5 faiz həcmində icra edilib. Əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində Fondun xərclərinə qənaət hesabına yaranmış 200 milyon manatlıq ehtiyatı bu sahədə əhəmiyyətli dəstək olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, aprel ayında Azərbaycanda 2,3 milyon şəxsə sosial ödənişlər (o cümlədən, 1 milyon 270 min nəfər pensiya, 418 min nəfər müavinət, 298 min nəfərə təqaüd, 82 min 300 ailənin 342 min üzvünə ünvanlı sosial yardım) həyata keçirilib. Bu istiqamətlər üzrə əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz və ya 103 milyon manat çox olmaqla 480 milyon manatdan artıq vəsait ödənilib: “Son bir ayda bu sosial təminat növləri üzrə ödənişlər ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 154 min nəfər çox insanı, 2,3 milyon vətəndaşı əhatə etdi”.

2020-ci ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci ilin 1 yanvar tarixinə nisbətən 12 faiz və ya 31,74 manat artaraq 2020-ci ilin 1 may tarixinə 295,3 manat təşkil edib. 2020-ci ilin 1 may tarixinə yaşa görə pensiyaların orta aylıq məbləği isə 329 manatdır: «Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 64,24 manat və ya 27,8 faiz artıb. Bu isə pandemiya şəraitində pensiyaçılarımızın maddi təminatının qorunmasına ciddi dəstəkdir”.

Qeyd edək ki, 2020-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manata çatıb.